“Tamaşa vaxtı Cahangiri bizə qoyurdu, hamı elə bilirdi ki, Nəsibə xanım bizim binada qalır…”

“Mənim uşağlığım Nəsibə xanımın qabağında keçib. 1960-cı ildə bizə Şahbazi küçəsində bir ev verdilər, təsadüfən Nəsibə xanım da yanaşı binada qalırdı. Mən onların evində, onlar bizim evimizdə idi. Bax belə yaxın olmuşuq. Tamaşaya gedəndə Cahangiri gətirib bizə qoyurdu, işdən çıxanda da gəlib götürürdü. Hamı elə bilirdi ki, Nəsibə xanım bu binada qalır. Bir evli olmuşuq. Çox sirrlər, çəkdiyi zülmləri bilirəm, amma bunları deməyə ixtiyarım yoxdur. Ona ev vermirdilər, 23 ildən sonra “xalq artisti” adını verdilər. Nəsibə xanım, Əliağa Ağayev haqda gərək hər il bir komediya çəkərdilər, amma çəkmirdilər. Ömür boyu biz bu sahədə yaralı olmuşuq. İndi də 2-3 komediya aktyorumuz qalıb, onlardan da film çəkən yoxdur. Mən Əliağa Ağayevi komediyanın imperatoru, Nəsibə xanımı isə komediyanın kraliçası adlandırıram”.

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Qorxmaz Əlilicanzadə deyib. O daha sonra Nəsibə xanımı parodiya etməsindən danışıb.

“13-14 yaşım var idi. Nəsibə xanımın “Aktrisanın təbəssümü” adlı filmi ekranlara çıxmışdı, onu əzbər bilirdim. Atam bir dəfə telefonu götürüb, ona zəng etdi. Dedi ki, ay Nəsibə, bir lent yazısı tapmışam, biri sənsən, o biri kişi kimdirsə səs tanış gəlmir. Bir o zapisə qulaq as. Atam telefonu götürüb verdi mənə, mən də həm Nəsibə xanımın, həm də Siyavuşun səsi ilə danışdım. Siyavuşun səsi bir az çətin idi, alınmırdı. Dedi ki, ay Əlili mənəm ee, amma mən Siyavuşla oynamışam, başqa heç kimlə oynamamışam. İkinci adam kimdir ki? Nəsibə xanım tutulub qaldı. Atam dedi ki, 2-ci, 3-cü yoxdur, bu Qorxmazın səsidir. Dedi ki, ola bilməz. Evə qonaq gələndə mən Nəsibə xanımın səsi ilə oxuyub, danışırdım. İlk dəfə Saatlıda məhsul bayramındayam, eşitdim ki, Nəsibə xanım da gəlib. Rəngimi uddum ki, onu necə səsləndirib, parodiya edəcəyəm? Ramiz Həsənoğlu dedi ki, Nəsibə xanım çəkilib gedib, oxumaq yeri qalıb. Onu oxumaq lazımdır. Dedim ki, nə danışırsan? Nəsibə xanım mənim başımı kəsər. Dedi ki, icazəsi mənlikdir. Birtəhər saqqızımı oğurladı. Səhər saat 3 də səsyazmaya  gəldim, gördüm ki, Siyavuş, Yaşar, Hacıbaba studiyanın qabağında gözləyirlər. Ramiz gəldi ki, hazırsızsa keçin studiyaya. 3 aktyor yanbayan dayandı, mənə dedilər ki, “məmə buyur studiyaya” (gülür). Axı hamı, ələxsus da yaxınları Nəsibə xanıma “məmə” deyə müraciət edirdi. Oxudum qurtardım, zapis getdi. Səhəri gün gəlib teatra, teatrda aktrisa Məsumə Rzayevanı görüb deyib ki, ay Məsumə, mən o qədər qocalmışam ki, dünən yediyim bu gün yadımdan çıxır? O gün görürəm ki, mahnı oxuyuram. Axı onu mən oxumamışam, yadıma gəlmir. Məsumə deyib ki, bir söz desəm hirslənməzsən? Deyib ki, yox! Deyib ki, Qorxmaz yerinə oxuyub. Nəsibə xanım da deyib ki, hə, görəcək günlərim varmış ki, (gülür)” deyə əməkdar artist bildirib.

 

Qorxmaz Əlili bildirib ki, Nəsibə xanımı iki filmdə dublyaj edib.

“Biri “Yuxu” filmində dəniz kənarında Nəsibə xanımın ağlamaq yeridir. Şahidlərimdən biri Nuriyyə Əhmədova idi, digəri isə Qasım Səfər. Hər ikisi də rəhmətə gedib. Filmə baxmışdılar, görmüşdülər ki, həmin yeri səsləndirmək yaddan çıxıb. Nuriyyə deyib ki, çağır Qorxmazı səsləndirsin. Heç kim inanmır ki, onu mən səsləndirmişəm. Bir də “Güllələnmə təxirə salınır” filmində bazar səhnəsi. Nəsibə xanım artıq yaşlanmışdı, ayaq üstə durmaq, artikulyasiyanı, çənəni aşağı salaraq səsləndirmək lazım idi. Onun üçün çətin idi. Ələkbər Muradov dedi ki, çox aktrisa dəvət etmişəm, amma heç biri səsləndirə bilməyib. Bir neçə dəfə məşq etdik, o vaxt da texnika inkişaf etməmişdi, səsi bütöv yazmaq lazım idi. Müvəffəqiyyətlə səsləndirdim. Film ekranlara çıxandan sonra Nəsibə xanımın evinə gəldim. Dedi ki, mən bu filmə görə sənə borcluyam, film özgə səs ilə tutmayacaqdı, sən bu filmi yaşatdın. Nəsibə xanım, Əliağa Ağayev mənim üçün əlçatmaz sənətkarlar idi. Onların adı gələndə utanıram deyəm ki, mən də aktyoram” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button