“Azərbaycan deyəndə ağlıma Naftalan, Gəncə, Bakı şəhərləri, “Leyli və Məcnun” gəlir”

Türkiyənin məşhur aktyoru Ayhan İşık Moderator.az-ın suallarını cavablandırıb.

 

-Ayhan bəy, öncə təşəkkür edirəm ki, müsahibə təklifimə razılıq verdiniz. Azərbaycandan sizə qucaq dolusu salamlar. Ölkəmiz haqqında məlumatınız varmı?

-Məndən də qardaş ölkəyə qucaq dolusu salamlar! Əlbəttə, məlumatım var. Elə şey olar ki, məlumatım olmasın? Azərbaycan bizim qardaş ölkəmiz, mənim isə ən çox sevdiyim ölkələrdən birincisidir. Bir neçə ildir ki, film və serial təklifləri alıram, bəlkə may ayında gəldim. Azərbaycan deyəndə ağlıma ilk Bakı, “Leyli və Məcnun”, Gəncə və Naftalan şəhərləri gəlir. Orada çox dostlarım var.

 

-Sizi Azərbaycanda “Eşkiya dünyaya hökmdar olmaz” serialındakı Sibiryalı obrazı ilə daha çox tanıdıq. Təbii ki, illər öncə çəkildiyiniz “Kurtlar vadisi” və s. film və seriallardan da izləmişdik. Bu rol sizə nələr öyrətdi?

 

-İllər öncə “Kurtlar vadisi-Pusu” serialında rus generalı Vladimir obrazını canlandırdığım üçün, Raci Şaşmaz məni “Eşkiya dünyaya hökmdar olmaz” serialında da Sibiryalı obrazına dəvət etdi. Birlikdə işlədik və qərara aldıq ki, Sibiryalı obrazı necə olmalıdır?! Hər kəsin xatirəsində qalan bir obraz yaratdıq. Çox çətin bir obraz idi, mənə elə gəlir ki, uğurla oynamışam. Bu rol onu göstərirdi ki, bir insan pul üçün nələr edib, hansı çirkinliklərə əl ata bilər?! Çəkiliş kollektivini və seti çox sevdim. Həyat səhnələrdən ibarətdir! Biz də obrazımızı oynayıb, dünyadan köçəcəyik!

 

-Teatr həyatınızdan nələr danışa bilərsiniz?

-Gənc, hətta daha doğrusu uşaq yaşlarında teatrda işləməyə başlamışam, insanların içində olmuşam. Ona görə də enerjiliyəm və mənə elə gəlir ki, bu enerjimi ətrafıma da yansıtıram. Hər zaman demişəm ki, filmdə çəkilən aktyor məşhur, serialda rol alan aktyor daha imkanlı olar, amma teatr bir aktyoru hər zaman ən yaxşı edər.

 

-Təsirindən çıxa bilmədiyiniz obrazlar var?

 

-Əlbəttə, var. Bu mənim idealım Al Paçinonun “Goodfather” filmində oynadığı obrazdır. Ümumiyyətlə onun bütün filmlərini çox sevirəm.

 

-Nə vaxtsa sənətinizi yarımçıq qoyub, bu sahədən getmək istəmisiniz?

 

-Xeyr! Mən düşünürəm ki, bir aktyor, sənətkar heç vaxt öz işindən ayrılmamalıdır! Bəli, bəzən bizlərə təkliflər gəlmir, işsiz qalırıq, amma biz buna aktyorlar arasında zaraftaca “dəmlənmə zamanı” deyirik (gülür).

 

-Özünüzü adətən necə həvəsləndirib, motivasiya edirsiniz?

 

-Hansı rolu oynasam da, nə qədər tanınmış olsam da hər zaman özümə “sən sadəcə aktyorsan, çəkilişin bitən kimi öz evinə və həyatına dönəcəksən” deyə pıçıldayıram. 

 

-Sizcə türkiyəli tamaşaçılar hansı serialları izləməyi sevirlər?

-Son zamanlar yaşadığımız maddi sıxıntılar, pandemiya ilə bağlı yaşanan çətin günlər insanları öz həyatları mövzusunda bir çox qərarlar verməyə gətirib çıxardı. Təbii ki, bu durum ən çox film rəhbərlərinə və aktyorlara yansıdı. Qısacası film və serial sektoru bir az inkişafdan geri qaldı. Bu da ortaya maddiyat sıxıntısını gətirib çıxardı. Kimsə film çəkilişinə başlayıb, onun daha sonra uğursuzluqla nəticələnməsini istəməz. İzləyicilərin hal-hazırda nəyi izləyib, izləməyəcəyi mövzusunda normal düşünmədiklərini hiss edirəm. Bu vəziyyət də serialların tez-tez final etməsinə, bu sahədə rejissor və prodüsserlərin işsiz qalmasına səbəb olur.

 

-Kriteriyalarınız nədir?

 

-Mən çoxseriyalı film və seriallarda mütləq şəkildə bir menecerlə çalışıram. Çünki menecer siz çəkilişdə olarkən sizin bütün haqlarınızı müdafiə edir, bu da ortaya daha yaxşı obraz ərsəyə gətirib çıxarmağıma kömək edir.

 

-Bir az da şəxsi həyatınızdan danışmağınızı istərdim.

 

-Mən uzun illərdir tək yaşayan bir insanam. Oynadığım xarakterlərdə yalnız, tək yaşamağım mənə bəzən köməklik edir, amma bu vəziyyət məni yavaş-yavaş həqiqi həyatdan da uzaqlaşdırır. Bunu özümə dərd etmirəm, çünki təkliyim ilə dost olmağı bacara bilmişəm.

 

-Bilirəm ki, sizin çəkilişləriniz çox olur, çox gərgin rejimdə çalışırsınız. Nəyə daha çox ehtiyacınızın olduğunu düşünürsünüz?

 

-Gərgin işləyən bir insanın sadəcə zaman ehtiyacı vardır. İnsanın özünə vaxt ayırması üçün də zamana ehtiyacı var. Əlimdə imkan olsaydı zamanı saxladardım (gülür).

 

-Siz həm də bir çox aktyorlar yetişdirib, teatr və kinoya bəxş etmisiniz. Sizcə hər təhsil alan şəxs aktyor ola bilər?

 

-Əgər bunu ürəkdən və həqiqətən istəyirsə, əlbəttə ola bilər. Yaxşı bir aktyor olmaq istəyən şəxs, öncə sənətinə dəli kimi aşiq olmalıdır. Bu sənətin çətinliklərinə qarşı güclü olmalı və istəkləri üçün döyüşməlidir. Bax, o zaman həqiqi bir aktyor olur insan. Sənətə yeni başlayan və başlamaq istəyən gənclərə demək istəyirəm ki, çox çalışsınlar, ideallarının arxasınca getsinlər və qətiyyən imtina etməsinlər. Bu zaman hər şey onlara asan gələcək. Hansı yaşda olurlarsa olsunlar, təhsillərinə mütləq önəm versinlər. Unutmasınlar ki, uğur insanın iki çiyninin arasındadır.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button