“Onların arzusu gəmi kapitanı olmaq idi, amma gəmi sahibi oldular…”

“Mübariz müəllim özü zəng vurub şəhid övladlarım Bəhrəm və İmanın adını gəmiyə verdiyini dedi. Daha sonra bizi Türkiyəyə dəvət etdi, üç gün orda qonaq olduq və gəmini yola saldıq. Mübariz müəllim dedi ki, bundan sonra hər bir gəmi şəhidlərimizin adını daşıyacaq”

Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsində şəhid olan İman və Bəhrəm Məmmədovlar qardaşlarının atası Elman Məmmədov deyib. Şəhid atası iş adamı Mübariz Mənsimov tərəfindən şəhid oğlanlarının adının gəmiyə verilməsinə görə öz təşəkkürünü bildirib:

“Əslində İman və Bəhrəmin öz arzularıydı ki, gəmi kapitanı olsunlar. Rusiyada gəmi kapitanı məktəbində oxuyurdular. Elə oldu ki, erməni müəllimlə düz gəlmədiklərinə görə məktəbdən çıxdılar. Daha sonra Samara şəhərində turizm üzrə təhsil aldılar. Amma dedilər ki, biz Odessaya gedib orda gəmi kapitanı üzrə təhsil alacağıq. Allahın qismətinə baxın ki, onlar gəmi kapitanı yox, gəminin sahibi oldular. Bu gün İman və Bəhram öz arzularına çatdılar. Onlar həyatda da, şəhid olanda da ayrılmadılar. Gəmiyə də hər ikisinin adı verildi. 

 

Allah hamınızdan razı olsun. İki övladım şəhid oldu, amma milyonlarla övlad qazandım. Mən vətənimlə, dövlətimlə fəxr edirəm. Dövlətimizin, cəmiyyətimizin qayğısı, diqqəti var. Bütün bunlar əvəzedilməzdir. Siz bunu özünüzə borc bilirsiniz, amma mən deyirəm ki, heç kimin-heç kimə borcu yoxdur. Amma bu, bu xalqın içindən gələn istəkdirsə, Tanrı bu xalqın qəlbinə görə hər zaman onu qorusun”.

 

Qeyd edək ki, Bəhrəm və İman qardaşları Vətən müharibəsində şəhid olduqdan sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” medallarıyla təltif ediliblər.  

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button