“Oğlu ondan soruşmuşdu ki, mayordan sonra hansı rütbə gəlir, demişdi ki, şəhidlik zirvəsi…”

“Oğlumun arzusu həqiqətən də hərbçi olmaq idi. Uşaq yaşlarında avtomat düzəldib, oynayırdı. Atəş açırdı avtomatdan, deyirdim ki, Elnur neynirsən, deyirdi ki, düşmənləri qovuram. Əmisi şəhid olmuşdu, onun yolunu davam etdirirdi. Əmisinin şəhid xəbərini eşidəndə binanın qarşısındakı asfalta şeir yazmışdı. Şeirdə deyirdi ki, əmi, mən sənin qisasını alıb, torpağımızı yağı düşmənlərdən xilas edəcəm, yeri gəlsə sənin kimi şəhid olacam. Elnur hər kəsin sevimlisi idi, hərəni öz dili ilə danışdırırdı. Bizi hamıdan, hər kəsdən üstün tuturdu, bircə vətəni bizdən üstün tuturdu. Atası evdə böyük olsa da, hər zaman məsləhətlərimi onunla edirdim, onunla söhbətləşirdim”.

 

Bunu Moderator.az-a açıqlamasında şəhid mayor Elnur Quliyevin anası Marusa Həsənova deyib. O daha sonra əlavə edib.

“Elnur Qarabağı azad görmək üçün səbirsizlənirdi. Bir neçə il öncə mayor rütbəsi alanda oğlu ondan soruşdu ki, ata, mayordan sonra nə rütbəsi gəlir? O da demişdi ki, şəhidlik zirvəsi! Tez-tez deyirdi ki, Ali Baş Komandan  İlham Əliyev əmr versəydi gedib torpaqlarımızı yağı düşməndən azad edərdik. Bəsdir bu düşmənin əsarəti altında torpaqlarımız qaldı! Hərbi Hissi Komandirinin müavini idi, əslində vəzifəsinə görə arxa cəbhədə qala bilərdi, lakin razı olmadı. Müharibənin ilk günlərindən ön cəbhədə döyüşürdü. Zabit yoldaşları ilə, tabeliyində olan əsgərlərlə birgə kənd Horadizi, bir neçə yüksəkliyi azad edir, Fizulinin Qarğabazarı kəndi var, o kəndin yaxınlığında İlanlı dağa bayrağı sancır Elnur. Həmin dağda mühasirəyə düşürlər, ermənilərlə əlbəyaxa döyüşdə ermənilərin səngərlərini alıb, onları məhv edirlər. Lakin düşmən snayperinin gülləsinə tuş gəlir, anadan olduğu Fizuli torpağında da şəhidlik məqamına yüksəlir” deyə şəhidin anası deyir.

Marusa Həsənova onu da bildirib ki, xidməti dövründə Elnur Quliyev məsuliyyətli olması ilə hər zaman hörmət qazanıb.

“Deyirdi ki, biz bu torpaqları almasaq, kim alacaq? Ciddi, məsuliyyətli, nümunəvi zabit idi Elnur. Bir sıra medallarla, mükafatlarla təltif edilmişdi. Şərəfli ömür keçdi Elnur. İki övladı var, canını fəda etdiyi bu vətənə övladlarını əmanət etdi. Elnur əgər arxada qalsaydı, hansısa sığınacağa gedib gizlənsəydi, onun yanına mərmi düşüb, şəhid olsaydı mən çox pis olardım. Mən indi Elnurla fəxr edirəm. Fəxr edirəm ki, doğulduğu, boya-başa çatdığı Fizuli torpağı uğrunda o cür döyüşərək, ermənilərə göz dağı çəkdirərək şəhid oldu. Mən oğlumla fəxr edirəm. Tarix Elnur və onun simasında olan igidləri tək-tük yetişdirir” deyə şəhidimizin anası bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button