“Cavad xanın da salamat qalmaq imkanı olmuşdu, amma…”

Gəncə imamzadəsi və cavad xan Qacar…

(Bu bəhsimiz ibrətamiz bir əhvalat barəsindədir…)

 

Moderator.az  Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Gəncə imamzadəsi və cavad xan Qacar…” başlıqlı növbət yazısını təqdim edir:

 

“Azərbaycanın qədim Gəncə şəhərində yerləşən İmamzadə kompleksi V İmam Muhəmməd Bagirin (677–733) oğlu Seyid İbrahimin məzarı üzərində ucaldılmış türbənin ətrafında salınmışdır. Türbənin iç divarındakı mərmər lövhədə ərəbcə belə bir yazı həkk olunmuşdur:

 

“Allah əbədidir. Bura İmam Muhəmməd Bagir əleyhissəlamın oğlu Mövlanə İbrahimin müqəddəs məkanı, onun Cənnət bağıdır. Babası köçdükdən (və ya babasının hicrətindən) 120 il sonra vəfat edib. Allahın salamı olsun ona”.

Qeyd:

 

Ehtimala görə, bu yazıdakı “babası köçdükdən 120 il sonra…” ifadəsi Muhəmməd Peyğəmbərin (570–632) Məkkə şəhərindən Mədinə şəhərinə hicrət etdiyi 622-ci ilə işarədir. Deməli, Seyid İbrahim 742-ci ildə dünyasını dəyişmişdir. Yeri gəlmişkən, 740-cı ildə Əməvilər Seyid İbrahimin əmisi Zeyd ibn Əlinin (695–740) üsyanını böyük çətinliklə yatırmış, onun özünü isə şəhid etmişdilər. Beləliklə, ola bilsin ki, Seyid İbrahim bu faciədən sonra daha da şiddətlənmiş Əməvi zülmündən baş götürərək Gəncə şəhərinə pənah gətirmişdi… 

 

Amma belə bir fikir də vardır ki, sözügedən ifadə Muhəmməd Peyğəmbərin bu dünyadan köçdüyü tarixi, yəni 632-ci ili bildirir. Bu halda Seyid İbrahim 752-ci ildə – Abbasilər sülaləsinin hakimiyyətə gəlməsindən üç il sonra rəhmətə getmişdir.

 

Gəncə İmamzadəsi XVIII əsrin sonlarında Gəncə xanı Cavad xan Qacarın (1748–1804) göstərişilə əsaslı şəkildə təmir edilmişdi. Bu işə Gəncə xanlığının ən yaxşı memarları cəlb olunmuş, xeyli vəsait xərclənmişdi. Bərpa prosesinə Azərbaycanın görkəmli şairi, mütəfəkkiri, maarifçisi və pedaqoqu  Mirzə Şəfi Vazehin (1794–1852) atası – Gəncənin baş memarı Kərbəlayi Sadiq rəhbərlik etmişdi.

1803-cü ilin soyuq qışında Gəncə, əslində isə, bütövlükdə Azərbaycan Rusiya imperiyasının təcavüzünə məruz qaldı. 1804-cü il yanvarın 3-də işğalçı çar ordusunun xeyli üstün qüvvələri igid gəncəlilərin son dərəcə şiddətli müqavimətini qırıb qala divarlarına çıxdılar. Qala bürcünün üstündə onları əli qılınclı Cavad xan qarşıladı. Qanlı bir döyüş başlandı. 

 

Sözsüz ki, tarix “elə olsaydı, belə olardı” kimi fikirləri qəbul etmir. Amma məqsədimiz fərqli olduğu üçün ritorik bir sual verək: Müdafiəyə rəhbərlik edən xanın bu qırğından sağ çıxmaq şansı var idimi? Zənnimizcə, Cavad xanın da salamat qalmaq imkanı olmuşdu:

 

– Məsələn, düşmən mühasirəsini yarıb mühacirətə gedə bilərdi…

– Yaxud, yaralanıb əsir düşər, sonradan dəyişdirilərdi… 

– Bəlkə də ruslar onu Şeyx Şamil kimi hörmətlə azad edəcəkdilər… 

 

Bəs bu variantlardan biri baş tutsaydı, sonra nə olacaqdı? Cavad xan 56 yaşında şəhadətə yetmişdi. Bu, o dövr üçün kifayət qədər uzun ömür sayılırdı. Xəstəliklər, bədbəxt hadisələr üzündən insan həyatı təsadüflərdən asılı idi. Hətta bunlar olmasaydı belə, Gəncə xanı uzağı, 30–40 il də ömür sürüb gec-tez Haqqın dərgahına qovuşacaqdı. Sonra isə öz dövrünün bəzi digər xanları, feodalları, hakimləri tək unudulacaq, salnamələrdə yalnız bir ad kimi qalacaqdı. 

Amma Tanrının onun barəsində istəyi başqa idi. 1804-cü il yanvarın 3-də Allah Cavad xanın qəlbinə elə bir təpər verdi, onun iman dərəcəsini elə yüksəltdi ki, Azərbaycanın bu qəhrəman oğlu bir an belə tərəddüd etmədən şəhadət şərbətini içib əbədi həyata qovuşdu. O məşum və eyni zamanda şərəfli gündən əsrlər keçdi. Zamanın bütün təlatümlərinə, müharibə və fəlakətlərinə baxmayaraq Tanrı Cavad xanın məzarını qorudu. Azərbaycan xalqı öz şəhidinin uyuduğu qəbrin yerini unutmadı, yaddan çıxarmadı. Nəhayət, Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 2005-ci ildə Azərbaycan dövləti İlahi şüarlara həmişə ehtiramla yanaşmış, Gəncə İmamzadəsini, Gəncənin Cümə məscidini təmir və bərpa etdirmiş şəhid xanın məzarı üzərində gözəl bir türbə ucaltdı. Sözsüz ki, heç bir yaxşı əməl mükafatsız qalmır. Cavad xanın məzar daşına XIX əsrdə həkk olunmuş yazı da məhz buna işarə edir:

 

“Bu məzarda Qacar tayfasından olan Gəncə bəylərbəyi Ziyadoğlu Cavad xan uyuyur.

 

İstər miskin dərviş, istərsə də şahi-cahan olsun, hər kəsin son məskəni qara torpaqdır.

 

Gəncədə bu məqbərəni (Cümə məscidini) mərhum, rəhmətlik Cavad xan bina etdi.

 

Kərbəla şəhidlərinin torpağından çoxlu torpaq gətirib həmin türbəni malaladı.

 

Öz ölüləri üçün əmin-amanlıq evi yaratdı.

 

Allahı tanıyan cənnətlik Cavad xan min iki yüz on səkkizinci ildə (1804-cü il) öldü.

Ondan sonra bu məqbərədə O fatehin nəsli və ailəsi dəfn olundu”.

 

Müəllif:

Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button