“Bakıdakı “Razin dağı” Rusiya xofunu gücləndirmək üçün uydurulmuş sovet mifi idi…”

“1651–1653-cü illərdə qızılbaşlar rusların Şimali Qafqazdakı möhkəmləndirilmiş istehkamlarını birbaşa hücumla ələ keçirmiş, çar qoşunlarını darmadağın edib onları Rusiyanın sərhədlərinədək qovmuşdular…”

 

(Bu bəhsimiz ən məşhur sovet miflərindən biri barəsindədir…)

 

I hissə

Moderator.az  Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “ “Razin dağı” sovet mifi” adlı araşdırma yazısının I hissəsini təqdim edir:

 

“Sovet dövrünü görmüş azərbaycanlıların əksəriyyətinin yaxşı yadındadır ki, o vaxtlar tarix kitabları, digər ictimai-siyasi ədəbiyyat, bəzən isə mətbuat vasitəsilə belə bir “fakt” təqdim olunurdu: 

“1667–1668-ci illərdə Don kazaklarının atamanı Stepan Razin (1630–1671) Səfəvilər dövlətinin Xəzəryanı ərazilərinə yürüş edərək özünün 24 kiçik gəmidən ibarət donanması ilə Abşeron yarımadasına gəlib çıxır. O, Bakı ətrafında yerləşən yüksəkliklərdən birindəki mağarada düşərgə qurub oradan ətraf məntəqələrə aramsız basqınlar etməyə başlayır. Qızılbaşlar nə qədər səy göstərsələr də, kazakların öhdəsindən gələ bilmirlər. Nəhayət, özünə layiqli rəqib tapa bilməyən Stepan Razin ələ keçirdiyi sərvətlərin bir hissəsini həmin mağarada gizlədir və çarizmlə mübarizəni davam etdirmək üçün Rusiyaya qayıdır. Yerli əhali isə o zamandan etibarən buranı Razin dağı adlandırır”.

 

Sözügedən mağara Azərbaycan paytaxtının Bakıxanov qəsəbəsindəki dağda yerləşir. Onun giriş hissəsinin eni 5 metr, hündürlüyü 13,6 metrdir. Mağara iki kameradan ibarətdir. Birinci kameranın uzunluğu 38,4 metr, eni 5 metrdir. İkinci kameranın isə uzunluğu 7,9 metr, eni 4,3–7 metrdir. Mağaranın ümumi sahəsi 255,7 kvadratmetrdir. Toponomika üzrə mütəxəssis Mahirə Abbasovanın yaşlı sakinlərdən topladığı məlumata görə, 100 il əvvələdək buranın adı Kühüldağ olmuşdur. “Kühül” sözü “kaha” sözü ilə eyni mənşəlidir. Hər iki sözün mənası mağaradır. “Kühüldağ” mağara dağı və ya mağaralı dağ deməkdir.

 

Haşiyə: 

 

Qobustan rayonunun Sündü kəndində Kühüldağ adlı karst (suda asanlıqla əriyən süxur – əhəngdaşı, dolomit, təbaşir, gips və ya daşduz) mağarası vardır. Şirvan bölgəsində süni mağaralardan ibarət yaşayış məntəqəsinə keçmişdə kühül deyilirdi. Ehtimala görə, Külüllü (Ağsu rayonu), Kövlüc (Ağsu rayonu), Külüs (Naxçıvanın Şahbuz rayonu), Güllücə (Qərbi Azərbaycan) və Gül (Qərbi Azərbaycan, Cənubi Azərbaycan) kimi kənd adları kühül sözündən törəmişlər.

 

Bəri başdan qeyd edək ki, “Razin dağı haqqında rəvayət”in XVII əsrə, yəni Stepan Razinin yaşadığı dövrə gedib çıxan əsası və kökü yoxdur. Üstəlik, bu məlumat məntiqə də uyğun deyildir. Fikrimizi əsaslandıraq:

 

– Əvvəla, Stepan Razinin yürüşü Səfəvilər dövlətinin ən qüdrətli və stabil vaxtlarından birinə təsadüf edirdi. XVII əsrin II yarısında Qızılbaş dövlətinin bütün strukturları normal fəaliyyət göstərirdi. Səfəvi ordusu isə kifayət qədər güclü idi. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, bu hadisələrdən cəmi 15–17 il əvvəl, yəni 1651–1653-cü illərdə qızılbaşlar rusların Şimali Qafqazdakı möhkəmləndirilmiş istehkamlarını birbaşa hücumla ələ keçirmiş, çar qoşunlarını darmadağın edib onları Rusiyanın sərhədlərinədək qovmuşdular. Bu halda necə ola bilər ki, bir dəstə quldur gəlib Səfəvilərin vacib liman şəhərlərindən birinin yaxınlığında aylarla azğınlıq etsin, güclü bir dövlət isə onların qarşısında aciz qalsın?!

– Əgər Stepan Razinin quldurları həqiqətən də bu mağaranı özlərinə baza etmişdilərsə, orada onlardan hansısa izlər (XVII əsrə aid güllələr, ox və nizə ucluqları, odlu və soyuq silahların qalıqları, ziynət və bəzək əşyaları, geyim elementləri, yazılar və s.) qalmalı idi. Lakin görünən budur ki, indiyədək mağarada və onun ətrafında heç bir artefakt, ciddi bir sübut aşkarlanmamışdır.

 

– Qədim və orta əsrlərdə dənizçilər düşmən sahilinə çıxmağa məcbur qaldıqda çalışırdılar ki, gəmilərin lövbər saldığı yerdən çox da uzaqlaşmasınlar. Apardığımız hesablamaya görə, Kühüldağla Xəzər dənizinin ona ən yaxın sahili arasında məsafə azı 10 kilometrdir. Nəzərə almalıyıq ki, kazakların əksəriyyəti piyada idi. Bu halda onlar geri çəkilməli olsaydılar, minimum 1 saat hərəkət etməliydilər. Amma dəniz sahilinə 1 saat ərzində çatmaq üçün kazaklar yüksək sürətlə qaçmalı idilər. Belə ki, fizioloqların hesablamalarına əsasən, yaxşı məşq etmiş hazırlıqlı adam 10 kilometrdən 40 kilometrədək məsafəni saatda 16 kilometr sürətlə qaça bilər. Burada isə nəzərə almalıyıq ki, hər bir kazak öz üstündə həm silahını, həm zirehini, həm də qarət etdiyi mallardan bəzilərini daşımalı olacaqdı. Deməli, quldurlar sahilə doğru adi yerişlə getməliydilər. Bu zaman ən yüksək sürət saatda 6,5 kilometr ola bilərdi. Bu isə o deməkdir ki, kazaklar əsasən süvarilərdən ibarət qızılbaş qoşununun müşayiəti və həmlələri, aramsız güllə və ox yağışı altında 1 saat 30 dəqiqə – 3 saat hərəkət etməliydilər. Sözsüz ki, belə bir vəziyyətdə onların əksəriyyəti sahilə gedib çıxa bilməyəcəkdi.

 

– Mağaranın ümumi sahəsi müasir tipli mənzilin sahəsi qədərdir. Bu isə o deməkdir ki, Kühüldağ mağarası bir neçə min döyüşçü üçün sığınacaq yeri ola bilməzdi.

 

– Bugün Kühüldağda bulaq və ya su quyusu yoxdur. XVII əsrdə həmin mağarada içməli su mənbəyi var idimi? Bunu bilmirik. Amma aydın məsələdir ki, kifayət qədər su ehtiyatı olmayan yerdə xeyli adamın bir neçə gündən artıq yaşaması mümkünsüzdür.

 

– Nəhayət, Azərbaycanda sovet hökuməti qurulanadək azərbaycanlılar bu yeri Razin dağı deyil, Kühüldağ adlandırırdılar.

 

(Ardı var…)

 

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

 

P.S. Hörmətli araşdırmaçının yazdıqlarından belə anlaşılır ki, Bakıdakı “Razin dağı” Azərbaycan xalqı arasında Rusiya xofunu, Rusiya döyüşçüləri ilə guya heç kəsin bacarmayacağı haqda rəyləri gücləndirmək üçün uydurulmuş sovet mifi olub… 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button