“Evimi rəfiqəm dağıtdı, bulvarda kolların dibində gecələdim, uşaq evində böyüdüm”

“Həmişə rol alanda çox ciddiləşirəm. Fikrimi-zikrimi həmin rola, obrazın mahiyyətini açıb göstərməyə çalışıram. Hiss etmirəm ki, ya səhnədəyəm, ya da çəkiliş meydançasında. Elə bilirəm ki, bu hadisə mənim başına gəlib, obrazımın yox. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışmışam, teatrda bir-birindən maraqlı xarakterlərə həyat vermişəm. Hal-hazırda isə “Bir qadın” serialında çəkilirəm. Gənclərlə çalışmağın özü də bir gözəllik, təravətdir”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sona Babayeva deyib. O daha sonra çətin keçən uşaqlıq illərindən danışıb.

“Ata-anamı erkən itirdiyimə görə uşaq evində böyümüşəm. Uşaq evində heç vaxt əziyyət çəkməmişəm, hətta deyərdim ki, ən gözəl illərimi burada yaşamışam. Mənim Ağalarova Bahar adlı bir müdürəm var idi. O özü də çətinliklə böyüdüyündən  bizi çox yaxşı başa düşürdü. Biz ona Bahar xanım yox, “anacan” deyirdik. Bir dəfə anasızlığımdan şikayətlənəndə, mənə dedi ki, “Soniçka, sən heç kəsə demə ki, sənin anan yoxdur. Mən sənin ananam”. 10-cu sinifi bitirəndən sonra sənədlərimi İncəsənət Universitetinə verdim. O vaxt belə idi ki, universitetə daxil olandan sonra sən uşaq evindən çıxmalı idin. Heç kimim də yox idi, hara gedim?! Dərsim 2-ci növbə başlayırdı, dərsdən çıxandan sonra kafedə yemək yeyib, axşam bulvara gəlirdim. Görürdüm ki, insanlar seyrəkləşdi, kolların arasına girib yatırdım. Daha sonra gördüm ki, soyuqlar düşür, çöldə dözə bilmirəm. Gəlib universitetdə uşaqlara dedim ki, mən universitetdən çıxıram. O vaxt bizim kursda məşhur sənətkarlar oxuyurdu. Şahmar Ələkbərov dedi ki, gedək bizdə qal, Həsən Əbluc da dedi ki, gedək bizə. Hərəsində 1 ay qaldım. Daha sonra Ağaxan Salmanlı müəllimin istəyi ilə mənim üçün 1 otaqlı kirayə ev tapdı. Bu günümə, yaşayışıma şükürlər olsun” deyə aktrisa bildirib.

 

Sona Babayeva şəxsi həyatından da danışıb.

“Sevib ailə həyatı qursam da ailəm rəfiqəm tərəfindən dağıldı. Yoldaşım mənə onunla xəyanət etdi, mən bu xəyanəti götürmədim. Oğlumu tək böyütdüm, toyunu da teatr etdi” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button