“Mənim bir evim olacaq, o da məzar, bilmirəm heç o məzar da mənə qismət olacaq, ya yox?”

“Allahdan başqa heç kimə ehtiyacım yoxdur, əgər nəsə olacaqsa bilirəm ki, onu Allah kiminsə əli ilə mənə yetirəcək. Allah istəməsə heç nə olmaz! Ora-bura qaçıram, özümü oda-közə vururam ki, qazanc əldə edib, ailəmi saxlaya bilim. Məni tək qadınlar, övladı xəstə olan analar yaxşı başa düşə bilər. 18 ildir ki, kirayədə yaşayıram. Bəzən deyirəm ki, mənim bir evim olacaq, o da məzar. Heç bilmirəm o məzar da mənə qismət olacaq ya yox?! Əlbəttə ki, mənə çətindir. Bilmirəm övladımın səhhəti üçün lazım olan dərmanları alım, yoxsa kirayə pulunu ödəyim. Bizdə də çəkiliş olmadısa teatrın maaşı ilə dolanmaq mümkün deyil. Gərək çəkilişin ola, ya da şəxsi biznesin. Bacardığım tək budur, çəkilərək pul qazanmaq”.

Bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Mətanət Eres-Əhmədova deyib. Sənətçi sənət aləmində üzləşdiyi haqsızlıqlardan da danışıb.

“Bizim sahədə bir çox hallarda istedada qiymət vermirlər. Kim kimin tanışıdırsa, onu həmin çəkilişə “soxuşdurur”. Hətta bir dəfə demişdilər ki, Rusiyadan bir rejissor gəlib, yalnız sənin şəkilini bəyənib. Şamaxıda üzüm plantasiyasında reklam çəkilişi olmalı idi, hətta qiyməti də danışıb razılaşmışdıq. Mən də oturub gözləyirəm, bir də onu eşitdim ki, reklam çəkilib qurtarıb. Mən qiyməti baha dediyimə görə, məndən daha ucuz çəkilən bir aktrisanı reklama dəvət etmişdilər. Bizdə aktyorların birliyi yoxdur. Ona görə də aktyora hörmət qoymurlar, qiymət oxuyanda, deyirlər ki, filankəs ucuz çəkilir. Gedib taksi sürücüsü işləyərəm, amma ucuz qiymətə çəkilmərəm. Bəzən deyirlər ki, dostuq, qardaşıq, sirdaşıq. Daha bəsdir də! Dostuq, qardaşıqsa sən elə artıq ver, qoy mən xərcləyim də. Niyə mən işləməliyəm, sən qazanmalısan?! Mən evdə uşaqlara dost, qardaş, məşhurluq yedizdirmirəm, ət, çörək yedizdirirəm. Buna görə də normal pul deyib, çəkilmək lazımdır. Bəzən də zəng edib bank reklamlarına dəvət edirlər. Özü də ucuz qiymətə! Bank da ağlasın ki, pul yoxdur, biz də?! Mən bilirəm ki, banklar normal pul ayırır, sadəcə prodüsserlər mənimsəyir. Hər şey bahalaşır, bir bu aktyorların pulu bahalaşmır” deyə aktrisa bildirib.

 

Aktrisa Mətanət Eres-Əhmədova anasının taleyini yaşadığını bildirib.

“Anamın 4 övladı var, bir tək mənim barımı görüb. Mənim 2 övladım var. Bir qardaşım xəstədir, o biri də… Eh nəysə! İnşallah ki, Allah mənə anamın yaşadığı taleyi yaşatmaz, mən uşaqlarımın barını görərəm. Amma anamın xəstə övlad baxımından çəkdiyi əziyyətləri mən də yaşayıram. İş orasındadır ki, mən o vaxtı da qardaşımda bu əziyyəti yaşamışam, indi də oğlumda yaşayıram. Bu ağrılar mənimlə ölənə qədər gedəcək. Mən məzarımda belə oğlumdan narahat olacam. Onun üçün deyirəm ki, heç nə istəmirəm, övladımın qarşısına mənim kimi bir insan çıxsın. Mən o zaman rahat yaşayacam. Hər şey Allahın əlindədir, bilmirik başımıza nə gələcək?!” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button