Əbdüləli bəy Əmircanov- Nəsiman Yaqublunun araşdırması

Qarşıdan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 104-cü ildönümü yaxınlaşır.İlk cümhuriyyətimizin nazirlərindən bəzilərinin fəaliyyətini oxuculara təqdim edirəm.

 

ƏBDÜLƏLİ  BƏY  ƏMİRCANOV (1870-1948)

AZƏRBAYCANIN  MALİYYƏ  NAZİRİ

 

Azərbaycanın görkəmli dövlət xadimi və parlamentin ilk üzvlərindən olan Əbdüləli bəy Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəkidə anadan olmuşdur. O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmiş və 1888-ci ildə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirmişdir.

Tiflisdəki Aleksandrovsk Müəllimlər İnstitutunda Ə.Əmircanov Azərbaycanın tanınmış maarif xadimləri olan S.M.Qənizadə, H.Mahmudbəyov, S.Əbdürrəhmanbəyovla birlikdə təhsil almış və onlarla yaxın dostluq münasibətində olmuşdur. 

Əlavə edək ki, tanınmış milyonçu Şəmsi Əsədullayev 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Ə.Əmircanovun təhsil aldığı Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etdirmişdir.

 

Ə.Əmircanov Tiflisdə ali təhsilini bitirdikdən sonra Şəkiyə qayıtmış və burada şəhər məktəbində müəllim işləmişdir. O, həmin məktəbdə Azərbaycan dilində dərs keçirilməsi, rus dilinin öyrədilməsi, tarix, coğrafiya, təbiətşünaslıq və riyaziyyat fənlərinin tədris edilməsində böyük rol oynamışdır.

 

XIX əsrin axırlarında Ə.Əmircanov Lənkərana köçmüş, orada müəllim işləmiş və o dövrün tanınmış maarifçisi olan Teymur bəy Bayraməlibəyovla (1862-1937) birlikdə bir çox mədəni-maarif tədbirləri həyata keçirmişdir. Ə.Əmircanov Lənkəranda çalışarkən orada ailə həyatı qurmuşdur.

 

XX əsrin əvvəllərində Ə.Əmircanov Bakıya köçmüş, rus-Azərbaycan məktəblərində dərs demiş, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib olaraq çalışmışdır.

 

Ə.Əmircanov Bakıda o dövrdə fəaliyyət göstərən mədəni-maarif cəmiyyətlərinin işində yaxından fəallıq göstərmişdir. Belə cəmiyyətlərdən biri də Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Cəmiyyət 1905-ci ildə dövlət qeydiyyatına alınmışdı.Cəmiyyətin əsas yaradıcıları sırasında məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olmaqla digər tanınmış ziyalılar da var idi: Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Cəmo bəy Hacıncki və digərləri.

 

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və F.X.Xoyski yaratdığı ikinci Hökumət kabinəsində (17.06.1918) Maliyyə naziri vəzifəsinin icrasını  Ə.Əmircanova tapşırdı. Ə.Əmircanov Maliyyə naziri olarkən onun başçılığı ilə hökumət bankı da fəaliyyət göstərmişdir.

1918-ci ilin oktyabrın 6-da Nazirlər Şurasının Sədri F.X.Xoyski kabinə dəyişikliyi edir və Ə.Əmircanov Maliyyə naziri vəzifəsindən uzaqlaşıb, Dövlət Müfəttişi vəzifəsini icra edir.

1918-ci ilin dekabrın 7-də Bakıda Azərbaycan Parlamenti fəaliyyətə başlamışdır. Ə.Əmircanov da parlamentə üzv  seçiləcək bitərəflər qrupuna daxil olmuşdur.O, Azərbaycan Parlamentinin üzvü olaraq iclaslarda  fəal iştirak edərək dövlətin maliyyə, vergi sistemlərinə aid sənədlərin hazırlanmasında mühüm rol oynamışdır.

        1918-ci ilin dekabrında F.X.Xoyski hökuməti istefa verdiyindən Ə.Əmircanov Dövlət Müfəttişi vəzifəsini tərk etmişdir.

1919-cu ildə Ə.Əmircanov B.Cavanşirlə birlikdə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün Bakıda “Dəyanət” şirkəti yaratmışlar.

Ə.Əmircanov cümhuriyyət dövründə bir çox mədəni-kütləvi tədbirlərin təşkilatçılarından biri olmuşdur.

Ə.Əmircanovun Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyətinin öyrənilməsində onun parlamentdəki çıxışları mühüm rol oynayır. O, bu fəaliyyəti ilə yeni yaranmaqda olan dövlətin iqtisadiyyat, sənaye, gömrük və digər sahələrini inkişaf etdirməyə çalışmışdır. Bu sahələr üzrə yeni qanun layihələrinin hazırlanıb müzakirəyə çıxarılmasında böyük fəallıq göstərmişdir.

 

Ə.Əmircanov birinci qanun layihəsini Azərbaycan və rus dillərində oxuyub parlament üzvlərinə tanış etmişdir. O, bildirmişdir ki, 1917-ci ilin 13 iyun qanununa görə, gəlir vergisindən azad olunan varidatın miqdarı 1000rubl təyin edilmişdir. O, bildirmişdir ki, bu 1000 rublun dəyəri indi çox aşağı düşdüyündən, Maliyyə naziri təklif edir ki, bu rəqəm 5 min rubla qaldırılsın, bu məbləğdən artıq olan varidatdan 187 min manat vergi alınsın. Layihə maddələr üzrə səsə qoyulduqdan sonra qəbul edilmişdir.

 

Layihənin müzakirəsində ilk çıxış edən Ağa Aşurov olmuşdur. O, çıxışında gömrük işlərinin Maliyyə yox, Ticarət nazirliyinin nəzarətinə verilməsi vacibliyindən danışmış və Rusiyada da həmişə belə olduğunu qeyd etmişdir.

 

Ə.Əmircanov A.Aşurovun fikirləri ilə razılaşmadığını bildirmiş, əlavə etmişdir ki, gömrüyə gəlir sahəsi kimi yanaşıldığından Maliyyə nəzarətinə verilib.

 

Qanun layihəsinin 5 maddəsi də qəbul olunduqdan sonra ikinci oxunuş növbəti iclasa saxlanılmışdır.

 

Azərbaycan Parlamentinin 1919-cu ilin 7 iyununda keçirilən 52-ci iclasında Ə.Əmircanov iki qanun layihəsi ilə bağlı məruzə etmişdir: 1) Poylu stansiyasında Gömrük idarəsi təsis edilməsi haqqında; 2) Gömrük idarələrində anbar vergisi miqdarının artırılması haqqında; 

Bu qanun layihələri ilə bağlı müzakirələrdə Səməd Ağamalıoğlu, Rza bəy Ağabəyov, Hacı Kərim Sanıyev, Ağa Aşurov, Əhməd Cövdət çıxışlar etmişlər. Gərgin müzakirələrdən sonra qanun layihələrinin ikinci oxunuşu qəbul edilmış, 3-cü − sonuncu oxunuş növbəti iclasa saxlanılmışdır.

Bu faktlardan göründüyü kimi, Ə.Əmircanov maliyyə mütəxəssisi olaraq hökumət üçün faydalı işlər görmüşdür.

Parlamentin 1919-cu ilin noyabrın 6-da keçirilən 93-cü iclasında Ə.Əmircanov “Ağstafa gömrükxanasının ştatının qüvvətləndirilməsi” haqqında olan qanun layihəsi ilə bağlı məruzə etmişdir. O, çıxışında qeyd etmişdir ki, gömrük işlərində Bakıdan sonra ikinci yeri Ağstafa tutur və malların gec baxılması ilə bağlı oradan şikayətlər daxil olur.Bu, hər şeydən əvvəl oradakı işçilərin sayının az olması ilə bağlıdır. Ə.Əmircanov qeyd edir ki, bu problemin həll olunması üçün Maliyyə Nazirliyi layihə təqdim edib və oradakı qulluqçuların sayının artırılmasını təklif etmişdir. Yəni qulluqçuların sayı 15-dən 20-yə qədər artır, nəzarətçi isə əvvəl 3 idi, indi 5 olur.

Bu məsələnin müzakirəsində Camalbəyov, Ağa Aşurov çıxış etmişlər. Təqdim olunan bu layihə 2-ci oxunuşda qəbul olunmuş, 3-cü oxunuşda növbəti iclasa saxlanılmışdır.

Ə.Əmircanov çıxışlarında, irəli sürdüyü fikirlərində qətiyyətlik və konkretlik tərəfdarı idi. Onun bu mövqeyi parlamentdə qəbul edilir, diqqətlə yanaşılırdı.

 

1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra Əbdülləli bəy Əmircanov Türkiyəyə − İstanbula getmişdir.O,1920-ci illərdə Türkiyədə siyasi fəallıq göstərmişdir. 1928-ci ilin iyununda M.Ə.Rəsulzadənin sədrlik etdiyi Azərbaycan Milli Mərkəzinin ikinci heyəti aşağıdakı mühacirlərdən ibarət olaraq formalaşmışdır: M.Ə.Rəsulzadə (sədr), Ə.Əmircanov (xəzinədar), Ə.M.Topçubaşov, M.Y.Mehdiyev, M.Məhərrəmov, X.Xasməmmədov, M.Vəkilli və Ə.Şeyxülislamov.

M.Ə.Rəsulzadənin yazdığı məlumatlarda Ə.Əmircanovun Azərbaycan Milli Mərkəzinin üzvü kimi adı 1927-ci ildə mövcud olmuş birinci heyətdə qeyd olunmuşdur. Azərbaycan Milli Mərkəzinin 1934-1936-cı illərdəki siyahısında isə onun adı qeyd olunmamışdır.

Ə.Əmircanovun 1920-ci illərdəki fəaliyyəti və əlaqələri ilə bağlı sənədlərə 1921-ci ildə rast gəlmək mümkündür. Bu sənədlərdən aydın olur ki, o, artıq 1921-ci ildə İstanbulda yaşayırdı və Xəlil bəyə yazdığı məktubda ağır vəziyyətdə olan mühacirlərə kömək etməsini xahiş edirdi.

1928-ci ilin 17 iyununda Ə.Şeyxülislamov Parisdən Ə.Əmircanova məktub göndərmişdir. Həmin məktubda maliyyə problemlərinə toxunan Ə. Şeyxülislamov sonda yazmışdır: “Bundan əlavə, mən başqa yolla Azərbaycandan məlumat almaq üçün orada kiminləsə əlaqə saxlamalıyam. Çox xahiş edirəm ki, bu məktubu alan kimi iyul ayı üçün mənə veriləcək pulun heç olmasa 1000 frankını teleqrafla göndərin”.

Ə.Əmircanovun Azərbaycan Milli Mərkəzindən uzaqlaşması məlumatı   1928-ci ilin 26 noyabrında Ə.M.Topçubaşovun Parisdə yaşadığı Sent-Kludan C.Hacıbəyliyə yazdığı məktubunda da bəhs edilmişdir. Ə.M.Topçubaşov yazırdı: “…M.Ə.Rəsulzadədən latın hərfləri ilə yazılmış məktub aldım. O, təsdiqləyir ki, baş vermiş narazılıq nəticəsində X.Xasməmmədov, Ş.Rüstəmbəyli, Ə.Əmircanov artıq Mərkəzin heyətindən çıxıblar. Ə.Əmircanov bu haqda Ə.Şeyxülislamova yazıb”.

Ə.Əmircanov məktubunun sonunda yazmışdır: “Sizin “patriotluğunuza” müraciətlə xahiş edirəm ki, yeni Azərbaycan Milli Mərkəzinin siyahısının hazırlanmasına başlayasınız. Siz sədr olmalısınız. Türkiyədən kənar kimi istəyirsiniz cəlb edin. Buradan türklərin etibarını qazanmış adamları dəvət edin. Aşağıdakıların cəlb olunmasını təklif edirəm: Mustafa Vəkilli, X.Xasməmmədov, Mirzə Hacızadə, Mir Əli, Sultanov və Əmircanov (yəqin ki, Lütfəli Əmircanov − red.). Mənim müraciətimə diqqət edərək vaxt az olduğundan tez cavab verin. Güclü Milli  Mərkəzin təşkili vaxtı gəlib çatıb” .

Əbdüləli Əmircanov 1948-ci ildə İstanbulda vəfat etmişdir.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button