“Anam öləndə depressiyaya düşdüm, elə ağlayırdım ki, səsimə qonşular gəlirdi…”

“Qənirə xanımgildə qalıram, anamın qoxusunu ondan alıram, başıma sığal çəkir”

 

Hər zaman oxucularına maraqlı, özəl müsahibə və reportajlar təqdim edən Moderator.az bu gündən etibarən yeni bir rubrikaya start verir. “Məşhurların övladı” adlanan bu rubrikada oxucularımızı sənətkarlarımızın övladları ilə daha yaxından tanış edəcəyik. İlk müsahibimiz mərhum aktrisa, əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarovadır. Əslində aktrisanın bizə yadigar qalan övladı ilə görüşüb, geniş müsahibə götürmək niyyətində idik. Amma Gövhər hər zaman ona dəstək olan, anasızlığını ona hiss etdirməyən sevimli millət vəkili Qənirə xanımgildə olduğunu deyərək, görüşməyin mümkün olmadığını bildirdi. Biz də müsahibəni yubatmadıq, axı bu gün həm də Xanım Qafarovanın doğum günüdür. Söhbətimizə də elə bu mövzudan danışmaqla başladıq.

– Gövhər, anan doğum günlərini adətən necə qeyd edirdi? Nələr xatırlayırsan?

 

– Bilirsiniz ki, mən anamı 6 yaşımda itirmişəm. Biz birlikdə yaşasaq da işinə görə anamı yalnız axşamdan-axşama görürdüm. Onun ad gününü necə qeyd etdiyi ilə bağlı hər hansısa məlumatım yoxdur. Çünki o doğum günlərində də teatrda tamaşa oynayırdı və elə səhnədə qeyd edirdi.

 

– Bəs sənin ad günlərin evdə necə qeyd olunurdu?

 

– Mənim ad günlərim də adəti üzrə evdə keçirdi. Yadımdadır, nənəm dadlı yeməklər hazırlayırdı, axşam isə tort kəsirdik. 5 yaşımı isə anam təmtəraqla restoranda qeyd etmişdi.

– Ananın hansı sözü hər zaman yadındadır? 

 

– Anam mənə hər zaman vətənə layiqli övlad olmağımı, ailəmə hər zaman sahib çıxmağımı, savadlı bir qız olmağımı söyləyirdi. Onun bu sözləri heç bir vaxt yadımdan çıxmır və arzusunu yerinə yetirmək üçün çox çalışıram.

 

– Ananla atanı heç bir yerdə görmüsən? Ümumiyyətlə ata qayğısını nə vaxtsa hiss etmisənmi?

 

– Əlbəttə, onları bir yerdə görmüşəm. Amma qayğı məsələsi haqda danışmaq istəmirəm.

 

– Ananın teatr həyatını xatırlayırsan?

– Anam məni heç vaxt öz tamaşalarına aparmayıb, amma başqa tamaşalara getmişəm. Onun oynadığı rolları televiziyada izləmişəm.

 

– Digər uşaqlar kimi dəbdəbəli evdə böyüməmisən. Bu imkansızlığı uşaq ikən hiss edirdin?

 

– Bəli, hiss edirdim, amma insanın yanında anası və onu sevənlər olduqdan sonra onun harada və necə yaşaması önəmli deyildi. Bu mənim üçün də belə idi. O illərdə dünyanın ən xoşbəxt uşağı idim, çünki anam yanımda idi. 

 

– Nə vaxtsa olub ki, nəsə istəmisən amma anam imkansızlıq ucbatından sənə almayıb?

– Xeyr, elə bir şey olmuyub, çünki anam hər gün işdən gələndə mənə bir oyuncaq alıb gətirirdi. Mən yalnız onun qayğısını istəmişəm. Başıma sığal çəkməsini, öpüb qoxlamasını. İşinə görə qayğısını çox görməsəm də, göstərdiyi kiçik qayğı belə məni çox xoşbəxt edirdi.

 

– Gövhər, nə vaxtdan böyüməyə başladın?

 

– Anamın rəhmətə getdiyini dərk edəndən sonra.

 

– Neçə yaşında dərk etdin?

 

– 9 yaşımda. O vaxtaşırı Türkiyəyə müalicəyə getdiyi üçün, dünyasını dəyişəndən sonra da “müalicəyə gedib” deyib anamın ölümünü məndən gizlətdilər. Daha sonra öz-özümə başa düşdüm ki, anam artıq yoxdur. İlk günlər səssiz-küysüz idim, daha sonra depressiyaya düşdüm. Elə ağlayırdım ki, qonşular səsimə gəlirdi. Ən azından bir gün geri qayıtsın deyə Allaha yalvarırdım. Çox ağır günlər keçirmişəm (kövrəlir).

 

– Gövhər, nənən, xalan necədir? Onlarla birlikdə qalırsan?

 

– Bəli onlarla birlikdə qalıram. Nənəmin səhhəti pisdir, gözünə görə, bundan əlavə də “Dəmirov” adlı xəstəliyə tutulub. Müalicə alır, yaxşı olmağa çalışır. Xalamın isə gözləri heç görmür, amma özü-özünü idarə edə bilir. Xalam qızı da, mən də ev işlərində nənəmə və xalama kömək edirik.

 

– Gövhər, həyatından, yaşayışından razısan? 

 

– Şükür Allaha razıyam. Daha boyük məqsədlərim var. Çox istərdim ki, başqa bir ölkədə təhsil alım.

 

– Qənirə xanımgildə olduğunu dedin. Nə səbəbə getmisən?

 

– Qənirə xanım anamın sağlığında da, anam dünyasını dəyişəndən sonra da hər zaman mənə dəstək olub. Hər doğum günümdə mənə hədiyyələr göndərir. Bu gün də ondan

eyni dəstəyi görürəm. Bir neçə gündür ki, onlardayam. Məni mənəvi qızı kimi görür və çox istəyir. Anamın qoxusunu ondan və xalamdan alıram. Mənim başıma sığal çəkir, öpür, qayğı göstərir. Eynilə bunu mənə anam da edirdi.

 

– Artıq böyük qızsan, vaxt gələcək ailə həyatı quracaqsan. Yəqin ki, ananın adını övladında yaşadacaqsan?

 

– Allah necə yazıbsa, elə də olacaq. Anam mənə öz anasının adını qoyub, mən də qızıma anamın adını qoyacam. Gözüm hər zaman onu axtaracaq.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button