“Sən unudulmursan, bu xoşbəxtlik deyilmi?”

 

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O “Züleyxa”, “Təhminə”, “Kleopatra”, “Şölə” və s. bu kimi obrazları ilə səhnəyə çıxan xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır! İllərdir efirlərdən və mətbuatdan uzaq düşən aktrisa bu gün doğum gününü qeyd edir.

 

Özünün də dediyi kimi, sonuncu dəfə efirə nə vaxt çıxdığını, mətbuata nə vaxt müsahibə verdiyini unudan sənətkar əlamətdar günündə illər sonra özəl olaraq Moderator.az-a açıqlama verib.

 

“1 il geridə qaldı və ömrümüzdən getdi. Amma həyat davam edir. Bu son 2 il göstərdi ki, əsas can sağlığıdır və hər şəraitdə insan olaraq qalmalısan. Bu illər insanlığa imtahandır. Əfsuslar olsun ki, bəzi insanlar bunu anlamır. Təbii ki, bu doğum günümdə də öz ailəmlə, yaxınlarımla birlikdə olacam. Bir də bilirsiniz ki, bu dəfəki ad günüm bizim müqəddəs ayımıza və hətta Qədr gecəsinə təsadüf edir. Mən bununla xoşbəxtəm” deyə xalq artisti Zemfira Nərimanova deyib. O daha sonra “Doğum gününüzdə ən maraqlı hədiyyəni kimdən almısınız?” sualına belə cavab verib.

“Doğum günümdə böyük də, kiçik də hədiyyə almışam. Amma ən əsası budur ki, o hədiyyə ürəkdən, xala xətri qalmasın deyə verilsin. Bu il də hər il olduğu kimi gecə saat 12-ni keçən kimi, aprelin 20-i gələn kimi məni istəyənlər, bu ağır ildə anadan olduğumu unutmayanlar məni təbrik etməyə başladılar. Və bu gözləmədiyim və mənim üçün təəccüb doğuran hadisədir. Bəzi vaxtda hətta insan anasının ad gününü unudur. Bu məgər xoşbəxtlik deyilmi, sən unudulmursan?!!” deyə sənətkar bildirib.

 

Sənətkar efirlərə çıxmamağını, mətbuata müsahibə verməməyini belə izah edib.

 

“Tamaşaçıların gözü hər dəfə məni axtarır. Onlara maraqlı olmağımın səbəbi efirlərə çıxmadığıma, müsahibə vermədiyimə görə deyil. Ona görə onlara maraqlıyam ki, sənətimə hər zaman hörmət etmişəm və bu hörmətin də iki qatını özümə qarşı görmüşəm. Bir aktrisa kimi çox tələbkaram. Özümü sənətdə yox, sənəti özümdə sevirəm. Demək olar ki, 30 ilə yaxındır heç bir televiziya verilişinə qatılmıram. Desəm ki, dəvət etmirlər, bu böyük yalan olar. Bu mənim seçimimdir, elə belə çıxıb özümü göstərməyi, boş-boş dedi-qodu söhbətlərini heç xoşlamıram. Hər zaman çalışmışam ki, mənim sənətim tamaşaçılara maraqlı olsun” deyə sənətkar bildirib.

Xalq artisti illər öncə Peterburqda çəkilən “Zemlya obetovannaya” filmində başına gələn hadisəni də Moderator.az oxucuları ilə bölüşüb.

“Sənət adamı filmə çəkiləndə, yaxud tamaşa oynayanda bir çox gözlənilməz hadisələrə hazır olmalıdır. Mən Peterburqda “Zemlya obetovannaya” filminə çəkiləndə böyük çətinliklərlə rastlaşdım. Çox soyuq hava idi, qar yağırdı. Peterburq şəhərinin soyuğu isə kəskin idi. Mən çox nəzik bir donla filmə çəkilirdim. Bakıya gələr-gəlməz xəstəxanaya düşdüm. Filmdə belə bir səhnə var ki, mən çantadan güzgünü götürüb, özümə baxmalıyam. Əllərim o qədər donmuşdu ki, barmaqlarımı hiss edə bilmirdim. Çantanı əlimə götürüb, aça bilmədim. Bu zaman əsəbdən gülməyə başladım. Rejissor hirsləndi ki, bu aktrisanı kim belə güldürür? (gülür). Vəziyyəti ona başa salandan sonra özü də güldü. Bütün bu çətinliklərə baxmayaraq gözəl film ərsəyə gəldi. Hətta onu da deyim ki, bu film Kann və bir çox nüfuzlu festivallarda nümayiş olunub. Həmin film Parisin İncəsənət Universitetində xüsusi dərslik kimi istifadə olunur” deyə xalq artisti bildirib.

 

Sənətkar bildirib ki, Akademik Milli Dram Teatrının səhnəsində xalq artisti Hökümə Qurbanovadan sonra Kleopatra obrazını məhz özü oynayıb.

“Hökümə xanım çox böyük sənətkar idi. Amma qızı, rəhmətlik Vəfa Fətullayevaya görə məni bir az qısqanırdı. “Kleopatra” tamaşasından sonra mənə yaxınlaşıb demişdi ki, “səhnəni sənə tapşıra bilərəm”. Mən onun böyüklüyünü bu zaman anladım. Təbii ki, bu sözlər mənim üçün çox böyük alqış idi” deyə xalq artisti bildirib.

 

Onu da qeyd edək ki, sənətkar teatr fəaliyyəti ilə yanaşı uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub. Onun dərs dediyi tələbələrin əksəriyyəti bu gün ölkənin müxtəlif teatrlarında çalışır və filmlərə çəkilir. Biz də sevilən sənətkarı doğum günü münasibəti ilə ürəkdən təbrik edirik. Tamaşaçı alqışı sizi heç bir zaman tərk etməsin, əziz Zemfira xanım!

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button