Rübabə Muradovanın əldən-ələ keçən qavalının aqibəti Moderator.az-ın xüsusi araşdırmasında…

Bir neçə gün öncə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova Moderator.az-a özəl açıqlamasında atasının qavalını satışa çıxardığını bildirmişdi. Sənətkarın qızı qavalın xalq artistləri Zabit Nəbizadəyə və Mələkxanım Əyyubovaya qismət olmasını arzulayırdı.

 

Moderator.az-a açıqlama verən Zabit Nəbizadə isə bunları bildirmişdi:

“Mən o qavalı alıb verilişdə, Hacıbaba müəllimin ad günlərində istifadə edə bilərəm. Qaldı ki, mənim yüz minim olsa, ustadın qəbrinin daşını dəyişərəm. Çünki məzar daşı otuz il bundan qabaq qoyulub”.

 

Xalq artisti söhbət əsnasında böyük sənətkarımız Rübabə Muradovanın qavalının ona yadigar qaldığını da bildirmişdi:

“Öz qavalım isə rəhmətlik Rübabə xanımın yadigarıdır. O qavalı əlli minə sata bilsəm, Rübabə xanımın da qəbrini yenidən təmir elətdirərəm” deyə sənətkar demişdi.

Xanəndənin bu sözləri bizdə bir az müəmma yaratdı. Belə ki, Zabit Nəbizadə 1991-1995-ci illərdə hələ Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikomunun “Solo oxuma” (xanəndəlik) şöbəsində təhsil aldığı müddətdə, Rübabə Muradova 1983-cü ildə artıq dünyasını dəyişmişdi. Görəsən Rübabə Muradovanın qavalını sənətkara kim hədiyyə edib?

 

Məsələyə aydınlıq gətirmək üçün Zabit Nəbizadənin özü ilə əlaqə saxladıq.

 

O, Moderator.az-a bunları bildirdi.

 

“Xeyr, qavalı mənə Rübabə xanım yadigar qoymayıb. Mənə sadəcə belə məlumat verdilər ki, bu qaval Rübabə xanımındır. Məlumatın dəqiqliyini öyrənmək üçün qızına, bacısına zəng edib maraqlandım, onlar mənə dedilər ki, biz onun qavalının harada olduğunu bilmirik. Bəlkə özü sağ ikən kiməsə verib?! Qaval ifaçısı Mahmud Salah deyirdi ki, “sənin əlindəki qavalı Rübabə xanım üçün nənəm düzətdirib, bilirəm ki, 100 faiz bu qaval onundur”. Bu qavalı mənə müğənni Mənzurə Musayeva satıb. O mənə dedi ki, həmin qavalı Səlim adlı muğam  müəllimindən alıb. Daha bilmirəm alıb, ya Səlim müəllim ona bağışlayıb. Ola bilsin ki, Səlim müəllimə Rübabə xanımdan keçib, ya ondan alıb. Bunu dəqiq bilmirəm. Rübabə Muradovanın qavalını efirdə görmüşəm, dərisində bir ağ xal var, onunla oxşadıram. Sədəf tərəfi efirdə görünsəydi 100 faiz bilərdim ki, onundur ya yox?! Mən heç Rübabə xanımı canlı görməmişəm, onu hər zaman efir vasitəsilə izləmişəm. Hazırda 3 qavalım var, biri anakonda dərisindəndir” deyə xanəndə bildirib.

 

Məsələni daha da aydınlaşdırmaq üçün tanınmış qaval ustası Mahmud Salahla əlaqə saxladıq. O isə faktlarla danışdı.

 

“1964-cü ildə nənəm özünə bir qaval düzətdirir. O vaxt Rübabə xanım nənəm Xırdaxanımla müəyyən toylara gedirdilər. O nənəmin əlində qavalını görür və onun üçün də bu cür qaval düzətdirməyini xahiş edir. Nənəm öz ustasına Rübabə xanım üçün qaval düzətdirir, ona hədiyyə edir. Mənim nənəm 1993-cü ildə dünyasını dəyişib. O vaxta qədər nənəm deyirdi ki, bilmirəm o qaval kimdədir? Axtardıq, tapa bilmədik. Zaman keçəndən sonra sən demə bu qaval Mənzurə Musayevada imiş. Hətta bildiyim qədərilə Mənzurə xanım həmin qavalı Zabitə satmaq istəməyib. Satmamağının da səbəbi bu qavalın Rübabə xanıma məxsus olması olub. Daha sonra qavalı Zabitə satır. Mən bu qavalı görmüşdüm, həqiqətən də o qaval idi. Hətta Zabit dedi ki, qurbandır sənə. Nənəm düzətdirdiyi qavalın eynisi idi. Eyni futlyar idi. Nənəmin qavalında ebonitləri zəifdir, balaca formadadır, amma arxa tərəfi tam sədəfdir. Bu qavaldan 3 dənə olub. Biri nənəmdə, biri Rübabə xanımda, biri də Əbülfət Əliyevdə” deyə sənətkar bildirib.

 

Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq – Mövzunu davam etdirəcəyik – ARDI VAR…

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button