Ağa Aşurov- Nəsiman Yaqublunun araşdırması

Qarşıdan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 104-cü ildönümü yaxınlaşır.İlk cümhuriyyətimizin fəaliyyəti  çox da araşdırılmamış nazirlərindən bəzilərini  oxuculara təqdim edirəm.Məqsədim isə odur ki, Cümhuriyyət dövründə vətənə, millətə böyük faydalar vermiş bu şəxsiyyətlərin hər birini tanıyaq və dəyərləndirək.Çünki onlar “yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi” yaratdılar.

 

 

AĞA  AŞUROV (1880 − 1936)

AZƏRBAYCANIN TİCARƏT  VƏ  SƏNAYE  NAZİRİ

Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simalarından biri olan Ağa Hacı Aslan oğlu Aşurov  1880-ci ildə Bakı şəhərində anadan olub. A.Aşurov ilk təhsilini Bakıdakı gimnaziyada aldıqdan sonra Almaniyaya getmiş, orada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil almışdır.

A.Aşurov təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, Bələdiyyə idarəsində çalışmışdır. O, Bakının abadlaşdırılması sahəsində müəyyən işlər görmüşdür.

 

1908-ci ildə Bakıda A.Aşurovun rəhbərliyi ilə yeni elektrik stansiyasının tikilməsi ilə bağlı müqavilə bağlanmışdır. O, eyni zamanda H.Z.Tağıyevin təşəbbüsü və himayədarlığı ilə Bakıya Şollar su kəmərinin çəkilməsi prosesində də iştirak etmişdir.

 

A.Aşurov əsası 1906-cı ilin avqustun 1-də qoyulan, məqsədi müsəlman əhalinin arasında savadın yayılması olan və noyabrın 24-dən H.Z.Tağıyevin sədrliyi ilə fəaliyyət göstərən Nəşri-Maarif Cəmiyyətinin işlərində də fəallıq göstərmişdir.

 

A.Aşurov Bakı şəhər Dumasının üzvü kimi müəyyən işlər görmüşdür.

 

A.Aşurov 1906-cı ildə Ə.M.Topçubaşovun sədrliyi ilə Nijni-Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının 3-cü qurultayında iştirak etmiş, qurultayın Rəyasət Heyətinin üzvü seçilmişdir.

A.Aşurov 1917-ci ildə Rusiyada baş verən Fevral-burjua inqilabından sonra həmin ilin martında yaradılan Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, eyni zamanda 1917-ci ilin aprelin 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının  qurultayında iştirak etmişdir.

 

1918-ci ilin mart hadisələrində o, ermənilərin müsəlmanlara qarşı həyata keçirdikləri qətliamı dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparmışdır.

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra A.Aşurov da dövlət quruculuğu işlərində yaxından iştirak etmişdir.

 

1918-ci ilin iyunun 17-də F.X.Xoyski ikinci Hökumət kabinetini formalaşdırdıqda A.Aşurovu Ticarət və Sənaye naziri təyin etmişdir.

 

A.Aşurov 1918-ci ilin oktyabrın 6-da olan kabinədaxili dəyişikliyə qədər, eyni zamanda ölkənin ərzaq sahəsinə də başçılıq etmişdir. 1918-ci ilin oktyabrın 6-da ayrıca Ərzaq Nazirliyi yaradılmış və bu sahə K.Lizqara həvalə edilmişdir.

 

1918-ci ilin oktyabrın 6-dakı kabinədaxili dəyişiklikdən sonra A.Aşurov Poçt-Teleqraf naziri təyin olunmuşdu. Onun əvvəl işlədiyi sahə üç nazirlik formasında (Ticarət, Sənaye və Daxili İşlər) birləşdirilmiş və B.Cavanşirə  həvalə edilmişdir.

 

1918-ci ilin dekabrında o, Azərbaycan Parlamentinə üzv seçilib, Müsavat və bitərəflər fraksiyasında təmsil olunmuşdur.

 

Cümhuriyyətin ilk dövründə dövlətin ticarət, sənaye və ərzaq siyasətinin müəyyənləşdirilməsində onun böyük rolu olmuşdur. Ölkədə müəyyən hallarda baş verən iqtisadi böhranla mübarizədə, iqtisadiyyat sahəsində dövlət nəzarəti sisteminin yaradılmasında, möhtəkirliyin qarşısının alınmasında A.Aşurov fəallıq göstərmişdir. O, dövlətin müstəqil iqtisadi xəttinin müdafiəçisi idi. 

A.Aşurov 1918-ci ilin dekabrın 7-dən fəaliyyətə başlayan Azərbaycan Parlamentinin iclaslarında da fəallıq göstərirdi. Onun parlamentdə aparılan qanun layihələrinin müzakirələrində tez-tez çıxış etməsi bunu sübut edir.

 

1919-cu ilin fevralın 5-də keçirilən Azərbaycan Parlamentinin iclasında Hökumətə sorğu məsələsi müzakirə edildikdə, A.Aşurov belə təkliflə çıxış edir: “Hökumətin sorğulara olan cavabını eşidərək Məclisi-Məbusan Hökumət rəisinin göstərmiş olduğu tədbirlərin tezlik ilə görülməsi arzusunu izhar edərək və Hökumətin bəyanatını kafi görərək növbədəki məsələlərin müzakirəsinə keçir”.

 

1919-cu ilin fevralın 26-da parlamentin 17-ci iclasında ilk olaraq M.Rəfiyev məruzə edir və Maliyyə-büdcə komissiyasının 21 fevral tarixli iclas protokolu əsasında Bakı Bələdiyyə idarəsinə 4 milyon rubl borc buraxılması ilə bağlı Daxiliyyə nəzarətinin qanun layihəsinin qəbulu üçün parlamentə təklifini bildirir.

 

Bu məsələ ilə bağlı ilk olaraq A.Aşurov çıxış edir. O, deyir: “Mən Bakı Bələdiyyə idarəsinə pul verilməsi tərəfdarı olardım və olmalıyam da. Pul verilməsini də istərəm. Heyif ki, bu layihədə bu borcun nə cür qaytarılacağı və mədaxil yolu göstərilmir. Parlament özünü aldatmamalıdır. Keçənlərdə bələdiyyə idarəsinə bir milyon borc verdik və onun qaytarılması vaxtı göstərildi. Fəqət bu dörd milyonu Bələdiyyə idarəsi qaytara bilməyəcəkdir… Mən təklif edirəm ki, bu pulu borc deyil, qaytarmamaq üzrə Bələdiyyə idarəsinə verin və mədaxilini artırmaq üçün yollar arayın”.

 

Həmin iclasda müzakirə edilən digər məsələ dəmiryol tarifinin artırılmasıdır. A.Rzayevin əsas məruzəsindən sonra S.M.Qənizadə, A.Əminov, Ə.Cövdət (Pepinov) çıxış edirlər. Bu məsələyə münasibət bildirən A.Aşurov deyir: “Deyirlər, tarifi artıraq. Bu sistem düz deyildir. Tarifi artırmaq öz-özündən sərbəst bir məsələ deyil, bu, bir başqa fraksiyadan asılıdır ki, tarifi nə vaxt və nə qədər artırmaq olar. Bu nəzərə alınmalıdır”.

 

A.Aşurov qeyd edir ki, tarifin artırılması heç vaxt mənfəət verməyib və əvvəl bu, zərər vermişdir. Onun fikrincə, tarifi o zaman artırarlar ki, məxaric çox olsun, mədaxili də artırmaq mümkün olmasın.

 

Bu məsələnin müzakirəsi sonunda qanun layihəsi Maliyyə-büdcə komissiyasının göstərdiyi tərkiblə qəbul edilir.

 

Parlamentin 1919-cu  ilin 17 martındakı 24-cü iclasında “Hökumət məmurlarına bayram münasibəti ilə birdəfəlik fevral maaşının 75 faiz əlavəsi ilə müavinəti nəqdiyyə verilməsi üçün layihə” müzakirə edilir. Müzakirələrdə Ə.Pepinovun çıxışından sonra A.Aşurov öz fikrini bildirir ki, bu layihədə müəllimlərin də məvacibləri artırılmalıdır. A.Aşurov təklif edir ki, bütün qulluqçuların məvaciblərinin artırılması üçün ayrıca bir layihə hazırlansın.

 

Həmin iclasda bir qanun layihəsi də müzakirə edilir: “Gömrük idarəsinin təğyir  və təbdili  barəsində”. Ş.Rüstəmbəylinin əsas məruzəsindən sonra A.Aşurov çıxış edir. O, gömrükxana idarəsinin maliyyə nəzarətində olmasına etirazını bildirir və sahənin Ticarət və Sənaye nəzarətinə verilməsini düzgün sayır.

 

1919-cu ilin mayın 5-də keçirilən parlamentin 33-cü iclasında” 510 milyon emissiya − kağız pul buraxılması haqqında qanun layihəsi” müzakirə edilir. Maliyyə naziri Ə.Həsənovun parlamentin qərarı əsasında verdiyi izahatdan sonra ilk olaraq, M.Əfəndizadə, sonra Ə.Cövdət (Pepinov), S.M.Qənizadə çıxış edirlər. Sonra söz A.Aşurova verilir. O, təklif edir ki, 510 milyonun çapına icazə verilməlidir və pul bir aylıq deyil, bir neçə aya kifayət edəcək.

 

Parlamentin 1919-cu ilin 14 iyulunda keçirilən 55-ci iclasında müzakirə edilən bir məsələ də “Zəngəzur qaçqınlarına 18.750.000 rubl pul buraxılması haqqında qanun layihəsi”dir. Bu layihə haqqında M.Rəfiyevin məruzəsindən sonra R.Ağabəyov, H.K.Sanıyev, S.M.Qənizadə çıxış edirlər. 

 

A.Aşurov isə fikrini belə bildirir: “Bu işlər ümumi camaat köməyi ilə aparılmalıdır. Hökumət pulu ilə qaçqın saxlamaq olmaz. Mən burada bir proqram görmədim  ki, danışam… Büdcəmizi, qüvvəmizi bilək, proqram da məlum olsun”.

 

Parlamentin 1920-ci ilin 19 aprelində keçirilən 142-ci iclasında müzakirə olunan məsələlərdən biri də belə adlanır: “Azərbaycan Cümhuriyyəti tərəfindən 6 siyasi heyətin Avropanın qərb tərəfinə və Amerikaya göndərilməsi və Paris Sülh Heyətinin azad olunması haqqında qanun layihəsi”. Bu haqda əsas məruzəçi olaraq M.Əfəndizadə çıxış edir. O, əsas etiraz olmadığına görə üçüncü oxunuşa keçməyi təklif edir.

 

M.Əfəndizadədən sonra M.Ə.Rəsulzadə, S.Ağamalıoğlu, Q.Qarabəyli, H.H.Əfəndizadə, A.Səfikürdski, Ə.Qarayev, A.Əfəndizadə, M.S.Axundzadə, A.Qardaşov, R.Ağabəyov çıxış edirlər.

 

A.Aşurov isə Amerikaya göndərilən heyətdən daha çox sayda Rusiyaya göndərilməsinin vacibliyini bildirir və Rusiyadakı səfirliklə bağlı ayrıca bir qanun layihəsinin  hazırlanmasının zəruriliyini qeyd edir.

 

1920-ci ilin 27 aprelində parlamentin sonuncu – 145-ci iclası keçirilir. İclasda əksəriyyət səslə hakimiyyətin kommunistlərə verilməsi qərara alınır: bir nəfər əleyhinə olur, üç nəfər bitərəf qalır, üç nəfər səs vermir. 

 

Parlamentin necə olacağı və necə idarə ediləcəyi məsələsinə isə A.Aşurov belə münasibət bildirir: “Onların (yəni bolşeviklərin − red.) fikirlərinə görə bu vaxta qədər olan hökumət parlamentə qulluqçu idi. Amma indi elə deyil. O adam sənə hökm edir, sən də qəbul edirsən. Məsələ bu növ bitir. Parlamentin qalmasını heç onlar da istəmirlər. Qəbul etsələr belə, yeni bir nəticə verməyəcəkdir”.

 

Bu, A.Aşurovun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində dediyi son sözlər oldu.

1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra bolşeviklər Ağa Aşurovu həbs etmək istəsələr də, o xilas ola bildi. Əvvəl Türkiyəyə getmək istəsə də, bunu həyata keçirə bilmədi. O, çıxış yolunu Rostov şəhərinə köçüb orada yaşamaqda tapdı. A.Aşurov burada mühəndis-texnoloq işləmiş, 1936-cı ildə vəfat etmişdir. O, Rostovdakı tatar qəbiristanlığında dəfn edilmişdir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button