“Bu gün Robert Köçəryanlar, Serj Sarkisyanlar özlərinin son barıtlarını atırlar…”

 “Real təhlil onu göstərir ki, onlar bu gün Ermənistanda söz sahibi deyillər…”

 

 

“Əslində Ermənistanda baş verən hadisələrin özü xalq etirazından daha çox təşkil olunmuş kampaniyaya bənzəyir. Mənə belə gəlir ki, bu gün Ermənistan deyilən bir respublikanın əhalisinin yetmiş faizi Azərbaycanın şərtlərini qəbul etməyə hazırdır. Böyük məmnuniyətlə o şərtləri qəbul edərlər, amma indi bir tamaşa oynamaq lazımdır ki, həm yerdəkilərə, həm də kənardakılara bunu göstərsinlər. Bilirsiniz ki, Ermənistanın maliyyəsinin bəlkə də yarısından çoxu xaricdən donor şəklində gəlir. O paranın əvəzini vermək lazımdır axı. Amma nəticə etibarıyla bu gün Ermənistanın vəziyyəti elə bir haldadır ki, onun reallıqla barışmaqdan başqa çarəsi və yolu yoxdur”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı deyib. Xalq artisti Ermənistandakı etiraz aksiyalarının bir şou olduğunu bildirib:

“Mənə belə gəlir ki, bu gün Robert Köçəryanlar, Serj Sarkisyanlar özlərinin son barıtlarını atırlar. Real təhlil onu göstərir ki, onlar bu gün Ermənistanda söz sahibi deyillər, vəziyyətə nəzarət edə bilmirlər. Təsəvvür edin ki, əvvəl mitinqlərdə iyirmi minə yaxın adam var idi, amma indi meydanda 2-3 min adam var. Yəni bu say azala-azala gedir. Keçmiş hakimiyyətdə olanların bu gün Ermənistan xalqı arasında yüksək reytinqi yoxdur, bu reallıqdır. Amma əslində bu gün Ermənistanda bir tamaşa oynanılır. Nələrisə əldə etmək, xarici donorları cəlb etmək nöqteyi-nəzərindən, Ermənistanın iqtisadiyyatının bərpasından ötrü, Qarabağ ərazisində hansısa şəkildə müəyyən söz və haqq sahibini saxlamaq üçün çalışırlar. Amma bu artıq keçmiş məsələdir. Azərbaycan Respublikasının mövqeyi bəllidir və dünya böyük mənada Azərbaycanın tələblərini bilir və əslində qəbul olunmuş vəziyyətdədir. 

 

Ermənistanda sülh sazişinə çoxdan razılıqlarını veriblər, amma müəyyən kütlələr və ətraf üçün bir tamaşa oynanılır. Nəticə etibarıyla Ermənistanın Azərbaycanın və reallığın şərtləriylə hesablaşmaqdan başqa yolu və çarəsi yoxdur. Hərbi, iqtisadi, mənəvi çöküş var. Çıxış yolu vəziyyətlə barışmaqdan başqa bir şey deyil. Düşünürəm ki, yaxın bir zamanda Ermənistan bütün siyasi cəbhə boyu Azərbaycanın şərtlərini qəbul edəcək. Əslində ciddi şəkildə qəbul olunmuş məsələlər var. Ona görə bir tamaşa oynayıb sonradan yolu yoxdur qərarına gələcəklər və Azərbaycanın şərtlərini qəbul etməyə məcbur qalacaqlar.  

 

Başqa yol yoxdur, çünki Azərbaycan beynəlxalq aləmdə, bölgədə artan nüfuzuyla, iqtisadiyyatıyla, artmaqda olan hərbi potensialıyla dünya birliyi tərəfindən bütün mənalarda ciddi siyasətində ardıcıl olan dövlət kimi tanınır. Ona görə də reallıq ondan ibarətdir ki, güclüləri və ağıllı oynamağı bacaranları bu dünya qəbul edir. İyirmi beş il bundan qabaq dünya bizim haqlı ola-ola haqqımızı qəbul etmirdi. Amma bu gün Azərbaycan haqlıdır, bütün dünya Azərbaycanın haqlı olduğunu, ərazi bütövlüyünü qəbul edib. Ortalıqda bir haqsız Ermənistan var və haqsız Ermənistan reallığı qəbul etmək məcburiyyətindədir, çünki başqa yolu yoxdur. Çünki nə siyasi, nə hərbi, nə iqtisadi gücü var. Ermənistanın xilas yolu reallığın tələb etdiyi şərtlərlə barışmaqdır və yaxın zamanlarda da düşünürəm ki, elə bu Azərbaycanın tələbləri şərtiylə nəticələnəcək”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button