“Düşündüm ki, bu günümü anamsız qeyd edirəm, təsirli məqamlar çoxdur…”

“Diqqətiniz üçün təşəkkür edirəm. Ad günümdə adi günlərdən birini yaşayıram. Amma anadan olan insan üçün bu günün özəlliyi var, elə bilirsən ki, öz günündür. Çox şükürlər olsun, sevinirəm ki, artıq ikinci doğum günümdür ki, Şuşada qeyd edirəm. Biz dünən də Cənab Prezidentin və Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “5-ci Xarıbülbül” festivalında iştirak elədik. Şuşadan təzə qayıtmışıq, əhvalımız da çox yaxşıdır”

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Elnur Əhmədov deyib. Kamança ifaçısı doğulduğu Zəngilan torpağına otuz il sonra ayaq basdığı üçün ölkə başçısına öz təşəkkürünü bildirib: 

“Mənim üçün ən böyük hədiyyə Qarabağımızın azad olunmasıdır. Əsas odur ki, ən böyük arzuma çatdım. Cənab Prezidentimiz başda olmaqla, doğulduğum Zəngilan rayonuna getdim. Otuz il idi arzulayırdım ki, kamançamın səsi doğma torpağımızda eşidilsin. Bunu Cənab Prezidentlə görüşdə özünə də dedim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Otuz illik həsrətə son qoydular və bizi doğma Qarabağımıza qaytardılar. Bu gün biz dünyanın hər bir yerində Qarabağ Muğam qrupu olaraq öz musiqimizlə, muğamımızla mədəniyyətimizi təbliğ edirik. 

 

Biz həmişə tədbirlərə gedəndə xarici ölkə səfərlərində mənfur qonşularımızla üz-üzə gələndə adama ironiya ilə bir baxışları var idi. Amma şükürlər olsun ki, bu gün biz dünyanın hər bir yerinə gedəndə alnıaçıq, üzüağ, qəhrəman bir ölkənin, xalqın övladları kimi milli muğamımızı təbliğ edirik, bununla da şərəf duyuruq. Allah dövlətimizi qorusun. Hər bir yaşı yaşamağın özü bir şərəfdir”.

 

E.Əhmədov onu bu gün dünyaya gətirən anasının dünyadan köçməsinə görə kədərləndiyini bildirib:

 

“İnanırsınız ki, heç bu gün doğum günümü qeyd etmirəm. Dostlar məni təbrik edirlər. Amma bu gün anamı itirməyimdən sonra ilk doğum günümdür ki, onsuz keçirirəm. Çünki qırx dörd il anam mənim yanımda yaşayıb, qırx dörd yaşımı da anamla birlikdə qeyd etmişəm. İndi təsirli məqamlar çoxdur. Axşam onu düşündüm ki, bu yaşımı anamsız qeyd edirəm. İki gündən sonra, mayın 15-də anamın da ad günüdür. Cənnətdə ilk doğum gününü qeyd edəcək. Allah cəmi ölənlərimizə rəhmət eləsin. Həyatdır, neyləmək olar, qurban olum Allaha”. 

 

Qeyd edək ki, Elnur Əhmədov 13 may 1977-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button