“Pafos və ləhcə olmamalı, səs insan beyninə çəkic kimi vurmamalıdır…”

“Ölkəmizdə dublyaj sənəti 1937-ci ildə yaranıb. İlk dəfə Şüa Şeyxovun “Çapayev” bədii filmi rus dilindən Azərbaycan dilinə dublyaj olunub.

 

Səsləndirmədə o vaxtın görkəmli aktyorları iştirak ediblər. Bəs görəsən dublyaj aktyoru olmaq üçün ilk öncə sənətçidə hansı keyfiyyətlər olmalıdır?

 

Tanınmış aktyor Allahverdi Yolçuyev Moderator.az-a bununla bağlı danışıb.

 

“Birinci ordan başlayaq ki, filmin özü, əsər yaxşı redaktə, tərcümə olunmalıdır ki, aktyor çətinlik çəkməsin. Aktyorun ilk növbədə nitqi, danışığı, səs tembri, duyumu, başa düşməsi, sözlərin düzgün tələffüz olunması, xarakteri az da olsa verməsi lazımdır. Dublyaj aktyoru ilk növbədə nitqinə fikir verməlidir, orada qətiyyən ləhcə olmamalıdır. Pafos lazım deyil, olmaz. Səs insanın beyninə çəkic kimi vurulmamalıdır, tamaşaçı səsdən ləzzət almalıdır. Mən avtobusda kiminləsə telefonla danışanda o dəqiqə dönüb baxırlar, məni tanımırlar, amma səsimi tanıyırlar. Bəzən məni də tanıyırlar (gülür). Mənə çox vaxt elə “Şirin baba”, “Qarqamel” (Şirinlər) deyirdilər, səsimi eşidən kimi tanıyıb deyirdilər ki, aa həmin filmi siz dublyaj etmisiniz? Bəxtim elə gətirdi ki, ömür boyu özümə kumir saydığım dünya şöhrətli aktyor Lui De Finesin “Fantamaz” “Jandarma” və s. filmlərini dublyaj etməklə səsləndirməyə başladım. Bu mənim üçün çox maraqlı idi. Aktyorun səhnədə oynadığı rollarla filmdə səsləndirdiyi rollar arasında böyük fərq var. Bir rol verə bilərlər, teatrda aylarla məşq edə bilərəm, amma dublyaj belədir ki, buradan verirlər mətni, burdan da başlayırsan filmi oxumağa. Hər şey cəld olmalıdır” deyə tanınmış aktyor bildirib.

Dublyja təkcə səsləndirməklə olmur. Həm də kinoteatrlarda filmlər insanlara alt yazılarla təqdim olunur. Aktyorun ilk olaraq toxunduğu redaktə məsələsi təkcə dublyajda yox, filmlərin altyazı ilə təqdim olunmasında da önəmli faktordu. Çünki rus və ya ingilis dillərini bilən izləyici filmə baxarkən orijinal mətnlə altyazının uyğun olmadığını anlayır. Bu isə diqqətin filmdən yayınmasına səbəb olur. 

 

Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva Moderator.az-a açıqlamasında bildirib ki, bəzən belə hallara kinoteatrda rast gəlinir.

“Təbii ki, dublyaj tamaşaçı baxımından filmi izləmək üçün daha rahatdır. Kinoteatr birbaşa özü dublyaj və subtitr məsələsi ilə məşğul olmur, biz hazır məhsulu alırıq. Təbii ki, bəzən biz görürük ki, şikayətlər olur. Tamaşaçılar tərəfindən irad bildirilir ki, filmlərdə müəyyən səhvlər var. Təbii ki, biz də filmləri yoxlayıb, müəyyən səhvləri görürük. Bu texniki olaraq bizim əlimizdə deyil ki, səhvi düzəldək. Biz sadəcə olaraq distrübütur şirkətlərinə müraciət edirik, onlardan yeni kontent gözləyirik, səhvlər düzəlir, yeni versiyada olur. Hal-hazırda bununla bağlı vəziyyət daha yaxşıdır. Tərcümə işi ilə məşğul olanlar çalışmalıdır ki, altyazı ilə verilən cümlələr dəqiq tərcümə olunsun. Əks təqdirdə bu, tamaşaçının filmə marağını azaldır” deyə direktor bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button