“Ramazan sonu 60 manat fitrə zəkatı verməyi nəzərdə tutmuşam, amma çalışacam ki…”

“Əgər kasıb bir şəxsin qəlbindən özündən daha da yoxsul bir şəxsə fitrə zəkatı vermək keçirsə, o, fitrə pulunu adambaşına 3 kiloqram buğdanın hesabı ilə də çıxara bilər…”

 

Adətən din alimləri buyurur ki, Ramazan ayının sonunda adambaşına, ən azı, 3 kq buğdanın dəyəri qədər fitrə pulu çıxarılmalıdır. Buğdanın bir kilosunun qiyməti isə maksimum 70-80 qəpikdir. Amma Qafqaz Müsəlmanları İdarəsi bu ilki Ramazan ayı üçün fitrə zəkatının adambaşına 10-15 manat olmasını tövsiyə edib. Yəni belə olan halda qazancı zəif olan bir çox möminlər fitrə pulu verməkdə çətinlik çəkir… Bəs QMİ fitrə zəkatının minimal məbləğini hansı əsaslarla hesablayır?..

 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib: 

 

“Doğrudur, minimum futrə zəkatı gündəlik istifadə olunan ərzağa uyğun hesablanmalıdır. Məsələn, buğda, düyü, Ramazanda çox istifadə edilən xurma… Sadəcə, insan öz maddi imkanına obyektiv baxmalıdır ki, fitrəni buğdadan, düyüdən, yoxsa xurmadan çıxarsın. Fitrə zəkatı ailədə adambaşına belə məhsullardan birinin 3 kiloqramının dəyərinə uyğun hesablanmalıdır.  Məsələn, mənim 3 kq düyüyə uyğun fitrə vermək imkanım varsa, normal düyünün bir kiloqramını 5 manatdan hesablasaq,  adambaşına 15 manatdan fitrə verməliyəm. Elə xurmanı da götürsək, onun da kilosu təxminən 4-5 manatdır…  Bu baxımdan  Qafqaz Müsəlmanları İdarəsi öz fətvasında  məsləhət bilir ki, fitrə zəkatı adambaşına minimum 10 manatdan başlayaraq 15 manat və daha yüksək məbləğdə hesablana bilər. Elə 3 kq buğdadan da hesablamaq istəsək, buğdanı biz daim olduğu kimi bişirib yemirik ki, çörək, un məmulatı halında işlədirik. Odur ki, 1 kq buğdanın çörək halına gəlməsini nəzərə alsaq, onun da kilosunun qiyməti 1 manatı ötəcək. Hazırda yarım kiloqramlıq normal çörəyin qiyməti  70-80 qəpikdir. Bunun da 3 kilosunun qiymətini hesablasaq, 5 manata çatacaq. Bu baxımdan elə fitrə zəkatını buğda ilə də hesablasaq,  adambaşına, azı 10-15 manat edər…” 

“Bəs imkanı çox zəif olan möminlər fitrə zəkatını, məsələn, adambaşına 3 manatdan  çıxara bilər?” sualını isə Şeyxülislamın müavini belə cavablandırıb:

 

“Manatla demirəm. 3 kiloqram ən çox istifadə etdiyi ərzaqın qiymətini hesablayıb fitrə pulu çıxara bilər. İmkanı zəif olan, ailəsini zorla dolandıran insanların isə fitrə zəkatı verməsi vacib deyil… Amma əgər Ramazan boyu oruc tutan kasıb bir şəxsin qəlbindən özündən daha da yoxsul bir şəxsə fitrə zəkatı vermək keçirsə, o, fitrə pulunu adambaşına birbaşa 3 kilo buğdanın hesabı ilə də çıxara bilər… Lakin yaxşı olar ki, həmin buğdanı, və ya düyünü, yaxud xurmanı pul şəklində versinlər. Çünki tutaq ki, bir yoxsul ailəyə biri 10 kilo buğda, yaxud düyü verdi, o biri 15-20 kilo verdi. Bu minvalla həmin ailənin evinə 50-60 kiloqram buğda, yaxud düyü toplana bilər. Ancaq ailə üzvlərinin bu qədər məhsulu birdən-birə tükətməsi mümkün deyil, başqa yeyəcəklərə, ətə, yağa, şəkərə və s., yaxud övladları üçün geyimə, məktəb ləvazimatına ehtiyacları var.  Odur ki, o ailə başçısı məcburdur, bayram günləri həmin buğdanın, düyünün xeyli hissəsini satmaq üçün alıcı axtara. Bu baxımdan biz fitrəni adətən məhsul yox, pul şəklində verməyi məsləhət görürük.  Məsələn, biz evimizdə 6 nəfərik, mən şəxsən adambaşına 10 manatdan cəmi 60 manat fitrə pulu çıxarmağı nəzərdə tutmuşam. Ola bilər, bayramadək imkanım olsa, çalışacam fitrə zəkatını hər bir ailə üzvünə 15-20 manatdan, yəni 90-120 manat çıxarım. O məbləği də rayonda həddən yoxsul olan bir ailə üçün nəzərdə tutmuşam. Odur ki, fitrə zəkatını çıxarandan sonra həmin məbləği rayondakı bacıoğlumun kartına yükləyirəm, o da həmin pulu çıxarıb dediyim şəxsə çatdırır” –deyə Hacı Fuad bildirib.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button