“Bu gün də onun atdığı böhtanlara dözürəm, ailəmə toxunanı isə heç vaxt bağışlamaram”

Məşhur və sevilən müğənni Nazənin Salayeva Moderator.az-ın suallarını cavablandırıb.

 

– Nazənin xanım, bu gün üçün yaşayan insansınız yoxsa sabahınızı da düşünürsünüz? Ümumiyyətlə insan necə yaşamalıdır?

– Gözəl və düşündürücü sualdır, o dəqiqə buna cavab vermək olmaz. Çünki söhbət həyatdan gedir. Mənim üçün şərəfli həyat yaşamaq hər şey deməkdir. Elə yaşamalısan ki, öləndə heç olmasa sənə rəhmət oxusunlar. Həyatda pis insan kimi yaşamaq o insanın hər gün ölməsi deməkdir. Biri var ki, insan bir dəfə ölür, hər şey bitir. Bir də var insan hər gün ölür. Pis insanlar bax bu cür yaşayırlar, hər gün, hər saniyə ölürlər. Çünki pislik içində yaşayırlar. Mən isə həyatı başqa cür görürəm. Həyatda insana yaxşılıq, insanlıq, dürüstlük, vicdan, şərəf qalacaq. Həyatını elə yaşamalısan ki, gələcəkdə övladların səndən utanmasın, qohum-qonşu sənin üçün pis söz deməsin. Ona görə hər zaman yaxşılıq etmək lazımdır. Mən insanları yaxşı əməlləri ilə görmək istəyirəm. Dünya çox fanidir, hamımız qonaq gəlib gedirik. Mən şükürlü, ədalətli insanları sevirəm. Bu gün üçün yaşamıram, gələcəyim üçün də yaşayıram. 

 

– Nazənin xanım, insana pislik edən şəxsə axı yaxşılıq etmək mümkün deyil. Elə deyil?

– Mənə pislik edənlərin hamısına yaxşılıq edib, onları yaxşılığımla utandırıram. Çünki mən ailədə hər zaman atamdan, anamdan belə görmüşəm. Elələri var utanmır, elə bilirlər ki, belə də olmalıdır, o düzgün yoldadır. Haqlısınız, bəzi insanlar “padoş”-dur. Mənə elə pislik edənlər var ki, desəm tükləriniz biz durar. Amma mən hələ də onlara yaxşılıq edirəm, dinmirəm, susuram, danışmıram. Atdığı şərlərə, böhtanlara hələ də dözürəm. Allah mənə çox böyük səbr verib.

 

– Ən həssas nöqtəniz nədir? Hansı ki, ona toxunan insanı ömür boyu bağışlamazsınız?

 

– Ən həssas yerim mənim balalarım, övladlarımdır. Övladlarıma toxunanı heç vaxt bağışlaya bilmərəm. Heç vaxt!

 

– Hazırda hava özünü may ayına uyğun aparmır. Maraqlıdır, Nazənin xanım özünü hansı fəsildəki kimi hiss edir?

– Özümü bütün fəsillərdəki kimi hiss edirəm. Bütün fəsilləri sevirəm. Bunlar Allahın bizlərə əmanətidir. Allah təbiəti belə yaradıb. Hava necə olursa-olsun fərq etməz. Demək ki, Allah bunu bu cür istəyib. Mən fikri dəyişkən insan deyiləm deyə, ona görə də fəsillərlə yaşamıram. Yayda da hara gedirəmsə üstümdə mütləq uzunqol geyim götürürəm. Deyirlər ki, qızmar yay günündəsən, o nədir? Deyirəm ki, hava da Allahdan gəlir, birdən kəskin dəyişər.

 

– Nazənin xanım, ailənizdə ard-arda itkilər yaşadınız. İtkilər insanı gücləndirir yoxsa zəiflədir?

 

– Mən deməzdim ki, itkilər insanı zəiflədir. Mən zərbə aldıqca güclənirəm, daha da məğrur oluram. İnsanı ağrıları həyatda ayaq üstə saxlayır, güclü edir. Mən zəif qadın deyiləm, baxmayın ki, kövrəyəm, amma güclü qadınam. Mənə qarşı nə boyda təxribat hazırladılar, bu gün də bunu edirlər, Allaha qurban olum, o yıxmadığı insanı bəndə nə kəradir ki, yıxsın?! Allah istəmir mən yıxılım, ona qurban olum!

 

– Depressiyaya düşdüyünüz anlar olub?

 

– Vallah depressiyaya düşmürəm. Mənim o qədər gözəl balalarım, nəvələrim var ki, onlar məni depressiyaya düşməyə qoymurlar. Mənim yoldaşım 1 dəqiqə də qoymaz ki, depressiyada olum. Allah mənə uğurlu ailə nəsib edib, bu barədə çox xoşbəxt xanımam. Depressiyaya düşmək fikrim olsa belə nəvələrim, balalarım, yoldaşım mənim yadımdan hər şeyi çıxarır. Şəhidlər verəndə depressiyaya düşmüşdüm, hətta deyirdim ki, daha oxumayacam, efirlərə çıxmayacam, şəhidlərin, qazilərin valideynlərinin üzünə necə baxacam? Bir bu vaxt depressiyaya düşmüşəm!

 

– Hər mahnınız sevilir, hitə çevrilir. Bunu necə bacarırsınız? Məncə bu tək bəstəkardan asılı deyil, siz nə mahnı oxusanız o seviləcək.

 

– Bu barədə çox şanslı müğənniyəm, nə oxumuşamsa hit olub. Çünki o mahnıları bir-bir yaşayıram, səmimi deyirəm. Onlar mənim ürəyimdən gəlir, duyğularımdır.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button