“Qardaşım ikimərtəbəli evindən çıxdı – Xarkovdan gələn qaçqınları yerləşdirdik…”

Qardaşım və astaralı soydaşımız hər biri Ukrayna ordusuna bir yük maşını bağışladı. Mən isə müharibə gedən vilayətlərə xeyli ərzaq yardımı göndərdim…”

 

“Biz öz ailə üzvlərimizi, yəni uşaq və qadınları müharibə başlayandan xeyli sonra Azərbaycana yola saldıq… Çünki ilk günlər başımız Ukraynanın digər şəhərlərindən, Kiyevdən, Xarkovdan, Dneprdən və s. gələn qaçqınları, o cümlədən soydaşlarımızı İvano-Frankovskda yerləşdirməyə, yaxud xaricə və ya Vətənə- Azərbaycana yola salmağa qarışmışdı. Hətta kiçik qardaşımdan ikimərtəbəli evindən çıxıb mənim yanımda yaşamasını xahiş etdim və həmin evdə Xarkovdan gələn qaçqınları yerləşdirdik. Hələ də orada yaşayırlar. Halal xoşları olsun!”

Bunu Moderator.az-a açıqlamasında Ukraynanın İvano-Frankovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşad Ələsgərov söyləyib.

 

“Müharibənin ilk günlərində şəhərdəki bir neçə şirkət rəhbəri,o cümlədən Yevlaxdan, Astaradan və s. bölgələrdən olan soydaşlarımız – hər birimiz ayrı-ayrılıqda öz şirkəti adından orduya xeyli məbləğdə pul köçürdük. Daha sonra həmin adamlar birləşib pul vəsaiti toplayıb  yenidən – bu dəfə məhz Azərbaycan diasporu adından ordunun hesabına köçürdük. Bundan əlavə, qardaşım və astaralı soydaşımız hər biri Ukrayna ordusuna bir yük maşını bağışladı. Mən isə müharibə gedən vilayətlərə xeyli ərzaq yardımı göndərdim…

 

Özüm müharibənin ağır günlərində ofisdə oturmadım, ədalətsiz və amansız müharibə fəlakətini yaşayan Ukrayna insanının, o cümlədən soydaşlarımızın dərdləri, problemləri ilə daha yaxından maraqlanmaq üçün bizneslə məşğul olan qardaşımın anbarlarında çox vaxt keçirirdim…

Bir sözlə, etdiklərimizi daha çox dilə gətirmək doğru deyil. Artıq ikinci vətənimiz olan Ukraynanın qələbəsi üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik”- deyə soydaşımız açıqlamasının davamında vurğulayıb.

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button