“O, Laçından gələndə bir yaşı var idi…”-Şəhid hərbçimizin qardaşı…

“Bu gün Elginin 31 yaşı tamam oldu. Qəbrini ziyarət etdik, amma özü doğum günündə olmadığı üçün çox çətin idi. Allah şəhidlərimizə rəhmət eləsin, onların yeri cənnətdədir. Amma biz onsuz da bu həyatda ölüyük. Təsəlli yerimiz torpaqlarımızın işğaldan azad edilməsidir. Şəhidlərimiz canlarını vətən uğrunda qurban verdilər”

 

Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi zamanı Şuşada şəhid olan müddətdən artıq hərbi qulluqçu, hərbi feldşer Elgin Ağayar oğlu Abbaslının qardaşı Nicat Abbaslı deyib. Şəhid qardaşı özlərinin də əslən Laçın rayonundan olduqlarını bildirib:

 

“Ailədə iki qardaşıq. Elgin məndən kiçik idi. Biz Laçın rayonunun Dəyhan kəndindənik. Elginin biz Laçından qaçqın düşəndə bir yaşı var idi. Otuz ilə yaxındır ki, Sumqayıtda Sarıqaya qəsəbəsində yaşayırıq. Hərbçi olmaq Elginin qanında var idi. Daim Xocalı faciəsindən olan çəkilişlərə baxırdı. Çox vətənpərvər insan idi. 2014-cü ildə Elgin əsgər getdi və sonra tibb bölüyündə xidmətini davam etdirdi. Həm sürücü işləyirdi, həm də hərbi feldşer idi. 

 

Təcili tibbi yardım maşınını idarə etmək çətindir. Vətən müharibəsində Elgingilin də üzərinə böyük məsuliyyət düşürdü. Çünki düşmən müharibənin qaydalarına riayət etmir, təcili tibbi yardım maşınına da atəş açırdı. Elgin Vətən müharibəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 

 

Komandiriylə dörd nəfər heyətlə Şuşaya gedəndə pusquya düşərək şəhid olublar. Döyüşə gedəndə qızı Nəzrin doqquz aylıq idi. İndi uşağın iki yaşı var, o da bizə əmanətdir. Elgin komandiri, polkovnik-leytenant Rasim Abdullayevlə birlikdə şəhid olub”.

 

Qeyd edək ki, Elgin Abbaslı 1991-ci il mayın 16-da Laçının Dəyhan kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Şucaətə görə” medallarıyla və “Bayraq ordeni” ilə təltif olunub. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button