“Azərbaycanı bu gün nə terrorla, nə birbaşa hərbi həmləylə qorxutmaq mümkün deyil…”

“Ümumiyyətlə, açılmamış cinayətlər bütün ölkələrdə mövcuddur. Daha çox bu cür cinayətlər hər hansı bir ölkənin müəyyən bir ölkəyə mesajı kimi dəyərləndirilir. Əlbəttə ki, mənim  faktım yoxdur, istintaqın qəbul etdiyi və bütün Azərbaycana yayımladığı həqiqətin əksinə nəsə deyilmir. Amma hər halda terror hadisəsi Azərbaycan üçün yeni deyildi, terrora məruz qalan ölkələrdən, xalqlardanıq. Mən də, siz də xatırlayırsınız ki, 1988-ci ildən üzü bu yana Azərbaycan xalqının işğal olunmuş Qarabağ ərazilərində, böyük şəhərlərində, o cümlədən Bakıda xalqımıza qarşı onlarla terror aktı həyata keçirilib”

 

Bunu Moderator.az-a açıqlamasında yazıçı, telejurnalist Orxan Fikrətoğlu 2009-cu ilin  30 aprelində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktı haqda danışarkən deyib. O.Fikrətoğlu bu gün dövlətimizin bu cür terror aktlarına qarşı çox tədbirli olduğunu bildirib:

 

“Bu terror aktı da düşünürəm həmin o zəncirliliyin davamıdır. Əlbəttə ki, terror aktını törədən insan müəyyən edilib. Bununla belə bunun arxasında bir mesajın olduğunu da Azərbaycan cəmiyyəti bu günə qədər qəbul edir və bu haqda düşünür. Bu fakt artıq olub və təbii ki, terror aktında dünyasını dəyişən insanların ailələrinə başsağlığı verirəm. 

Amma biz nə etməliyik ki, bir daha belə terror hadisəsi baş verməsin?

 

Düşünürəm ki, biz bunun üçün 13 il ərzində çox şey etdik. Biz güclü orduya malikik. Artıq sərhədlərimizi yüksək texnologiya və peşəkar kadrlar vasitəsilə qoruyuruq. Biz Azərbaycanın içində baş verən bütün proseslərə dövlətçiliyin təməl prinsipləri zəminində nəzarət edirik. Bununla belə yenə də hər an ehtiyatlı olmalıyıq. Çünki bölgədə müəyyən proseslər baş verir. Bu proseslər isə yeni hərbi ittifaqların yaranmasına yönəldi. Amma Azərbaycan bütün ətraf ölkələrin, xüsusilə bizə qonşu olan ölkələrin ərazi bütövlüyünü tanıyır, onların qəbul olunmuş konstitutsiyaları şəraitində yaşamasına ancaq hüquqi zəmində baxır. Bütün qonşu ölkələrdən Azərbaycana qarşı bu cür davranmağı tələb edir. Azərbaycanı bu gün nə terrorla, nə birbaşa hərbi həmləylə qorxutmaq mümkün deyil. Azərbaycanın qardaş Türkiyəylə imzaladığı Şuşa deklarasiyası var, hərbi müttəfiqi olan digər ölkələr var. Düşünürəm ki, stabillik, Azərbaycanın iqtisadi inkişafı bizim bir yön olaraq fəaliyyət göstərəcəyimiz əsas sahələrdir”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button