“Bunu yüz faiz Allahdan istəməyə üzüm gəlmir…”

“Xalqımızı təbrik etmək həmişə böyük şərəfdir. Hətta bəzən yerindən duran deyir mən xalqımı təbrik edirəm, o da sağ olsun. Amma inanın səmimiyyətimə ki, bilmirəm hələ gəlib o dərəcəyə çatmışam-çatmamışam ki, deyəm mən xalqımı təbrik edirəm. Amma siz deyəndən sonra əlacım qalmır, bütün səmimiyyətimlə, ürəkdən oruc tutanların, namaz qılanların namazları, orucları hamısı Allahdan arzu edirəm qəbul olunsun. Bundan sonra onlar üçün çətinliklər heç olmasa əlli-əlliyə arxada qalsın”

 

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı Ramazan bayramı münasibətilə xalqımızı təbrik edib:

 

“Mən yüz faiz bunu istəyə bilmərəm, çünki Allaha üzüm gəlmir, hər şey yaxşı olsun. Amma şükür onun böyüklüyünə öz məsləhətində, dairəsində xalqıma sülh, əmin-amanlıq qismət eləsin, ölüm-itimdən uzaq olsunlar. Əsas cansağlığıdır. Mən sizə söz verirəm və bunu bütün inamımla deyirəm. Xalqım üçün ölüm-itim olmasın, qalan problemlər yüz faiz bilirəm ya düzələcək, ya da düzəlməyəcək. Yəni başlarını aşağı salıb yaşasınlar. Hamını, həmçinin sizin kollektivi də təbrik edirəm, uzun illərdir əməkdaşlıq edirik. Özümə, nəslimə, kökümə, Muradxanlı tayfama nə arzulayıramsa, onu Azərbaycan xalqına arzu edirəm. 

 

Bu, inam, əqidə, müsəlmançılıq, İslam təlimi böyük təlimdir. Onun yolunda ac qalmaq elə böyük qəhrəmanlıq deyil. Düzdü, özüm heç vaxt nə namaz, nə də oruc əhli olmamışam, Sovet uşağı olmuşam. Ancaq böyük Allahın özü boyda məhəbbətim, sevgim, istəyim olub. Mən onu sevə-sevə bu mövqeyə gəlib çatmışam. Ona görə də mən hər kəsin əməlinə hörmətlə, izzətlə yanaşıram. Namaz qılanlara da, qılmayanlara da hörmətim böyükdür. Əslində Ramazan ayı insanın paklaşması ayıdır, bir ay paklaşma dövrüdür. On bir ay müxtəlif hərəkətlər, bəzən günahlar, savablar edirik. Bir ayını isə paklaşma və saflaşmaya həsr edirik. Ona görə də hörmətli və əziz canım Azərbaycan xalqım, sənin paklaşmağın, saflaşmağın mübarək. Həmişə saflıq və paklıq arzu edirəm”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button