“Kəlbəcərdən qayıdarkən Murovun zirvəsində atəşə tutulduq, helikopterin sağ bakı deşildi…”

“Səma mənim həyatımdır, çünki havada uçmaq asan iş deyil. Bu insandan həm cəsurluq, həm də böyük məsuliyyət tələb edir. Rəhmətlik anam deyirdi ki, ya suyun altına girirsən, ya göydə uçursan. Yerdə iş tapmadın? Mənim əsas fəaliyyətim məhz 1-ci Qarabağ müharibəsi illərinə təsadüf edir. Qarabağ müharibəsi veteranıyam. Döyüş zonasında 1557 dəfə uçuş keçirmişəm. İdarə etdiyim helikopterlərdə 1500-ə yaxın nəfər yaralı döyüşçü, 2288 nəfər qaçqın, tonlarla döyüş sursatı, tibb ləvazimat, ərzaq daşımışam. Qarabağda gedən döyüşlərdə erməni qruplaşmalarının məhv edilməsində də yaxından iştirak etmişik. Məni pilot sənətinə həvəsləndirən də elə vətənə olan sevgim olub”.

 

Bunu Moderator.az-a açıqlamasında 80 yaşlı pilot Kazım Abbasov deyib. O daha sonra əlavə edib.

“Mən uşaqlıqdan fikirləşirdim ki, necə olursa-olsun əlim təyyarəyə dəysin. Əlim təyyarəyə dəyəndən sonra hər şey yolunda getdi. 40 il uçdum, 40 ilin içində 22500 saat uçuş saatım olub. Əgər lazım olsa indi də uçaram. Biz uşaqlıqda xalq artisti Tariyel Qasımovla bir həyətdə böyüyürdük, mənə dedi ki, gedək teatra aktyor ol. Ora getmədim, gedib ərizə yazdım ki, məni uçuş heyətinə qəbul edin. Bir neçə gün sonra evimizə teleqram gəldi ki, səni uçuş heyətinə qəbul ediblər. Əvvəllər uçmağa Y-18 təyyarəsində başlamışam. Elə sevinirdim ki, uşaq kimi. 1965-ci ildə birinci dəfə M-4 vertolyotundan yıxıldım, bel sümüyümü sındırdım. Papanində Qospitala yerləşdirdilər məni, yalandan dedim ki, özümü yaxşı hiss edirəm, yenə də işimin başına qayıtdım. Cavan oğlan idim, 24 yaşım var idi. Kim gəlirdi, soruşurdu ki, bizi bu cavan oğlan aparır? 28 yaşında M-8-in komandiri oldum” deyə qocaman pilot bildirib.

 

80 yaşlı müsahibim 1-ci Qarabağ müharibəsindəki fəaliyyətindən də danışıb.

“İdarə etdiyim helikopter uçuşlar zamanı düşmən tərəfindən dəfələrlə güclü atəşə tutulsa da insan və texnika itkisinə yol vermədən başımıza çarə qılmışıq. Müharibə vaxtı Xocalı, Laçın, Fizuli, Ağdam və s. döyüş bölgələrindən insanları təxliyyə etmişəm. Ən çətin uçuşum isə Kəlbəcərdən insanları çıxararkən olub. Mən M-8 vertolyotu ilə Kəlbəcərə getdim, orada camaatı xilas etmək lazım idi. Bizim vertolyotlar hamısı işləyirdi, xalqı çıxarırdı. 35 nəfər oturdu vertolyota, bu elə bir vertolyotdur ki, güclə havaya qalxdıq. Gəldik Murovdağa, Murovdağın 3200 hündürlüyündən güc-bəla ilə keçdik. Murovdağı keçən kimi başladılar bizi atəşə tutmağa. Helikopterin sağ bakı deşildi. O dəqiqə helikopteri yavaş-yavaş aşağı endirməyə başladım, onların bu müqavimətini də dəf etdik. Laçından yaralıları çıxaranda axşama düşmüşdük. Onlara dedim ki, işıqları yandırmayacam, yandırsaq ermənilər bizi vurar. Fizulini sağ-salamat keçəndən sonra işıqları yandırdıq. Yaralıların sevinc göz yaşları hələ də gözümün qabağındadır. Ümumilikdə təxminən 1500-ə yaxın Qarabağ əhalisini mən və dostlarım xilas etmişik” deyə Kazım Abbasov bildirib.

Kazım Abbasov gənc pilotlara da öz məsləhətlərini verib.

 

“Uçuş maraqlı və macəra doludur. Mən hər zaman deyirəm ki, havaya qalxdın, ayağın yerdən ayrıldı, Allahlasan, qayıtdın da Allahlasan. Gənc pilotlara demək istəyirəm ki, birinci növbədə sağlamlıqlarına önəm versinlər. Bu gün vaxtım olsaydı onları özüm öyrədərdim. Mən həmçinin  Əfqanıstan, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan və s. ölkələrdə də uğurlu uçuşlar həyata keçirmişəm. Hal-hazırda bu sahədə mühəndis vəzifəsində çalışıram” deyə pilot bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button