Kimsə bilmirdi ki, ulu öndərin telefonçusuyam, məni görəndə demişdi ki…”

Zahirə Quliyeva! Çoxunuz bu adı, soyadı bəlkə də ilk dəfədir eşidirsiniz. Çünki bu şəxsin kimliyi uzun illər məxfi saxlanılıb. Elə bu məxfiliyə görə də Ümummilli Liderlə bir dənə də olsun fotosu yoxdur. 1976-cı ildən Ulu Öndərin telefonçusu olan bu xanım Heydər Əliyevi böyük sevgi ilə xatırlayır. Bu gün isə həm onu, həm də onun dahi şəxsiyyətlə bağlı verdiyi son müsahibəsini xatırlayacağıq. Yeni müsahibə almaq üçün bu gün məndə olan 3 telefon nömrəsinə zəng etsəm də əfsuslar olsun ki, onunla danışmaq bu dəfə mənə nəsib olmadı. Öz-özümə fikirləşdim ki, telefonçu olasan, heç bir nömrənə zəng çatmaya?! Ulu öndərin doğum və anım günündə, yəni ildə iki dəfə jurnalistlərin suallarını cavablayan Zahirə Quliyeva indi yalnız verdiyi müsahibələrdə xatırlanacaq. Çünki o artıq həyatda yoxdur! Bizə verdiyi son müsahibəsini isə Moderator.az-ın oxucuları ilə bölüşürük.

“Telefonun dəstəyini qaldıran kimi bizdə lambıçla var idi, yanırdı, lambıçkanı mən açırdım. Soruşurdum ki, Quliyeva sizi eşidir, buyurun. Ulu öndər deyirdi ki, Moskvanı qoş, qoşurdum Moskvanı, yaxud da Bakını qoş, mən də qoşurdum. Qızı Sevil Əliyeva Moskvada yaşayırdı. Təzə nəvəsi dünyaya gəlmişdi. Bizim indiki prezidentimiz İlham Əliyev də hələ orada oxuyurdu. Mən Moskvaya zəng etdim, onlar da cavab verdi, Sevil xanımı qoşdum, danışdılar. Danışıb qurtarandan sonra mənə təşəkkürünü bildirdi. 1978-ci ilə qədər ulu öndərin telefonçusu olsam da, həmin müddət ərzində bir dəfə də olsun Heydər Əliyevlə üz-üzə görüşməmişəm. Yalnız iclaslardan birindən sonra Heydər Əliyevə yaxınlaşıb onun telfonçusu olduğunu bildirdim. Məni görməmişdi, birinci dəfə idi. Dedi, nə arıq, cılız qızsan sən? Sənə yemək vermirlər? Gərək sənə yemək göndərim. Dedim ki, çox sağ olun, Allah razı olsun. Sadəcə çıxdım ki, sizi görüm. Doğrudan da arıq idim! Həqiqətən də Azərbaycanını, ailəsini, uşaqlarını sevən bir insan idi. Necə ki, deyirdi, Azərbaycanlı olmağımla fəxr edirəm, doğrudan da elə bir insan idi” deyə Zahirə Quliyeva müsahibəsində bildirmişdi.

 

Zahirə xanım ümummilli liderlə çalışmağın onun üçün şərəfli olduğunu bildirmişdi.

 

“Mən həqiqətən də fəxr edirəm ki, o cür şəxsiyyətin, Heydər Əliyevin telefonçusu olmuşam. Bununla fəxr edirəm və həmişə də fəxrlə deyirəm. Əvvəl deyə bilmirdim, çünki məxfi idim. Rəhmətə gedəndən sonra deməyə başladım. Ümummilli liderin bir amalı var idi, doğma Qarabağ torpaqlarını necə olursa-olsun yağı düşməndən azad etmək. 1993-cü ildə Heydər Əliyev Azərbaycana dönəndən sonra mən yenə də onun ətrafında idim. 2000-ci illərə qədər. O, Azərbaycanı bütöv görmək istəyirdi. Həmişə deyirdi ki, Azərbaycan bütöv olmalıdır. Fəxr eləyirdi Azərbaycanla. Ondan sonra oğlu İlham Əliyev atasının siyasətini davam etdirərək, Qarabağı düşmən tapdağından azad etdi. İnanın Allaha Heydər Əliyev yaşasaydı təsəvvür etməzsiniz ki, o sevinci necə qarşılayardı! Çünki Azərbaycanı bütöv görmək onun ən böyük arzusu idi” deyə Zahirə Quliyeva bildirmişdi.

 

Zahirə Quliyeva məxfi saxlanmağını belə izah edirdi.

 

“Hər il qol çəkirdim ki, onun telefonçusu olduğumu heç yerdə bildirməyəcəm, hətta evdə də bildirmirdim. Ona neçə il qulluq etdimsə, hər zaman ondan böyük diqqət gördüm. 1992-ci ildə mən və Nəsibə Zeynalova Naxçıvana getdik, bizi qonaq çağırmışdılar. Xahiş etdik ki, Heydər Əliyev bizi qəbul etsin. Bizi qəbul etdi, çay süfrəsi təşkil etdi. Dedik ki, siz Azərbaycanın yaraşığısınız, Bakıya dönməlisiniz. O da dedi ki, Bakıya dönəcəyəm və həmişə də sizin arxanızda olacağam. 1993-cü ildə Bakıya gəldi. Hətta mənə deyirdi ki, sən mənim sağ qulağımsan Quliyeva, nə olsa mənə xəbər verərsən, o mənə, mən də ona inanırdım” deyə telefonçu bildirmişdi.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button