11 və 16 saylı cəzaçəkmə müəssisəsində 10 məhkuma əfv sərəncamı şamil edilib-FOTOLAR

Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən mayın 27-də imzalanan Əfv Sərəncamının icrasına başlanılıb. 

 

Moderator.az-ın əməkdaşı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 və 16 saylı cəzaçəkmə müəssisələrində olub. Əməkdaşımız da azad edilən məhkumlara arayışların verilməsində iştirak edib.

 

Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəssisəsində ümumilikdə sərəncam 3 nəfər məhkuma şamil olunub. Həmin şəxslər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıblar. Əfv edilən şəxslərdən biri İran vətəndaşı Hüseyn Şəhlaçeş Müzəffər oğlu və iki nəfər isə Azərbaycan vətəndaşıdır.

 

Hüseyn Şəhlaçeş Moderator.az-a açıqlamasında əfv edildiyi üçün ölkə başçısı İlham Əliyevə öz minnətdarlığını bildirib:

 

“2019-cu ildə həbs edilmişdim. Özüm “TIR” sürücüsüyəm. Cinayət Məcəlləsinin 206.2 və 234-cü maddələri ilə 3 il 9 ay azadlıqdan məhrum edilmişdim. Azadlıqdan çıxmağıma 7 ay qalmışdı. Mən özüm təbrizliyəm. Möhtərəm Prezidentə öz minnətdarlığımı bildirirəm ki, mənim cəzamı bağışladı. Bütün azərbaycanlıların bayramını təbrik edirəm”. 

 

Ədliyyə Nazirliyinin 11 saylı cəzaçəkmə müəssisəsində isə cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib. Onlardan 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası azaldılıb. 

Qeyd edək ki, Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

1996-cı ildən etibarən 12 amnistiya elan olunması haqqında qərar qəbul olunub. 

Vasif Əlihüseyn 

Fotolar müəllifindir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button