“Heydər Əliyev bizi 12-yə çağırmışdı, bizsə 10-da getmişdik, ürəyimiz dözmürdü ki…”

“Ulu öndər, ümummilli lider Heydər Əliyevə mən və mənim ailəm hər zaman özümüzü borclu hesab edirik. Ona görə ki, o mənim, ailəmizin həyatında önəmli, çox böyük rol oynayıb. Həyat yoldaşım Eldar Abdullayevə, oğlum Tural Abdullayevə, bacım Aybəniz Haşımovaya verdiyi “əməkdar artist” fəxri adları ilə ailəmizi fərəhləndirib. Hər zaman Gəncəyə gələndə onu qarşılayırdıq, pişvazına çıxırdıq. Öndə də hər zaman mən dayanırdım, çünki bütün şəhər bilirdi ki, Heydər Əliyev məni görmək istəyir, gözü məni axtarır. Sənətkarlar ailəsi olduğumuz üçün hər zaman bizi diqqətində saxlayırdı. Bəzən kənarda duranda məni soruşurdu, deyirdi ki, bəs Şahnaz Haşımova hanı?”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Şahnaz Haşımova bildirib. O daha sonra əlavə edib.

 

“Heydər Əliyevin 70 yaşı tamam olanda həyat yoldaşıma dedim ki, mən gedib onun yubileyini təbrik etmək istəyirəm. O zaman Naxçıvanda Ali Məclisin sədri idi. Həyat yoldaşım Göy Göl Mahnı və Rəqs Ansamblının 16 nəfərdən ibarət kollektivini yığdı və biz Naxçıvana getdik. Bütün bunların hamısını həyat yoldaşım Eldar Abdullayev təşkil etdi. Biz 1 həftə orada qaldıq, zastavalarda, xəstəxanalarda, şəhərin müxtəlif yerlərində bayram konsertləri verdik. Hamı da bilirdi ki, bu konsertlərin hər biri Heydər Əliyevin şərəfinədir. Bir həftədən sonra mən onun yaşadığı evə zəng etdim və Heydər Əliyevin bizi qəbul etməsini xahiş etdim. Siz inanın ki, biləndə ki, o bizi qəbul edəcək, mən həmin gecəni sevincimdən yata bilmədim. Səhəri gün yoldaşımla onun qəbuluna getdik. Saat 12-də gəlməyimizi istəmişdi, amma mən saat 10-dan Milli Məclisin qarşısına getmişdim. Ürəyim dözmürdü ki, bircə onu tez görüm. O bizi qəbul etdi, saat yarım onun qəbulunda olduq, söhbət etdik. Gəncəmizi, ölkəmizi necə sevdiyini, gəncəlilərə olan böyük sevgisini izhar etdi. Allah elə etdi ki, o yenidən Bakıya gəldi və bizim rəhbərimiz oldu. Bu xəbəri eşidəndə mən dünyanın ən xoşbəxti oldum. Daha sonra onun rəhbərliyi altında keçirilən bütün qurultaylarda iştirak edirdim. Mənim onunla bağlı xatirələrim saysız-hesabsızdır. Ailəmiz adından, bütün musiqiçilər adından demək istəyirəm ki, Allah ona rəhmət etsin. O bizim həyatımızda, ürəyimizdə əbədi yer tutub. Biz onu heç bir zaman unutmayacağıq, çünki o ölməz dahi rəhbərdir” deyə xalq artisti bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button