Əliağa Həsənov- Nəsiman Yaqublunun araşdırması

Qarşıdan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 104-cü ildönümü yaxınlaşır.İlk cümhuriyyətimizin fəaliyyəti  çox da araşdırılmamış nazirlərindən bəzilərini  oxuculara təqdim edirəm.Məqsədim isə odur ki, Cümhuriyyət dövründə vətənə, millətə böyük faydalar vermiş bu şəxsiyyətlərin hər birini tanıyaq və dəyərləndirək.Çünki onlar “yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi” yaratdılar.

 

 

ƏLİAĞA  HƏSƏNOV (1871 − 1933)

 

AZƏRBAYCANIN MALİYYƏ  NAZİRİ.

AZƏRBAYCAN  DÖVLƏT  BANKININ  SƏDRİ

Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə və Bank sisteminin formalaşmasında tanınmış dövlət xadimi  Əliağa Həsənovun böyük rolu olub.

 

Ə.Həsənov 1871-ci ildə Bakı şəhərində anadan olub. Bakı Şəhər Gimnaziyasında oxuduqdan sonra Bakı Kommersiya məktəbini bitirib. O, türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir.

 

Ə.Həsənov Şəhər Dumasının üzvü seçilmiş və Bakıya şollar su kəmərinin çəkilməsində, kanalizasiya şəbəkəsinin yaradılmasında, Dənizkənarı parkın (Bulvarın) salınmasında xidmətlər göstərmişdir (8).

 

Ə.Həsənovun mətbuatla da əməkdaşlığı olub. Onun “Füyuzat” jurnalında məqalələri çap edilmişdir. Ə.Həsənovun böyük rus yazıçısı L.N.Tolstoyla da dostluq münasibətlərinin olduğu qeyd olunur.

 

1917-ci ilin Fevral-burjua inqilabından sonra Ə.Həsənov Azərbaycanın siyasi həyatında daha yaxından iştirak etdi. 1918-ci ilin martın 29-31-də Rusiya ordusu tərəfində döyüşüb, S.Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşun hissələri tərkibinə daxil edilərək Bakıya qayıtmış erməni silahlı hərbçiləri 10 mindən çox azərbaycanlını qətlə yetirdilər. Bu qırğının qarşısının alınması üçün digər ziyalılarla birlikdə Ə.Həsənov da çalışırdı. O, soyqırımın son günündə yaradılan Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.

 

Heç bir partiyaya daxil olmayan, bitərəf mövqedə dayanan Ə.Həsənov 1918-ci ilin dekabrından fəaliyyətə başlayan Azərbaycan Parlamentinin üzvü olub.

 

Ə.Həsənov F.X.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinəsində (26.12.1918 − 14.03.1919) Maliyyə Nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə Dövlət müfəttişi (ona qədər bu vəzifədə M.Hacınski olub) vəzifələrini yerinə yetirmişdir.

 

Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəylinin yaratdığı 1-ci (ümumi sayca 4-cü) Hökumət kabinəsində o, Maliyyə naziri vəzifəsini icra etmişdir. Ə.Həsənov bu vəzifədə 1919-cu ilin 24 dekabrına qədər fəaliyyət göstərmişdir.

 

O, 1919-cu ilin dekabrın 24-də Maliyyə naziri vəzifəsindən uzaqlaşdıqdan sonra (onun yerinə Əhrar Partiyasından R.Kaplanov təyin edildi) Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışdı. 

Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin müvafiq iqtisadi-maliyyə strukturlarının formalaşmasına 1918-ci ilin sonlarından başlanılmışdır. 1918-ci ilin oktyabrın 21-də Nazirlər Soveti qanunvericilik aktına əlavə olaraq Maliyyə Nazirliyi Şurasının hüquqi statusu haqqında qanunvericilik aktına əlavələri təsdiqləmiş, sonradan isə parlament “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında qaydaları” qəbul etmişdir.

 

Eyni zamanda, Maliyyə Nazirliyi yanında şura təşkil edilmişdir. Həmin Şura Maliyyə  Nazirinin sədrliyi ilə təsis olunmuşdur və 5 həlledici səsə, 4 məşvərətçi səsə malik olan insanlardan ibarət idi.

 

Yeni yaradılmış bu sistemin inkişaf edilməsində Maliyyə naziri Ə.Həsənov önəmli rol oynadı. 

Qeyd edək ki, Ə.Həsənova qədər Azərbaycan Cümhuriyyətinin Maliyyə nazirləri − Nəsib bəy Yusifbəyli (28.05.1918-17.06.1918), Əbdüləli bəy Əmircanov (17.06.1918-06.10.1918), Məhəmməd Həsən Hacınski (06.10.1918-26.12.1918), İ.Protasov (26.12.1918-14.03.1919) olmuşlar.Onların hər biri çox ağır vəziyyətdə olan ölkənin maliyyə problemlərinin həllinə çalışmışdırlar.

 

1919-cu ilin mayın 26-da Azərbaycan Hökuməti Dövlət Bankının yaradılması haqqında qanun layihəsini bəyənərək, parlamentin təsdiqinə verir. 1919-cu ilin sentyabrın 18-də parlament “Azərbaycan Dövlət Bankı haqqında nizamnamə”ni qəbul edir.

 

Azərbaycan Dövlət Bankının 1-ci maddəsində qeyd olunurdu ki, bankın yaradılmasında əsas məqsəd pul dövriyyəsinin yüngülləşdirilməsi, qısamüddətli kreditlər yolu ilə ticarətə, sənaye və kənd təsərrüfatına kömək göstərməkdir. Bu həm də pul sisteminin möhkəmləndirilməsinə imkan yaradacaqdı.

 

1919-cu ilin 30 sentyabrında Azərbaycan Dövlət Bankının təntənəli açılışı oldu. 1919-cu ilin oktyabrın 25-də isə Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin açılması haqqında qanun qəbul edildi.

 

1919-cu ilin 11 oktyabrında Azərbaycan Parlamenti “Azərbaycan Dövlət Əmanət kassaları haqqında nizamnamə”ni təsdiqləyir və digər bölgələrdə açılıb fəaliyyət göstərməsinə şərait yaranır.

 

1919-cu ilin iyulun 15-də xarici valyutanın kursunun müəyyənləşdirilməsi üçün Bank birjası yanında ayrıca komitə yaradılır.

 

Azərbaycan Cümhuriyyətinin maliyyə sistemini möhkəmlədən bu işlərin reallaşmasında nazir Ə.Həsənovun ciddi fəaliyyəti var idi. 

 

Ə.Həsənov həm də neft gəlirinin əldə olunmasına diqqət edirdi. Neft sənayesi sahəsində görülən tədbirlər nəticəsində neft hasilatı əvvəlki dövrlə müqayisədə yüksəldi. 

1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin 25, 50, 100, 250 və 500 manatlıq dəyərində dövriyyəyə buraxılan kağız pullarının üzərində Nazirlər Şurasının sədri N.Yusifbəylinin və Maliyyə naziri Ə.Həsənovun imzaları var idi.

 

1919-cu ilin sonunda Cümhuriyyət Hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər idarəsinin 500 manat dəyərində istiqraz vərəqəsi dövriyyəyə buraxıldı. Buraxılan pulların qiymətdən düşməməsi emissiya həcminin artmaması, devalvasiyaya uğramaması üçün Ə.Həsənov ciddi iş sistemi yaradırdı.

 

Tanınmış dövlət xadimi Ə.Həsənov Azərbaycan Parlamentinin də iclaslarında fəallıq göstərmişdir.

 

1919-cu ilin mayın 5-də parlamentin 5-ci iclası keçirildi. İclasda 10-na qədər məsələ müzakirə edilirdi. Növbədə 5 yüz 10 milyon manat kağız pul buraxmaq haqqında hökumətin icazə verməsi ilə bağlı qanun layihəsinin müzakirəsi idi.

 

Parlament üzvü M.Vəkilov hələ 2-ci iclasda bu məsələ ilə bağlı qanun layihəsinin təqdim edildiyini və parlamentin Maliyyə nazirinin izahat  verməli olduğunu qeyd etdi.

 

Azərbaycanın Maliyyə Naziri olan Əliağa Həsənov  çıxış edərək deyir: “Möhtərəm məbuslar! Azərbaycanın maliyyə və iqtisadi əhvalını təsvir etmək üçün lazım olan materiallar bu gün də əldə deyildir. Bir məmləkətin əhvalını təsvir etmək və onun maliyyə və iqtisadi işlərini bir neçə gündə öyrənmək çətin məsələdir. Lakin müxtəsər də olsa, izahat vermək olar. Əvvəla, bunu istəyirəm ərz edim ki, aləmşümul Cahan müharibəsinin cəmi dünyada sui-təsiri olduğu kimi, bizim məmləkətdə də olmuşdur. Bizim məmləkət də bu bəladan uzaq qalmayıbdır. Beş  il tamamdır ki, adi məişət mümkün deyildir. Hər şey öz yolundan çıxmışdır…”.

 

Ə.Həsənov çıxışında ağır vəziyyətdə olan Azərbaycanın reallıqlarından danışır. O, qeyd edir ki, 5 ildir bütün məmləkətdə anarxiyadır və güman edirdik ki, yollar açıq olacaq, mallarımız aparılıb satılacaq və oradan da bizim üçün hazır mallar gələcək. O, bildirir ki, müharibənin başlanması ilə yollar bağlandı, ciddi problemlər yarandı. Çətini odur ki, bu vaxta qədər biz özümüz üçün mal hazırlamamışıq.

 

Ə.Həsənov fikirlərini konkret müddəalar əsasında parlament üzvlərinə çatdırır: “Bu beş ildə nə əkmişik, nə biçmişik. Bu cür hal isə var. Dövlət haradan olsun? Gərək əkin əkilsin, yollar açıq olsun, ticarət olsun, əmniyyət olsun”.

 

Ə.Həsənov çıxışında bir vacib məqama da toxunur: “Bir haldayıq ki, xalqın mümkünü yoxdur ki, vergi versin. Varı olan da fikir etmir ki, Hökumət gərək öz xərcini-borcunu versin. Hər kəs bu fikirdədir ki, azadlıqdır, vergi vermək lazım deyil. Bu fikir xalqın zehnindən götürülməlidir”.

Ə.Həsənov bildirir ki, kağız pulları buraxmaqda məqsəd xərcləri qaydaya salmaq, ölkənin fövqəladə xərclərinə sərf etməkdir. O, nəzərdə tutulan 510 milyonun 300 milyonunun çap edildiyini, 210 milyonun qaldığını, hökumətin işinin dayanmaması üçün parlamentin razılıq bildirməsini xahiş edir. 

 

Ə.Həsənovdan sonra M.Ə.Rəsulzadə, M.Əfəndizadə, Ə.Cövdət, Sultan Məcid Qənizadə, A.Aşurov çıxış edərək məsələyə müxtəlif münasibətlər bildirirlər.

 

1919-cu ilin mayın 12-də parlamentin 36-cı iclası keçirildi. Müzakirə olunan “Hökumət qulluqçularının faiz əlavəsi haqqında olan qanun layihəsi” ilə bağlı Musa Rəfiyev məruzə etdi. Sonra söz hökumət nümayəndəsi olaraq Ə.Həsənova  verilir. O, deyir: “Hökumətdə bir neçə cərəyan vardır. Biri 90 faizdən başlayıb aşağıya qədər artırılması tərəfdarı idi. Bir təklif də var idi ki, 80 faizdən başlayıb aşağı getsin. Bu təklif azlıqda qaldı. Biz təklif edirik ki, 500-dən başlayıb hər iki 150 manata 5 faiz aşağı düşməklə 90 fazidən hesab edilsin. Bir təklif də var ki, bu məvaciblər martın əvvəlindən hesab olunsun. Mart ayında cəmi qulluqçular məvaciblərini iki dəfə alıblar. Martda artıq aldıqları çıxılmasın. Hökumət bunu qəbul edibdir”.

 

Ə.Həsənov çıxışında bir problemin olduğunu da vurğulayır: “Bir təklif irəli sürənlər də var ki, maaş əlavələri yanvarın əvvəlindən hesablanıb verilsin”.

 

Ə.Həsənov bu təklifin xəzinəyə böyük zərər verəcəyini qeyd edirək ən müqbil variantın mart ayından hesablanmasını uyğun sayır. Müzakirədə iştirak edən S.M.Qənizadə, R.Qaraqaşlı, A.Əfəndizadə, N.Yusifbəyli müxtəlif təkliflər irəli sürürlər.

 

1919-cu ilin avqustun 28-də parlamentin 69-cu iclası keçirilir. İlk müzakirə edilən  “Azərbaycan Hökumət Bankının təşkili haqqında qanun” layihəsidir. Əsas məruzəçi R.Ağabəyovdur.

Parlament üzvü Ə.Cövdətin (Pepinovun) təklifi ilə layihə maddələr üzrə səsə qoyulmamışdan öncə Maliyyə naziri Ə.Həsənovun izahat verməsi xahiş olunur.

 

Maliyyə naziri Ə.Həsənov Dövlət Bankının yaradılması ilə parlament üzvlərini məlumatlandırır: “Dövlət Bankı barəsində olmuş və olacaq bil-cümlə etirazlara cavab verməyə hazıram. Əvvəla, etiraz belə olur ki, açılacaq bankın kənar sözləri var. Naməlum əhvalatları, intriqaları var. Halbuki, bu xüsusda qaranlıq və qapalı bir şey yoxdur…Dövlətli qismləri azdır və bir-iki faizdən artıq deyildir. Bu bank ən ziyadə demokratiya əsasları üzərinə qurulan və demokratiyanın mənfəətdar olması üçün açılır. Bankdan ehtiyacı olan kimsələr istifadə edəcək və dövlətlilər heç bir şey qazanmayacaqlar. Və yenə Hökumət bankının açılması ilə digər banklarda zühur edə bilmək, olan fənalıqların önünü alıb, adətən nəzarət vəzifəsini ifa edə biləcəkdir. Və yenə bankın açılması ilə də faiz miqdarı azalacaqdır. Pək böyük sui-istemallara meydan verən yüzdə 10, 12 faiz alan mənfəətdarların da işləri olmayacaq. İntriqaları pozulacaq. Və əl-hasil bankda dövlətlilərdən ziyadə camaat istifadə edəcəkdir”.

 

Ə.Həsənov Bank yaradılmasının maliyyə işlərinə ciddi təsirini qeyd edir : “Əgər maliyyə işlərimizi yoluna qoymasaq, digər hərbi və maarif kimi işlərimiz qabağa getməz, çünki ona bağlıdır”.

 

Ə.Həsənov açılacaq yeni bankın köhnəsi ilə heç bir əlaqəsinin olmadığını bildirir: “Sonra bu bankın keçmiş dövlət bankı ilə əlaqəsindən bəhs etmişdilər. Bunu sizə ərz etməliyəm ki, yeni bankın köhnə bank ilə əlaqəsi yoxdur və olmayacaqdır. O bir bankdır, qalıb öz yerində. Borcu var-yoxdur, işimiz deyil.Yeni bank isə yeni əsas üzrə sizə təqdim edilən nizamnaməyə müvafiq bir surətdə açılacaq. Bu bankın əsas sərmayəsi 50 milyon manat olacaq. 20 milyon manat da ehtiyac sərmayəsidir”.

 

Ə.Həsənov qeyd edir ki, hazırda ölkədə 35 əmanət kassası var və köhnə kassaların 12 milyon borcunu da ödəməyi üzərimizə götürmüşük və bu borcları ödəməklə xalq arasında etibar da qazanmaq mümkündür. 

 

Ə.Həsənovun bu məntiqli izahatından parlament üzvləri razı qalır və bank yaradılması haqqında olan layihəni maddələr üzrə oxuyub səsə qoyurlar.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ə.Həsənov Azərbaycanın mədəni-ictimai həyatında fəal iştirak etmiş, bir müddət Dövlət Bankının müdiri olaraq çalışmışdır.

Ə.Həsənov 1933-cü ilin martın 18-də Bakıda vəfat etmişdir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button