“Kvota qəbul olunmalıdır ki, dövlət orqanlarında çalışan qadınların sayı 35 faizdən aşağı olmasın”

Milli Məclisin plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev qanun layihəsinin müzakirəsi zamanı öz fikirlərini bölüşüb.

 

Millət vəkili dəyişikliklərin vətəndaşların vəziyyətini yaxşılaşdıracağı fikri ilə razılaşmadığını diqqətə çatdırıb:”Yeni dəyişikliklərlə 10 uşaq anası olan vətəndaşa əvvəlki dövrlə müqayisədə daha az güzəştlər ediləcək”.

 

Millət vəkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iclasa qatılan əməkdaşlarına sualla müraciət edib: “Qanuna əsasən, 10 uşağı olsa belə qadınların pensiya yaşına 5 il güzəşt olunur. Xahiş edirəm aydınlıq gətirsinlər, bu dəyişikliyi etməklə nə qədər vəsaitə qənaət edəcəklər ki, çoxuşaqlı anaların pensiya yaşından tez pensiyaya çıxmasını bu cür əngəlləyirlər?”.

 

Millət vəkili bildirib ki, Azərbaycanda əmək pensiyası yaşını Avropa ölkələri ilə müqayisə edirlər:

 

“Avropa ölkələrinin böyük qismində pensiya yaşı bizdən aşağıdır. Bizimlə eyni olanlarda isə orta ömrün uzunluğu 83 ildir. Bunu nəzərə almaq vacibdir. Pensiyanın minimal həddi 240 manatdır ki, bu da azdır. Bu məbləği artırmaq lazımdır”.

 

Millət vəkili Rusiyada 4 uşağı olan analara ev verildiyinə də diqqət çəkib və bildirib ki, qadınların pensiya yaşı azaldılmalıdır ki, gənc qadınlar üçün də iş imkanı yaransın”.

 

Qüdrət Həsənquliyev həmçinin əlavə edib ki, məsul vəzifələrdə çalışan qadınların sayı qaneedici deyil:

 

“Bir nazir postunda qadın yoxdur. Bizdə bir xanım icra başçısı da yoxdur. Komitə sədrlərinə baxın, bir Ailə, Qadın və Uşaqlarla Dövlət Komitəsinin rəhbərindən başqa, hamısı kişilərdir. Bizdə rabitə ilə bağlı kitabçalar var, ordakı telefon nömrələrinə baxın, əksəriyyəti kişilərdir. Biz şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verən xalqıq. Kvota qəbul olunmalıdır ki, dövlət orqanlarında çalışan qadınların sayı 35 faizdən aşağı olmasın. Azərbaycanda, xüsusilə qadınlarla bağlı məsələlərə yenidən baxmalıyıq. Xanımlar üçün iş imkanlarını genişləndirməliyik. Qadınlar cəmiyyətin bütün institutlarında işləməlidir. Böyük Cavid deyirdi ki, bəşəriyyət qadınla yüksələcək”.

 

Millət vəkili həmçinin bildirib ki, bu istiqamətdə Milli Məclisin də üzərinə böyük iş düşür:

 

“Çox yaxşı haldır ki, Azərbaycanda Birinci vitse-prezident, eləcə də Milli Məclisin sədri xanımdır. Amma bu, kifayət deyil. Azərbaycan patriarxal, orta əsr ölkəsi deyil. Ona görə də biz bu istiqamətdə yanaşmanı dəyişməliyik”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button