“Bu qərar adamları mütaliəyə cəlb etmək üçün çox xırda bir addımdır…”

“Mən düşünmürəm ki, çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsi kitabın çapında qiyməti aşağı salacaq. Çünki nəşriyyatlar kitab satışından pul götürə bilmir, yəni əksəriyyəti ziyana işləyir. Hər-halda bu mənim yox, nəşriyyat rəhbərlərinin verdiyi açıqlamalardır. Mən də ondan bu nəticəyə gəlirəm”

 

Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib. Q.Ağsəs çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsinin nəşriyyatlara cüzi köməyi ola biləcəyini bildirib:

 

“Onlar deyirlər ki, məhsulumuzu satırıq, amma ordan qazanc əldə edə bilmirik, alıcı azdır, qiymətlər isə bahadır. ƏDV götürülsə belə inanmıram ki, nəşriyyatlar kitab çapında qiymətdə endirim edələr. Əgər onlar indiyə qədər ziyanla işlədiklərini iddia edirlərsə, indi birdən-birə ƏDV-dən azad edilmə heç bir xeyr verməyəcək. Bunun üçün müəyyən müddət lazımdır. Məsələ təkcə çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsiylə bitmir. Kağızın qiyməti və digər çap məhsullarının qiyməti gün-gündən artır. Əgər qiymət artırsa, nəşriyyatlar müəllifə güzəştə getməyəcəklər. Yəni bu tendensiya davam etdikcə qarşıda daha da müəyyən çətinliklərlə rastlaşacağıq. Son müharibənin özü göstərdi ki, Rusiya-Ukrayna müharibəsi A4 formatlı kağızların qiymətini artırdı. Müharibənin əli axı təkcə Rusiya və Ukraynanın yaxasında deyil. Müharibənin əli artıq Avropaya qədər uzanıb. 

 

Hindistan özü buğda ixracına qadağa qoyur. Deməli, ərzaq məshullarına da müəyyən ölkələrdə qadağalar yaranıb. İxrac etmirlər, çünki özlərinə çatmır. Ərzaq məhsullarının qiyməti Azərbaycanın özündə də əməlli-başlı qalxıb. Ərzaq məhsullarının qiyməti artırsa, İranda bununla bağlı aksiya keçirirlərsə, bu həyatın bütün sferalarına sirayət edir. İndi lap kitabın qiymətini bir manat endirdik. Ərzağın qiyməti qalxır axı. Məşhur bir məsəl var ki, “Ac adama Quran oxunmaz”. Çap məhsullarını əlavə dəyər vergisindən azad etmək kitab oxutmaq, adamları mütaliəyə cəlb etmək üçün çox xırda bir addımdır. Mən bu mənada optimist deyiləm və bu sadəcə nəşriyyatların büdcəsinə cüzi kömək ola bilər”.

 

Qeyd edək ki, Baş nazir Əli Əsədov Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının Əlavə dəyər vergisindən  (ƏDV) azad edilməsi haqqında qərar imzalayıb. Qərara əsasən, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button