“Bu günə qədər sırf sənətlə, tarımla yadımda qalmışam, qalmaqallarımla yox…”

“Hal-hazırda Asəf Zeynallı adına musiqi kollecində dərsdəyəm, iş başındayam. Doğum günümü qeyd etməyəcəm, sırf ailə üzvlərimlə birlikdə bir süfrə başında olacağıq. Dost-tanışlar, sənət yoldaşlarım dünən gecədən başlayaraq məni təbrik etməyə başlayıblar, təkid edirlər ki, bir yerdə yığışıb bu özəl günümü qeyd edək. Mən hər zaman belə olmuşam, dəbdəbədən uzaq qaçıb, sadəliyin tərəfində olmuşam. Sadəcə 6-7 il əvvəl özümə təmtəraqlı ad günü keçirmişəm. Doğum günündə yaşımızın üstünə yaş gəlir. Pandemiyada ağır dönəmlərdən keçdik, sağlamlığın, sağlığın önəmini biz bu zaman anladıq. Bu gündən sabaha sağ çıxırıqsa buna görə Allaha təşəkkür etməliyik”.

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış tar ifaçısı Humay Qədimova deyib. O daha sonra əlavə edib.

“Mən mədəniyyətin, incəsənətin elə bir ciddi sahəsi ilə məşğulam ki, efirlərdə tez-tez çıxıb, lazımsız şeyləri efirdə göstərməklə özümü hörmətdən sala bilmərəm. Sənətin, tar alətinin özündə bir ciddilik var. Onun heç bir reklama ehtiyacı yoxdur. Çox istərdim ki, insanlar sənət adamlarının konsertlərinə gedib, dəstək olsunlar. Daha çox istərdim ki, konsertlərdə onlarla görüşüm. Bu günə qədər sırf sənətlə, tarımla yadımda qalmışam, qalmaqallarımla yox. Bu alətə kimsə cansız əşya kimi baxa bilər, amma məni tar aləti insanlara, tamaşaçılara sevdirib” deyə sənətçi bildirib.

 

Humay Qədimova davamçılarından da danışıb.

“Allah Habil Əliyevə min rəhmət etsin, onun heç vaxt şəxsi tələbəsi olmayıb, üzbəüz oturub kiminləsə məşğul olmayıb. O həmişə deyirdi ki, əgər hansısa sənətkarın yolu ilə getmək istəyənlər varsa, bu artıq onun tələbəsi sayılır. Bu gün bir çox kamança ifaçıları Habil Əliyevin qoyduğu yolla gedirlər, demək ki, Habil müəllimin tələbələri həddindən artıq çoxdur. Xanımlar arasında da ilk tar ifaçısı xalq artisti Ceyran Haşımova olub. O qadınlar arasında bu cığırı açan ilk sənətkarımızdır. Baxmayaraq ki, mən onun tələbəsi olmamışam, amma özümü qadınlar arasında onun davamçısı hesab edirəm. Mən həm də solo konsertlərdə, öz ifalarımla çıxış etmişəm. Artıq 13-14 ildir ki, Asəf Zeynallı adına musiqi kollecində pedaqoji fəaliyyətlə məşğulam, muğam dərsini tədris edirəm. Tələbələrim arasında qızlar da var. Sadəcə tar aləti insandan fiziki güc tələb etdiyinə və həm də xanımlar müəyyən yaşda ailə həyatı qurduqlarına görə müəyyən bir qırılma baş verir. Ona görə də bu sənəti yarımçıq qoyub getmək məcburiyyəti yaranır. Qız ifaçıları sənətə gəlirlər, amma meydanda olduqlarını görmürəm. Çox istərdim ki, gəlsinlər, mən də meydanda tək qalmayım” deyə Humay Qədimova bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button