“Axı sən kimsən, yoldaş Dadaşov? Yoxsa Həsən ağanın bacısı oğlusan?..”

“Hansısa ali qurumda məmur olmursan, lap nazir ol, lap ondan da yuxarıda ol – qanun qarşısında cavab verməsən də, Allah qarşısında mütləq cavab verəcəksən…”

 

-7 CÜMLƏDƏ  1 DƏRD…-

 

Dünən axşamdan Bakıda “Lexus” markalı avtomobilin sahibinin hərəkət zamanı onunla mübahisə edən motosikletin sürücüsünü döyüb-söyməsi, üstəlik, maşınla ayağının üzərindən keçməsini təsvir edən video-görüntülər ölkə vətəndaşlarının güclü narazılıq və kəskin etirazına səbəb olub.

 

Məlumata görə, bahalı avtomobilin sürücüsü nəvəsini məktəbdən gətirdiyini deyən və ona yaxşı nümunə(!) göstərən Sultan Dadaşov ad-soyadlı qalstuklu şəxs olub. Dəqiqləşdirilməmiş məlumatlara görə, o, Prezidentin işlər idarəsində çalışır və 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla dövlət(!) qulluğunda uzunmüddətli səmərəli(!) fəaliyyətinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

 

Hansı vəzifədə olursa-olsun, nə qədər pulu olursa-olsun, dəxli yoxdur, hüquqi dövlət sayılan Azərbaycanda da heç bir kəsin digər şəxsi, vətəndaşı təhqir etməyə, ona qarşı zorakılıq nümayiş etdirməyə haqqı, ixtiyarı yoxdur.

 

Bu halda İsi Məlikovun məşhur “Qatarda” tamaşasının təbiri ilə sual etməyə məcburuq: Axı sən kimsən, yoldaş Dadaşov? Axı sən kimsən, Sultan Dadaşov? Yoxsa Əbddürrəhim bəy Haqverdiyevin təbirincə desək, Həsən ağanın bacısı oğlusan?

 

Hansısa ali qurumda məmur olmursan, lap nazir ol, lap ondan da yuxarı ol – qanun, xalq qarşısında cavab verməsən də, Allah qarşısında mütləq cavab verəcəksən…

 

Sonda bir sual da meydana çıxır ki, Azərbaycanda bir çox oliqarx, məmur, deputat və iş adamlarının və onların övladlarının bu dərəcədə harınlamasının əsas səbəbləri nələrdir? 

 

Əlbəttə ki, öncə allahsızlıq, imansızlıq, ikincisi, nadir istisnalarla kütləvi qanunsuzluq və cəzasızlıq, üçüncüsü, rüşvətxorluq və korrupsiya və dördüncüsü, əksər sadə(!) vətəndaşların öz haqqını-hüququnu bilməməsi və tələb etməməsi…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button