“Gecə saat 3-də Heydər Əliyevin kabinetində yanan işığı yaralı zabitə göstərib dedim ki…”

Sabah Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadın olmasının 99 illiyi tamam olur.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin sabiq rəisi, əməkdar həkim və əməkdar idman ustası general mayor Natiq Əliyev Heydər Əliyevlə bağlı xatirələrini Moderator.az əməkdaşı ilə bölüşüb:

 

“Ulu  Öndərlə bağlı hansısa fikir bildirmək, dahi şəxsiyyətin fəaliyyəti haqqında danışmaq çox çətindir. Onun Azərbaycan xalqına və dövlətinə xidməti o qədər böyükdür ki, onu bir neçə cümlə ilə ifadə etməyə sözün qüdrəti yetməz. Mən xoşbəxt və şanslı adamlardan biriyəm ki, Ulu Öndər Heydər Əliyevi yaxından tanımışam və onun xeyir-duası ilə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlamışam. Bütün ömrüm boyu fəxr etmişəm və bu gün də fəxr edirəm ki, bilavasitə onun rəhbərliyi və komandanlığı altına çalışmışam, həm Naxçıvanda, həm Bakıdakı xidmətim dövründə onun diqqət və qayğısını hiss etmişəm. Bütün həyatım və xidmətim dövründə də ona, onun parlaq ideyalarına və uzaqgörən yoluna sadiq olmuşam, son nəfəsimə qədər də Heydər Əliyev şəxsiyyətinə, Ulu Öndərin tükənməz irsinə sadiq qalacam.

İlk dəfə 1992-ci ilin aprel ayında Heydər Əliyevin çağırışı ilə Naxçıvan Ali Məclisində bir toplantı keçirilirdi. Ulu Öndər Naxçıvanda sovet ordusu sıralarında xidmət edən bir neçə zabiti Ali Məclisə dəvət etdi və yeni yaradılmaqda olan Azərbaycan ordu quruculuğundan, Naxçıvanı erməni işğalından xilas etmək üçün görüləcək işlərdən, Naxçıvan əhalisinin təhlükəsizliyi üçün planlarından danışdı. O, Naxçıvandakı sovet ordusu sıralarında xidmət edən naxçıvanlıları, o cümlədən Azərbaycanın digər bölgələrindən olan hərbçiləri yeni yaradılan milli ordu sıralarına daxil olmağa çağırdı. Mən Heydər Əliyevin çağırışına qoşulan ilk zabit oldum və 1992-ci ilin iyun ayının 27 də Ulu Öndər məni Naxçıvan hərbi qospitalının rəisi vəzifəsinə təyin etdi. Heydər Əliyev şəxsən qospiatala gələrək məni kollektivə təqdim etdi. Öz tapşırıqlarını, tövsiyyələrini verdi və arzularını dilə gətirdi. Təqdimatdan sonra demək olar ki, qospitaldakı yaralılarla və xəstələrlə bir bir görüşərək onların ehtiyaclarını, arzularını dinlədi, hamısının qısa zamanda həlli üçün müvafiq tapşırqlarını verdi. Naxçıvan qospitalının rəisi kimi çalışdığım bütün dövrdə Ulu Öndərin gündəlik qayğısını və dəstəyini hiss etdim, əlindən gələni edirdi ki, qospitaldakı bütün çatızmazlıqlar aradan qaldırılsın, yaralıların hamısı sağalaraq ayağa qalxsın. O qısa zamanda qospitalın tibbi avadanlıqlarla və dərman preparatları ilə təchizatına çox böyük dəstək göstərdi. Ümumiyyətlə qospitalın maddi-texniki təminatının möhkəmlənməsi, xəstə və yaralılara yüksək dərəcədə tibbi xidmət göstərilməsi üçün mümkün olan və olmayan hər şeyi edirdi. Qospitaldakı durum və xəstələrin taleyi barədə gündəlik Heydər Əliyevə məruzə olunurdu. Hətta gecədən xeyli keçmiş olsa belə, qospitala gətirilən yaralı haqqında ona məruzə edilməli idi və o həmin yaralının xilas edilməsi üçün bizə qəti tapşırıqlarını verirdi. Bir faktı demək istəyirəm. Türkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirəl Naxçıvan Ali Məclisinə 2 ədəd tam komplektləşdirilmiş təcili tibbi yardım maşını hədiyyə etmişdi. Naxçıvandakı digər qurumlar da həmin maşınların onların sərəncamlarına verilməsi üçün çalışırdılar. Amma Ulu Öndər hər iki təcili tibbi yardım maşınını Naxçıvan hərbi qospitalına verilməsini tapşırdı. Həmin avtomobillərlə onlarla yaralını vaxtında səngərlərdən, postlardan təxliyyə edərək hərbi tibb müəssisələrinə, qospitala çatdıraraq onları ölümün pəncəsindən xilas edə bildik. Bir faktı da deyim. Bilirsiniz ki, Naxçıvan 3 tərəfdən Ermənistanla sərhəddir. O vaxtlar erməni silahlı qüvvələri Naxçıvan üzərinə intensiv hücuma keçir, hər gün müftəlif təxribatlar törədirdilər. Növbəti erməni təxribatlarının birində əslən Bakıdan olan bir zabit Ordubad istiqamətində ağır yaralanmışdı və qospitalın rəisi olmağıma baxmayaraq təxliyyədə şəxsən iştirak etdim və yaralını qısa zamanda çıxararaq qospitala gətirdik. Qışın oğlan çağı idi və Naxçıvanda 30 dərəcəyə yaxın şaxta vardı. Gecə yaralını təcili yardım maşını ilə qospiatala çatdıranda Ali Məclisin binasının yanından keçərkən Heydər Əliyevin kabinetinin işıqlarının yandığını gördük. Gecə saat 3 radələri idi. Zabit ağır yaralı olsa da huşunu itirməmişdi və daim deyirdi ki, mən əsgərlərimi postda qoyub gəlməməliydim, orda qalıb döyüşərək ölsəm daha doğru olardı. Mən Ulu Öndərin kabinetinin işığını həmin zabitə göstərərək dedim ki, sən narahat olma, Naxçıvan da, naxçıvanlılar da, orda döyüşən bütün hərbçilərin təhlükəsizliyi də əmin əllərdədir. Heydər Əliyev burdadırsa, kimsənin Naxçıvanın sərhədlərinə soxulmasına cəsarəti çatmaz. Mənim bu sözlərim deyəsən yerinə düşmüşdü və zabit xeyli sakitləşdi. Biz dərhal onu əməliyyata götürdük və xilas edə bildik. Bir neçə gündən sonra o yenidən əsgərlərinin yanına qayıtdı. Bir faktı da demək yerinə düşərdi. İnanın ki, həmin çətin dönəmlərdə sadə naxçıvanlılar hansı məhrumiyyətlərlə  üzləşirdisə, Heydər Əliyev də onlar kimi yaşayırdı. Naxçıvanda çörək çatızmazlığı vardı, bəlkə də elə günlər olub ki, o da ac qalıb, susuz, işıqsız qalıb. Naxçıvanda ən ağır problemlərdən biri elektrik enerjisinin, istiliyin olmaması idi. Heydər Əliyev Ali Məclisdəki kabinetində bəzən mənfi temperaturlarda belə, sutkanın 17-18 saatı fasiləsiz işləyirdi. Təsəvvür edin ki, Ali Məclisə bir işıq generatoru verilmişdi. O həmin generatoru Naxçıvandakı uşaq evinə verilməsinə göstəriş verdi. Heydər Əliyev nəinki Naxçıvanı erməni işğalından xilas etdi, o, bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Azərbaycanın ən sağlam və nizami ordusunu ilk dəfə yaradan məhz Ulu Öndər olub və Naxçılvanı məhz onun  saysəində işğaldan xilas etmək mümkün oldu. Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda Naxçıvanda elə bir güclü ordu yarandı ki, ermənilər həmin istiqamətdə işğala nail ola bilməyəcəklərini anladılar. 

Onu da əlavə edim ki, Naxçıvanın blokadada olması azmış kimi həmin dövrdəki Azərbaycanın mərkəzi hakimiyyəti tərəfindən də Naxçıvana çox qısqanc, qərəzli münasibət vardı. Vəziyyətin dözülməz olduğunu görərək Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Türkiyənin Ərzurum xəstəxanası ilə çox güclü əlaqələr qurmağa nail ola bildik. Çünki Naxçıvanın Bakı ilə əlaqəsi ancaq təyyarələr vasitəsi ilə idi. Havanın əlverişsiz olması səbəbindən bəzən günlərlə, həftələrlə Bakı ilə əlaqə saxlamaq olmurdu. Amma Naxçıvanda güclü döyüşlər gedirdi və bəzən elə olurdu ki, bir gündə 25-30 ağır yaralı gətirlirdi qospiatala. Bəzən yaralılara lazımı qaydada kömək etmək çətinlik törədirdi və ya mümkün olmurdu, o zaman Ulu Öndərin tapşırığı ilə Ərzurumda marşal Fevzi Çaxmaq adına xəstəxana arasında qardaşlaşma təmin olundu, biz ağır yaralılarımızı Ərzuruma təxliyyə edə bildik. Təsəvvür edin ki, işinin gərginliyinə baxmayaraq Heydər Əliyev vaxt taparaq Ərzuruma gələrək xəstələrimizi ziyarət etdi, onlara misligörünməmiş moral verdi. Bir sözlə, Heydər Əliyev kimi dahi şəxsiyyətlər yüz ildə bir dəfə yetişə bilər və hətta mən onu yalnız bu xalqın xilaskarı kimi deyil, peyğəmbər kimi qəbul edirəm. Dünya durduqca heydər Əliyevin əziz xatirəsi milyonların qəlbində yaşayacaq, hamı onu sonsuz ehtiram və rəhmətlə xatırlayacaq”. 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button