“Oğlum 1-2 dəfə özünü asmışdı, xilas etmişdim, 3-cü dəfə mən işdə olanda isə intihar etdi…”

“Bir qadın, insan kimi həyatda güclüyəm. Fikirləşmə qabiliyyətim kişilərdə olduğu kimidir. Düşdüyüm situatsiyalardan asanlıqla çıxa bilirəm. Ona görə də mən sınmıram, əzilmirəm, heç kimə möhtac olmuram. Dözmüşəm, bilmişəm ki, nə etmək lazımdır. Hər şeyə rəğmən həyat davam edir. Allah təala da dərdi çəkə bilənə verir. Görünür mən çəkə bilirəm bu dərdləri. Çalışıram onlardan üzüağ çıxım! Çalışıram yaşadıqlarımı tez-tez xatırlamayım. Ölən oğlumu, nəvəmi heç unutmuram. Mən bilirdim ki, 44 yaşıma qədər həyatım necə olacaq, amma 44 yaşından sonra bilmirdim ki, həyatın acılarını görəcəyəm. Gördüm də. İndi də o acılardan çıxmağa çalışıram. Görünür missiyam hələ də bitməyib. Nəvəm deyir ki, nənə, mən hələ icazə vermirəm ölməyə, sən yaşamalısan”.

 

Bunu Moderator.az-a açıqlamasında məşhur aktrisa Məsumə Babayeva deyib. O, daha sonra əlavə edib.

“Qızımla nəvəmi maşın vurdu, nəvəm ondan sonra 5 gün yaşadı. Ürəyi dayanmışdı, mən onu işlətdim. Uşaq gözümün qabağında getdi. Həkim dedi ki, bu möcüzədir. Ürəyi çox güclü imiş. Oğlum anadan olandan rəhmətə gedən günə qədər deyirdi ki, mən 25 yaşında öləcəyəm, mənim üçün qırmızı məzar düzəldərsən. Mən də deyirdim ki, ay bala, hələ 5 yaşın var, sən nə bilirsən ölüm nədir? Oğlum vergili idi, bu gün danışanda mənim özümə xəstə kimi baxırlar. Dedi ki, ana gəlib, məni aparacaqlar. Onu xəstəxanaya yatırtdım, deyirdi ki, ana bir dəfə özümü asdım, ip qırıldı. Həqiqətən də 1 ay sonra özünü ipdən asmışdı, ip qırılmışdı, yerə düşmüşdü. Halbuki bu hadisəni 1 ay öncə mənə demişdi. İş dalınca getmişdim, gəlib gördüm ki, oğlum özünü asıb, intihar edib. 2-3 dəfə asmışdı özünü, gəlib xilas etmişdim. Çox böyük depressiyalar yaşadım, müxtəlif xəstəliklər tutdum. İnsan nə qədər dözər? Fikir adamın içini yeyir, üzüm gülür, içim qan ağlayır” deyə aktrisa bildirib.

Məsumə Babayeva ona qarşı diqqətsiz münasibətdən də gileylənib.

“Hər zaman arzulamışam ki, sənətim olsun, sənət üçün çalışım. Allah bütün bunları mənə verib. Akademik Milli Dram Teatrında Hökümə Qurbanova, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov kimi sənətkarlarla birgə çalışmışam. Həyat belə gətirib ki, mənim sənətdə parladığım bir çoxları parlamamışdı. Amma indi həm xalq artisti fəxri adını alıblar, həm də şöhrət ordeninə kimi gəlib çatıblar. Çünki gənc idim, utanırdım ki, 20-25 il işləyənlərin fəxri adı yoxdur, mən necə dillənim? Mənə deyirdilər ki, sən cavansan, gözlə qoy biz alaq. Mən dövlət mükafatını alanda bütün teatr bir-birinə dəymişdi. Arxaya çəkə-çəkə bu günə qədər də arxaya qaldım. Bu gün də gənclərə yol verilib. Məni 68 yaşında teatrda işdən çıxarıb, yola saldılar. Depressiyaya düşdüm, təsəvvür edirsiniz? Müqavilə ilə 1-2 ay işləyib, pul aldım. Gəlir yerim yoxdur, bir dənə əmək təqaüdü ilə dolanıram. Gəlir yerim yoxdur, bilmirəm aldığım cüzi məvacibi qaza, işığa verim yoxsa suya? Dərmanlarım da çox bahadır. Evin içində addımla gəzirəm, tutmasalar yıxıla bilərəm. İncəsənət qurban tələb edir, çəkiliş vaxtı sinəm əzildi, fikir vermədim. Sinəm başıma oyun açdı. Pis vəziyyətdəyəm, əməliyyat olunmalıyam. Həm şəkər, həm insult, həm də sinə xərçəngindən əziyyət çəkirəm. Hələ ki, xərçəngin yüngül formasıdır, amma ağır formasına da keçə bilər” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button