“Sorosu xoşlamasam da, bu məsələdə o, haqlıdır…”  

“Rusiyanın iştah dişi Ukrayna savaşında sınmasa,  o, çox təhlükəli olacaq.  Ukraynadan sonra Moldovanı istəyəcək, Latviyanı istəyəcək… Hətta Azərbaycan da istisna deyil… ”

 

Xəbər verildiyi kimi, Davosda son Ümudünya iqtisadi forumunda diskusiyalar əsasən iki məşhur amerikalı immiqrantın mövqeləri ətrafında gedib.  Bu həftə 99 yaşını qeyd edəcək Henri Kissincer video-formatda çıxış edərək Rusiyaya qalib gəlmək və ya onu təcrid etmək cəhdlərinə qarşı çıxaraq Ukraynanı 2014-cü ildəki ərazi itkilərilə barışmağa və döyüş əməliyyatlarına son qoymağa çağırıb. Bir neçə saatdan sonra isə 91 yaşlı Corc Soros zalda çıxış edərək, bəyan edib ki, “bəşəriyyəti xilas etmək üçün” Putin Rusiyasının qarşısı alınmalıdır və Qərbə Ukraynanın qələbə qazanması üçün onu bütün zəruri olanlarla təchiz etməyə çağırış edib.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bunları söyləyib:

 

“Sorosu xoşlamasam da, bu məsələdə o, haqlıdır.  Onun dediyi həqiqətdir.  Müstəqillik qazandıqdan sonra Ukraynanın layihəsinin müəllifi Soros idi. Onun məqsədi Rusiyanı parçalamaqdan ötrü Ukraynadan yararlanmaq olub. Soros öz yerində… Onsuz da əksəriyyət anlayır ki, Rusiyanın iştah dişi Ukrayna savaşında sınmasa,  o, çox təhlükəli olacaq.  Yəni Ukraynadan sonra Kreml Moldovanı istəyəcək, Latviyanı istəyəcək”.

 

Siyasi şərhçi Ukraynanın məğlub olacağı halda Azərbaycanı da təhlükə gözlədiyini bildirib. 

 

“Rusiyanın hədəfində olan ölkələr arasında hətta Azərbaycan da istisna deyil. Hələ ki, Türkiyə yanımızdadır deyə, Moskva bizə ehtiyatla yanaşır… Bir sözlə, bütün hallarda baxsaq, Soros haqlıdır: Rusiya, ən azı, Ukraynanın işğalına və həmin ölkənin vətəndaşlarına qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir. Əks halda Avropa və bütövlükdə dünya böyük təhlükə qarşısında qalacaq”- deyə politoloq vurğulayıb.

 

Sultan Laçın

   

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button