“Bu bizə axı Prezidentin hədiyyəsidir”

“2008-ci ildə Ulu Öndərin 85 illik yubileyi ilə bağlı qırx nəfər jurnalistə ev hədiyyə edildi. Mayın 10-da Prezidentin hədiyyəsi kimi mənzillər bizə verildi. Otuz doqquz nəfər jurnalistin mənzil ödənişi bağlandı. Bu pul “Lider” televiziyası tərəfindən ödənildi. 2017-ci ildə bütün mənzillərin qiymətini 55 min 380 manat civarında bağladılar. Məndə isə mənzilin ödənişi bağlanmadı”

 

Bunu Moderator.az-a açıqlamasında “AKKORD STİK” ASC tərəfindən verilən mənzilinin ödənişiylə bağlı yaranmış problemi danışan jurnalist Zahir Əliyev deyib. Jurnalist “AKKORD STİK” ASC-nin onu məhkəməyə verdiyini bildirib: 

 

“Mən sadəcə olaraq hər dəfə bu məsələni soruşurdum və “AKKORD” da bunu bağlamalıydı. Onlar isə evin ödənişini bağlamaq əvəzinə, bunu aylığa bölüblər, hər ay 450 manat çıxıblar və mənə təqdim olunan sənəddə isə iki illik gecikməm olduğunu bildirirlər. Mən də deyirəm ki, siz mənzilin pulunu bağlamalıydınız, əgər sizə ödəniş olunmurdusa, siz məni bir neçə ay sonra axtarmalıydınız. Bəlkə başıma bir iş gəlib. Amma mənə məsələnin üstündən iki il keçəndən sonra məlumat verdilər. Mən onların ofisinə getdim, istədim ki, danışım gecikməni ordan çıxsınlar və ilkin ödənişdən nə pul qalacaqsa onu indiki qiymətlə hesablasınlar və onu ödəyim. Bu bizə axı Prezidentin hədiyyəsidir. Təəssüf ki, bu da mümkün olmadı. 

 

Burda maxinasiya ondan ibarətdir ki, 2008-ci ildə mənzilin kvadratını 1650 manata hesablayıblar. İndinin özündə yaşadığım bu ərazidə evin kvadratı 600 manatdır. Məndə müqavilədə isə evin kvadratını1650 manat yazıblar. 

 

Ardınca “AKKORD STİK”ASC məni məhkəməyə verdi və tələb etdilər ki, mənzildən çıxım. Mən isə bildirdim ki, on iki ildir həmin mənzildə yaşayıram, mənzil mənə təmirsiz verilib, kredit götürüb təmir etmişəm. Bu mənzil mənə Prezident tərəfindən verilib, evdən niyə çıxmalıyam ki?  Məhkəmə onların iddiasını rədd etdi. Bundan sonra onlar məni Apellyasiya məhkəməsinə veriblər. Ona görə də məni tanıyan jurnalistlərimiz “AKKORD STİK” ASC-nin rəhbərliyinə müraciət edib ki, problemimi nəzarətə götürsünlər. Amma hələ ki, bir xəbər yoxdur”. 

 

Qeyd edək ki, ötən gün 70 media təmsilçisi “AKKORD STİK”ASC-nin direktoru Vüqar Süleymanova müraciət ünvanlayıb. Jurnalistlər bildiriblər ki, həmkarları, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi, blok 39, 17 saylı mənzildə yaşayan Zahir Əliyevin mənzili ətrafında yaranmış problem onları ciddi şəkildə narahat edir.

 

Moderator.az da həmkarlarımızın bu müraciətinə qoşulur. Amma biz hesab edirik ki, müraciətin ünvanı doğru seçilməyib. Media təmsilçisinə qarşı öz bildiyini edən bir qurumun rəhbərinə deyil, jurnalistlərin yeganə dostuna – Azərbaycan prezidenti İlham Əliyevə müraciət edilməlidir. Ümid edək ki, dövlət başçısına ediləcək bu müraciətə operativ reaksiya veriləcək və “Akkord”un jurnalistlə çəkişməsində haqq yerini tapacaq.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button