“Bəzən bekar qalanda özüm-özümə məktub yazıram ki, qələmim korşanmasın…”

“Hamı çox sağ olsun, minnətdaram, təşəkkür edirəm. Belə gündə adam həmişə ətrafında kimlərisə görmək istəyir və sevdiyim insanların hamısı yanımdadır. Həm iş yerimdə, həm ailəmdə, həm dostlarımın, həm də oxucularımın arasında hər kəs öz ürək sözlərini yazır, arzularını bildirir. Mən də hamıya səadət arzulayıram”

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, şairə, publisist Telli Pənahqızı deyib. T.Pənahqızı doğum günündə onu təbrik edən hər kəsə təşəkkürünü bildirib:

 

“Doğum günü belə bir şeydir ki, insan həmişə tanımadığı adamdan da bir təşəkkür alanda sevinir, fərəhlənir ki, o kiməsə lazımdır. Deməli, mən də ömrümü bihudə yaşamamışam. Millətim, xalqım, oxucularım, tamaşaçılarım üçün nəsə etmişəm, kimlərinsə yadında qalmışamsa, bu da mənim xoşbəxtliyimdir. Taleyimdən, Allahımdan çox razıyam ki, mənə jurnalistlik peşəsinə yiyələnməyi qismət eləyib və mən özü işimi sevdiyimə görə illər boyu evim kimi qiymətləndirdiyim Azərbaycan Televiziyasındayam və güman edirəm ki, burdakı insanların hamısı mənim kim olduğumu gözəl bilir. Əminəm ki, bu millətə, xalqa, dövlətə qulluq etməyə bundan sonra da imkanım çatacaq”.

 

T.Pənahqızı jurnalistikayla yanaşı, yaradıcılıqla da məşğul olduğunu və şeirlər yazdığını bildirib:

 

“Üç şeir kitabım çap olunub və artıq dördüncü kitabımı çapa hazırlayıram. Şeir elə bir şeydir ki, yuxuda da səni oyadır və deyir ki, məni yaz. Yaradıcılıq işi budur. Yolda, izdə, dizinin üstündə bir kağız parçası tapıb yazırsan. Amma iş işliyində qalır. Yəni mənə belə gəlir bu bir könül məsələsidir və adam könlünü küsdürmək istəmir. Yaradıclıqla iş mütləq bir-biriylə dil tapırlar. Əlində qələm, qarşında ağ kağız varsa, fərq etməz şeir və ya məktub yazırsan. Mən bəzən bekar qalanda özüm-özümə məktub yazıram ki, qələmim korşanmasın”.

 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button