“Fuad “Azdrama”dan gedəndə onu müdafiə etdim, onu görəndə özlərini yığışdırırdılar…”

“Sən aktyor kimi tanınıb məşhur olub, ad-san qazana bilərsən, bütün istədiklərinə nail də ola bilərsən, amma şəxsiyyət ola bilməzsən. Fuad Poladov isə bütün bunlarla yanaşı həm də böyük şəxsiyyət idi. Onun ciddi xasiyyətindən, duruşundan, zəhmindən hamı çəkinirdi. Bəzi özünü xalq arasında apara bilməyənlər Fuad Poladovu görəndə özlərini yığışdırırdılar. O bizim sənətə hörmət qazandırırdı, heç vaxt sənəti cılızlaşdırmağa qoymurdu. Fuad Poladovun yoxluğunu qəbul etmək çox çətindir”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev Fuad Poladov haqda xatirələrini bölüşərkən deyib. O daha sonra əlavə edib.

“Fuadı mən gənclik illərindən tanıyıram. Hətta, yadımdadır ki, “İstintaq davam edir” filmində eyni obrazın sınaq çəkilişində ikimiz də iştirak etdik, amma Fuad Poladov seçildi. Daha sonra elə oldu ki, Fuad teatrda çalışmağa başladı. Çox təəssüf ki, onu kinoda az çəkdilər. Son illərdə bir neçə filmdə bir yerdə çəkildik. Son filmin çəkilişində onunla o ki, var dərdləşdim. Fuadın özünəməxsus zarafatları da var idi. Heç vaxt sənəti xalturaya satmadı. Bir dəfə ikimizə də bir film təklifi gəlmişdi. Mənə zəng edib, zarafatca dedi ki, neyləyək, kasıbçılıqdır, bəlkə çəkilək? O da, mən də gileylənirdim ki, adam nə qədər evdə oturar? Axı biz aktyorlar kamera qarşısında xoşbəxt ola bilirik. Fuad çox istedadlı, zəhmətkeş, öz üzərində çalışmağı bacaran aktyor idi. Hər zaman ona sual verirdim ki, Fuad sən həm filmlərə çəkilirsən, həm də iki teatrda çalışırsan, bunu necə çatdırırsan? Gülümsəyib deyirdi ki, bu mənim işimdir. Öz işinə çox ciddi yanaşırdı. Təsadüfi deyil ki, həm teatrda, həm də kinoda tamaşaçı məhəbbəti qazanmışdı. İnanmıram ki, hər hansısa tərəf müqabili ondan incisin, küssün. O bu hörməti özü qazanmışdı, özü ilə də apardı. Hətta o uzun illərdir çalışdığı Akademik Milli Dram Teatrından gedəndə onu müdafiə də etmişdim. O yox, teatr itirmişdi” deyə sənətkar bildirib.

Rasim Balayev bildirib ki, sənət aləmi hazırda yarpaq dökümünü yaşayır.

 

“İndi Fuad Poladov kimi aktyorlarımız demək olar ki, yox səviyyəsindədir. Sənət aləmi yarpaq dökümü yaşayır. Kim qalıb ki? 5-6 nəfər aktyor qalmışıq, biz də çəkilmirik. Əslində indiki film və seriallarda çəkilməsən daha yaxşıdır. Çünki cılız işlərlə məşğul olurlar. İllərdir yığdığımız hörmət, izzəti yerə vuraq? Nəyə çəkilim axı? Nə çəkdilər, mən çəkilmədim? Kino sahəsi tənəzzülə uğrayır” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button