“Bu sənətdə hər şeyi yerli-yerində ifa etmək hər adama qismət olmur”

“Bu gün doğum günümdür. Təbrikiniz üçün çox sağ olun. Bir günə görə orucumu pozmamışam. İnşallah axşam balalarımla bir yerdə oturub doğum günümü qeyd edərik”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Zabit Nəbizadə deyib. Xanəndə Səkkizinci Televiziya Muğam Müsabiqəsində iki tələbəsinin də iştirak edəcəyini bildirib:

 

“Mən bütün müsabiqə iştirakçıların hamısına uğurlar arzulayıram. Allah-təala orda iştirak edən tələbələrimizi qorusun. Onlar hamısı gələcəkdə bizim muğamımızın keşiyində duran gənclərdir. Həmkarlarıma da uğurlar və səbr arzulayıram. Bu sənətdə hər şeyi yerli-yerində ifa etmək hər adama qismət olmur. O gənclərdən imtahan götürən həmkarlarıma səbr diləyirəm ki, bir az təmkinli olsunlar. Hər oxuyan Molla Pənah Vaqif olmaz. Çünki ifaçılar müxtəlifdir. Tam fərqli olan uşaqlar var. Müsabiqədə iki tələbəm seçilib. Onlara da işlərində müvəffəqiyyətlər arzulayıram. Allah-təala Mehriban xanım Əliyevadan da razı olsun ki, o bu müsabiqəni bir ənənəyə çevirdi. 

Muğam müsabiqəsini bitirən uşaqların hamısı muğamın keşiyində dura bilmirlər. Bəzən AzTV-dən mənə deyirlər ki, muğam dəsgahlarını oxumaq üçün efirə xanəndələr dəvət edirlər, amma bunu bilib oxuyan yoxdur. Bu müsabiqəni yaradıblar, iyirmi uşağın hamısına orda dəsgah oxutmaq olmaz. Amma sonda hər birinə bir dəsgah verirlər. Gərək o uşaq fikirləşməlidir ki, özü öz üzərində işləməlidir. Mən öyrədirəm, amma onu mütaliə etmək lazımdır ki, yaddan çıxmasın. Müsabiqəyə qatılan uşaqlar bir az tanınan kimi özlərində axrayınlıq yaranır. Gərək o uşaqlar müsabiqəni bitirəndən sonra işlə təmin olunsunlar, dərs desinlər və onda muğam yaddan çıxmaz.  Əvvəllər Bakı kəndlərində toylarda muğam sifariş verirdilər. İndi o toylarımız da yoxdur və ona görə muğamlar düşünürəm ki, yaddan çıxır. Şükür ki, Muğam Müsabiqəsi var və biz bunu mütaliə edirik. Bu sənəti əzabla öyrənmişik. Bu yolda axıra qədər dözüb qalan da olur, qalmayan da”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button