“Gürcüstan xalqı özünü Ukraynaya hücumun qurbanı kimi hiss edir…” – Salome Zurabişvili

 

“Yalnız bir tərəf məsuliyyət daşıyır – Rusiya”

 

Rusiyanın başlatdığı Ukrayna müharibəsi 2008-ci ildə Rusiya ordusunun Gürcüstan ərazisinə soxulduğu hadisələrlə bağlı ağrılı xatirələri yada saldı. Rusiya ilə beşgünlük müharibədə məğlubiyyət Tiflisin iki regiona – Cənubi Osetiya və Abxaziyaya nəzarəti itirməsinə gətirib çıxardı və burada rus qoşunlarının mövcudluğu bu gün də davam edir.

Moderator.az xəbər verir ki, Almaniyanın “Deutsche Welle” nəşri Gürcüstan prezidenti Salome Zurabişvili ilə Ukraynadakı müharibənin onun ölkəsi üçün nə demək olduğu, Tbilisinin NATO və Aİ-yə üzv olmasının niyə bu qədər vacib olduğu və gürcülərin öz ölkələrinin Rusiya təcavüzünün növbəti qurbanı ola biləcəyindən ehtiyat edib-etmədikləri barədə danışıb.

Əgər hazırda Ukraynada baş verənlərdən danışsaq, Gürcüstan xüsusi vəziyyətdədir, çünki ərazisinin bir hissəsi, demək olar ki, işğal olunub…

Demək olar ki, yox, həqiqətən işğal olunub və işğal olunmuş iki hissənin hər birində hərbi birləşmələr yerləşdirilib

– Bu fakt Gürcüstanda Ukrayna hadisələrinə münasibəti necə dəyişir? Sizdə belə bir hiss varmı ki, Ukraynanın yerində tezliklə Gürcüstan olacaq?

– Həmrəylik hissi var. Belə bir hiss var ki, bizim ukraynalılarla oxşar tariximiz var – həm Rusiya imperiyası, həm sovet “imperiyası” və həm də indiki dövrdə. Axı bizim xalqlarımız eyni aqibəti yaşayıb. Hesab edirik ki, biz artıq işğal olunmuşuq və belə bir təcrübəmiz var.

Ona görə də Gürcüstanda indiki mərhələdə qorxu yox, həmrəylik hissi dominantlıq edir. Gürcüstan xalqı indi həqiqətən də özünü hazırkı hücumun qurbanı kimi hiss edir və Ukraynanın müqavimətinə və onun Avropa və ABŞ-dakı tərəfdaşlarının ölkəyə kömək birliyinə ümidlə baxır. Biz bunu heyranlıqla izləyirik.

– Siz dəfələrlə Qərbi Gürcüstana daha çox dəstək və diqqət göstərməyə çağırmısınız. Siz həm də hərbi dəstəyi – silahların tədarükü, hərbi kadrların hazırlanmasınəzərdə tuturdunuz?

– Hər zaman daha çox müdafiə silahları əldə etmək imkanımız var, çünki müdafiə bizə qalan yeganə şeydir. Amma biz NATO ilə kifayət qədər birgə təlimlər keçirmişik – sonuncusu cəmi iki ay əvvəl olub. Bir çox gürcü əsgəri Əfqanıstanda olanda almanlarla birlikdə yerlərdə birbaşa təlimlər keçirdilər. NATO həqiqətən də Gürcüstanı inteqrasiya siyasətində uğurlu şagirdlərindən biri hesab edir. Beləliklə, bizim Aİ və NATO-ya inteqrasiya üçün daha sürətli və etibarlı yola ehtiyacımız var və biz burada özümüz üçün tam təhlükəsizliyin təminatını görürük. Bu təhlükəsizliyə hərbi yolla nail olmaq olmaz, çünki biz Rusiya ilə müharibədə heç vaxt qalib gələ bilmərik.

– Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün rəsmi ərizə verib. Aİ-yə daxil olmağın ölkə üçün əhəmiyyəti olacaq?

İndi bu, reallığa çevrilmiş bir yoldur. Ukraynadakı müharibə Avropa liderlərinə göstərdi ki, keçmişdə nəzərdə tutulmuş, yəni Aİ və NATO-ya daxil olmaq perspektivinin uzun müddət çəkməsi ölkələrimizin bütün bu illər ərzində həqiqətən də Qərb dünyasına aid olmaq hissini azaldırdı.

Ona görə də Rusiyadan gələn mövcud təhlükə və təcavüz qarşısında ölkələrimizə olan dəstəyi nümayiş etdirməyin bir yolu da onları qəbul etməkdir. İndi gördüklərimiz Avropa İttifaqından aldığımız çox mühüm siqnalın sübutudur. Fərqi yoxdur, bizdə və ya Moldovada, bizə görə Ukrayna məsələsi Rusiyanın təcavüz təhlükəsinə düzgün cavabdır. Biz hamımız bu mənada çox nikbinik.

– Almaniya artıq bəyan edib ki, Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini dəstəkləyəcək, lakin keçmişdə Berlin Gürcüstanın NATO-ya daxil olması yolunda sürətli prosedur tərəfdarı olmayıb. Almaniya və digər Avropa ölkələri Tbilisiyə daha fəal dəstək verməli deyidilərmi?

– Məncə, bəli. Amma bu mövqenin artıq dəyişməsi məni çox ümidləndirir. Ona görə də məni keçmişdə baş verənlərin təhlilindən daha çox bugünkü dəstək maraqlandırır. Almaniyanın Avropa yönümündən Ukraynaya birbaşa dəstək olmaq baxışının dəyişməsi çox gözəldir. Bu, bizə ümid verir. Fransa da eyni şəkildə dəyişib – onlar ənənəvi olaraq beynəlxalq strukturlara inteqrasiya prosesində Gürcüstan və Ukraynaya qarşı maraqlı olmayan ölkələrdir. Hesab edirəm ki, yeni özünəməxsus yanaşma konsensusu yaranır.

– Sizə elə gəlmirmi ki, Avropa dövlətləri daha fəal və daha tez hərəkət etsəydilər, o zaman şahidi olduğumuz bir çox hadisələrin qarşısını almaq mümkün olardı?

– Mən məsuliyyət yükünü birinin üzərindən digərinin üzərinə qoymağı sevmirəm. Bəli, Avropa ölkələri və ABŞ daha çox şey edə, daha ayıq ola, Rusiyanın mahiyyətinin nə olduğunu daha aydın başa düşə bilərdilər. Amma onlar bizdən daha uzaqdır. Onların bizim kimi təcrübələri yoxdur. Amma bütün bunlar yalnız bir tərəfin – Rusiyanın məsuliyyət daşıması faktını dəyişdirmir.

Biz baş verənlərə görə məsuliyyəti hər şeyin fərqli olmasını və Rusiyanın dəyişə biləcəyinə inanmaq istəyənlərin üzərinə ata bilmərik. Başqalarının da onlar kimi olmasını arzulamaq demokratik dövlətlərin təbiətinə məxsusdur və əgər bu baş vermirsə, o zaman dəyişikliklər etmək üçün başqalarına sadəcə kömək etmək lazımdır. Təəssüf ki, bunu görmürük.

– Gürcüstan Avropa İttifaqına daxil olmağa hazırdır? Vətəndaş hüquqlarına kifayət qədər əməl olunmaması, demokratiyanın səviyyəsi ilə bağlı müəyyən problemlər barədə ölkəyə bəzi suallar var

– Biz Avropa İttifaqına daxil olmaq üçün bütün tələblərə cavab vermirik və düşünmürəm ki, kimsə desin ki, islahatlar yolunda dayanmaq lazımdır və ya onların tempini sürətləndirməməliyik. Amma mən hesab edirəm ki, biz kifayət qədər çox iş görmüşük və açığı, mən bütün Avropa İttifaqında Gürcüstanı demokratiya baxımından ən pis ölkə hesab etmirəm – xüsusən də tariximizi və inkişaf şərtlərimizi nəzərə alsaq. Amma mən hesab edirəm ki, biz Aİ daxilində olsaq, daha çox şeyə nail olarıq, lakin kənarda qalsaq, bir müddət sonra əhalinin dəstəyini itirəcəyik, Və düşünürəm ki, yeni şərait bizi Aİ üzvləri sırasında daha layiqli olmağa sövq edəcək.

– Hazırda Gürcüstanda insanların əhval-ruhiyyəsi necədir? Onlar indi Ukraynada baş verənlərdən qorxmurlar? Belə bir hiss varmı ki, Rusiya öz təbliğatında Gürcüstandan istifadə etsin və ölkədəki insanların əhvalruhiyyəsini dəyişsin?

Düşünürəm ki, Rusiyanın nə edə biləcəyi ilə bağlı narahatlıq var, çünki o, hər şey edə bildiyini və heç nəyə məhdudiyyəti qoymadığını açıq şəkildə göstərdi. Bəli, insanlar narahatdır. Amma mən bu hissi qorxu adlandırmazdım, çünki biz artıq belə yoldan keçmişik.

O ki qaldı Rusiya təbliğatına… Bəli, belə cəhdlər edilir, amma Gürcüstan 70 il sovet təbliğatı şəraitində yaşayıb, ona müqavimət göstərib. Beləliklə, keçmişimiz sayəsində biz özümüzü idarə olunan və təhrif olunmuş informasiya ifşası şəraitində yaşamaq təcrübəsi olmayan bəzi digər ölkələrlə müqayisədə saxta xəbərlərdən və təbliğatdan daha yaxşı qoruya bilirik.

 

Tərcümə və təqdim etdi: Miraslan

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button