Cümhuriyyətin ideoloqu: Məhəmməd Əmin Rəsulzadə

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ (1884 − 1955)

 

                                  Azərbaycan Milli Şurasının Sədri

 

Məhəmməd Əmin Hacı Ələkbər oğlu Rəsulzadə 1884-cü ilin yanvar ayının 31-də Bakının Novxanı kəndində ruhani ailəsində doğulub. O, ilk təhsilini Sultan Məcid Qənizadənin müdirlik etdiyi İkinci Rus-Tatar məktəbində aldıqdan sonra Bakı-Texniki məktəbinə daxil olmuşdur. Burada bir qədər oxuduqdan sonra təhsilini yarımçıq qoyub, bütün fəaliyyətini siyasətə yönəltmişdir. 

1902-1903-cü illərdə M.Ə.Rəsulzadə üzvləri müxtəlif rus liseylərində və digər orta məktəblərdə oxuyan azərbaycanlı türk tələbələrindən ibarət gizli bir dərnək yaratmışdır.

       

M.Ə.Rəsulzadənin o zaman yaratdığı Müsəlman Gənclik Təşkilatının təşviqat-təbliğat işində “Hümmət” qəzeti mühüm rol oynamışdır. 

   

Qeyd edək ki, azərbaycanlı fəhlələri geniş dairədə inqilabi mübarizəyə cəlb etmək məqsədilə 1904-cü ilin sonlarında Bakıda RSDFP-nin Bakı Komitəsi nəzdində Müsəlman sosial-demokrat “Hümmət” qrupu yaradıldı. “Hümmət”in baniləri arasında M.Ə.Rəsulzadə, N.Nərimanov, M.Əzizbəyov, M.H.Mövsümov, M.H.Hacınski və başqaları vardı. Müsavat Partiyasının yaradıcılarından olan Abbasqulu Kazımzadə, Kərbalayı Mikayılzadə də “Hümmət” təşkilatının keçmiş üzvlərindən idi. 

   

 Bu dövrdə mətbuat da geniş vüsət alır, inkişaf edir, ictimai-siyasi fikrin təşəkkülünə təkan verirdi. Mətbuata maraq həm də milli mənliyin dərk edilməsində oynadığı mühüm əhəmiyyəti ilə bağlı idi. Elə həmin illərdə M.Ə.Rəsulzadənin ilk mətbu yazısı 1903-cü ildə Tiflisdə çıxan “Şərqi Rus” qəzetində çap olundu. “Bakıdan məktub” başlığı altında nəşr edilən bu məqalədə M.Ə.Rəsulzadə elmin, təhsilin, məktəbin vacibliyinə toxunaraq yazırdı: “Qafqaz Müsəlman əhalisindən ümumi və Bakı əhlindən xüsusi təvəqqe edirəm ki, öz uşaqlarından balaca olan vaxtda elm və tərbiyə kəsb etməkdən başqa bir şey mənzur (məqsəd, niyyət) tutmasınlar. Məsələn, hər kəsin ki, qüvvəsi çatır uşağını məktəbə qoymağa, məbada-məbada palçıqçı, dükan şagirdi və qeyrəyə razı olsun”.

     

1909-1913-cü illərdə isə M.Ə.Rəsulzadə İranda, Türkiyədə olub, orada geniş fəaliyyət göstərib.

     

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən əfvi-ümumidən (bağışlamadan) sonra M.Ə.Rəsulzadə Bakıya qayıtdı.

     

Bu dövrdə artıq Bakıda Müsavat Partiyası qurulmuş və çar hökuməti əleyhinə ciddi mübarizə aparılırdı. M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra “Partiyanın rəhbərliyinə keçərək, onun proqramını yeni siyasi şəraitə uyğun şəkildə işləyib hazırladı, partiyanı türk-islam sintezini əsas tutan türkçü bir quruluş halına gətirdi”.

     

Bu illərdə M.Ə.Rəsulzadə ciddi siyasi iş aparır, o dövrdə hökumət tərəfindən fəaliyyətinə icazə verilən bəzi xeyriyyə və maarifçilik məqsədi daşıyan cəmiyyətlərə təsirini artırmağa çalışırdı. Belə cəmiyyətlər sırasında “Nicat Maarif Cəmiyyəti”, “Bakı Cəmiyyəti Xeyriyyəsi” və “Nəşri-Maarif Cəmiyyəti” vardı.

Bu dövrdə M.Ə.Rəsulzadənin “Dirilik” jurnalında çap edilmiş məqalələri ictimai əhəmiyyəti baxımından da diqqəti daha çox cəlb edirdi. Həmin məqalələrdə milli dirçəlişin yolları ətraflı şəkildə araşdırılmış, mövcud siyasi quruluşun imkanları çərçivəsində izah edilmişdir.

     

 M.Ə.Rəsulzadə milli-azadlıq ideyasını dünya mədəniyyəti baxımından əsaslandırırdı. Göstərirdi ki, dünya mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər siyasi cəhətdən azad yaşamalı, biri digərinə təzyiq etməməlidir.

M.Ə.Rəsulzadənin sonrakı ictimai-siyasi, publisist fəaliyyətində “İqbal”, “Yeni İqbal” və “Açıq söz” qəzetinin böyük əhəmiyyəti olmuşdur.

     

Bu qəzet haqqında M.Ə.Rəsulzadə yazırdı:” “Açıq söz” ilk dəfə olaraq o vaxta qədər Qafqaziya müsəlmanı və yaxud tatar deyilən xəlqin türk olduğunu sərahət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı”.

     

 1917-ci ilin 27 fevralında Rusiyada Fevral Burjua inqilabının baş verməsi Azərbaycandakı ictimai-siyasi proseslərə ciddi təsir göstərdi.

Fevral inqilabından sonrakı ilk günlərdə Azərbaycanda fəaliyyət göstərən təşkilatların mərkəzləşməsinə ehtiyac duyulurdu və bu məqsədlə 1917-ci ilin martın 29-da Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi yaradıldı. Müvəqqəti Komitənin sədri M.H.Hacınski, onun müavini isə M.Ə.Rəsulzadə seçildi. Müvəqqəti Komitə “bütün şəxsi incikliyi unudub milli-siyasi şüarlar ətrafında” birləşməyi və Ümummüsəlman Qurultayı çağırılmasını vacib saydı. Qurultayın açılışı ərəfəsində “Açıq söz” qəzeti yazırdı ki, bu qurultay Qafqaz müsəlmanlarının siyasi və milli mədəni inkişafında mühüm rol oynayacaq.

       

1917-ci ilin aprelin 15-dən 20-dək Qafqaz Müsəlmanlarının Qurultayı keçirildi. Qurultayda mövcud şərait təhlil olundu. Ölkənin siyasi vəziyyətinə həsr edilmiş əsas məruzəni M.Ə.Rəsulzadə etdi. Məruzənin əsasında federativ demokratik respublika ideyası dayanırdı. Məruzəçi Rusiyadakı milli qruplara azad özünütəyinetmə hüquqlarının verilməsini tələb edirdi. M.Ə.Rəsulzadə bildirirdi ki, bu qayda ilə Rusiyanın ayrı-ayrı xalqları sonradan milli-ərazi muxtariyyəti prinsipləri əsasında İttifaq dövləti yarada bilərlər.

       

Rusiyadakı müsəlmanların 1917-ci ilin mayın 1-dən 11-dək Moskvada keçirilən Birinci Ümumrusiya Müsəlmanları Qurultayı milli mədəni inkişafın formalaşmasında mühüm rol oynadı. Qurultayda M.Ə.Rəsulzadənin “Ərazi Muxtariyyəti” ideyası ilə çıxışı böyük maraqla qarşılandı. 

     

1917-ci ilin iyun ayının 17-də M.Ə.Rəsulzadənin lideri olduğu Müsavatla N.Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi Mərkəziyyət Partiyasının Birləşmə qurultayı keçirildi.

       

1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası keçirildi və onun fəaliyyəti da¬yandırıldı. Seymin fəaliyyəti dayandırıldıqdan sonra 1918-ci ilin mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. Sonra Milli Şuranın Sədri seçkisinə başlanıldı. Müsavat Partiyası M.Ə.Rəsulzadənin sədrliyini irəli sürdü. İttihad Partiyası istisna olmaqla, qalan təşkilatların səsverməsi nəticəsində M.Ə.Rəsulzadə Milli Şuranın Sədri seçildi. 

Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) aşağıdakı məsələlər müzakirə edildi: 1. H.Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı; 2. M.Ə.Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması; 3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti.

       

Azərbaycan istiqlalının elan olunması günündə M.Ə.Rəsulzadə Tiflisdə deyildi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıqlar aparması idi. Çünki Müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M.Ə.Rəsulzadə məhz bu heyətdə idi) Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında Nəsib bəy Yusifbəyli Osmanlı dövlətindən yardım istəmək zərurətini bildirmişdir.

       

Azərbaycan istiqlalı elan olunandan sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. 

     

1918-ci ilin iyunun 4-də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı dostluq müqavilə”sini Türkiyə dövləti adından Ədliyyə naziri Xəlil Menteşə,Qafqaz cəbhəsinin Baş komandanı Vəhib Paşa, Azərbaycan hökuməti adından isə Xarici İşlər naziri M.H.Hacınski və Milli Şuranın Sədri M.Ə.Rəsulzadə imzaladı. 

       

Sənədin 4-cü maddəsində isə yazılmışdır: “Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür”. 

       

1918-ci il sentyabrın 15-də isə türk qoşunlarının və Azərbaycanın yeni yaranmaqda olan hərbi hissələrinin kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi.

     

M.Ə.Rəsulzadə həmin günlərdə İstanbulda idi. O, yazırdı: “O dövrün Hərbiyyə naziri və Baş komandan vəkili bulunan Ənvər Paşa həzrətləri telefon edirdilər:

– Əmin bəy, Bakı alındı! Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”.

Şübhəsiz ki, müstəqil Azərbaycan dövləti quruculuğu prosesində ilk uğurlu addımlardan biri Azərbaycan Parlamentinin yaradılması oldu.

       Azərbaycan Parlamentinin yaradılması ilə bağlı Azərbaycan Milli Şurasının Sədri M.Ə.Rəsulzadə ciddi fəaliyyət göstərirdi. Onun imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnaməsi hazırlanmışdır. Müraciətnamədə deyilirdi: “Vətəndaşlar! Müharibə və zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurayi-Millisi iltizam-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurayi-millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək”.

       Parlamentin ilk iclasını M.Ə.Rəsulzadə giriş nitqi ilə açdı: “Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk Parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar)… Əfəndilər, Rusiyada zühur edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi. Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi…”.

       M.Ə.Rəsulzadənin Azərbaycan Parlamentindəki bu çıxışı dəfələrlə alqışlarla qarşılandı.

      Azərbaycan Parlamentində ən güclü fraksiya Müsavatla bitərəf demokratların birləşməsi idi. Bu fraksiyanın ümumi sayı 38 nəfər idi.

       M.Ə.Rəsulzadə 1918-1920-ci illərdəki fəaliyyətində Azərbaycanın müstəqilliyi uğrunda qətiyyətlə mübarizə aparırdı.

      Qeyd edək ki, Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq nüfuzunun artdığı bir zamanda 1920-ci ilin 27 aprel işğalı baş verdi.

        Aprelin 27-də azərbaycanlı bolşeviklər gündüz saat 12-də Azərbaycan K(b)P MK, RK(b)P Ölkə Komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından parlamentə 12 saatlıq ultimatum verdilər. Ultimatumu müzakirə etmək üçün yaradılan parlament komissiyası ilə kommunistlər arasında gedən danışıqlardan sonra qərara alındı ki, bu məsələ parlamentin fövqəladə iclasında müzakirə edilsin.

Azərbaycan Parlamentinin 1920-ci ilin 27 aprelində sonuncu-145-ci iclası keçirildi. M.Ə.Rəsulzadənin təklifi ilə iclasın açıq formada olması qərara alındı.M.Hacınskinin geniş məlumatından sonra S.Ağamalıoğlu, A.Səfikürdski, H.Sanıyev, A.Aşurov, M.Mahmudov çıxış etdilər.

       M.Ə.Rəsulzadə isə çıxışında onun başçılıq etdiyi Müsavat fraksiyasının bolşeviklərə təslimin əleyhinə olduğunu bildirdi.

       1920-ci ilin aprelin 27-də baş verən hadisələrdən sonra M.Ə.Rəsulzadə yaxın əqidə dostları ilə birgə gizli fəaliyyətə başladı.

        Parlamentdə hökumət təhvil verildikdən sonra M.B.Məmmədzadə ilə Ə.V.Yurdsevər M.Ə.Rəsulzadənin qaldığı mənzilə gedib, partiya liderindən məsləhətlər aldılar. M.Ə.Rəsulzadə ilə görüşdən sonra onlar Cəfər Cabbarlının (böyük yazıçı və dramaturq – N. Y.) şəhər kənarındakı evinə getdilər. M.Ə.Rəsulzadənin göstərişlərinə uyğun olaraq Cəfər Cabbarlı, Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Yurdsevər, Məmməd Sadiq Quluzadə və Məmməd Həsən Baharlıdan ibarət Müsavatın Gizli Ümumi Mərkəzi yaradıldı.         Ə.V.Yurdsevər bununla bağlı yazırdı: “Partiya mərkəzi qurulduqdan sonra vəzifə bölgüsünə başlanılmış və komissiyaların təşkilinə keçilmişdi. Emin bəyin də razılığı ilə gizli təşkilatın başına M.B.Məmmədzadə gətirilmişdir. Müavini sifətilə Bakı Komitəsinin təşkili mənə tapşırılmışdı. Ümumi mərkəzin baş katibliyinə isə Cəfər Cabbarlı seçilmişdi”.

        Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək M.Ə.Rəsulzadə şəhəri tərk etməyi qərara aldı. Münasib yer olaraq Lahıcda qalmağa üstünlük verdi. Lahıca müsavatçı dostu Abbasqulu Kazımzadə ilə getdi. Əslən Lahıcdan olan digər dostu Ağabala Qasımov ona bu işdə böyük köməklik göstərdi.

      Lahıcda olduğu müddətdə M.Ə.Rəsulzadə istiqlal tariximizin öyr-ənilməsinə əvəzsiz bir töhvə bəxş edir: “Əsrimizin Səyavuşu”nu yazır.

        Lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Təhlükədən sovuşmaq üçün müxtəlif evlərdə, əsasən də ,Məşədi Salman deyilən birisinin evində qalırdı. M.Ə.Rəsulzadə tezliklə Lahıcdan çıxmaq məcburiyyətində qaldı. 

      M.Ə.Rəsulzadə 1920-ci ilin avqustunda Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. 

     M.Ə.Rəsulzadə ilə bağlı istintaq işinin 1920-ci ilin oktyabrın 15-də başlandığı qeyd olunur.

      M.Ə.Rəsulzadənin yaxın silahdaşı və əmisi oğlu Məmməd Əli Rəsulzadəyə isə artıq güllələnmə hökmü kəsilmişdi.

       M.Ə.Rəsulzadənin isə güllələnməsi və yaxud ömürlük həbsdə saxlanması ilə bağlı söhbətlər eşidilirdi. Bu haqda ona məlumatı həbsxanada görüşdüyü keçmiş mübarizə dostu Stalin vermiş, ona buradan uzaqlaşıb, birlikdə Moskvaya getməyi məsləhət bilmişdi.

       M.Ə.Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət etmişdi: “R.S.F.S.P. Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasının üzvü. 7/XI-1920. XI Ordunun Xüsusi şöbəsinin rəisinə. Xüsusi şöbədə həbsdə saxlanılan Məmməd Əmin Rəsulzadə, Məmməd Əli Rəsulzadə və Abbasqulu Kazımzadəni azad olunmuş hesab edib, qatara mənim sərəncamıma göndərin. 7/XI-1920-ci il. Respublika Hərbi İnqilab Şurasının üzvü, Xalq Komissarı Stalin”.

      Həbsdən azad edildikdən sonra M.Ə.Rəsulzadə ailəsi ilə qısamüddətli görüşdən sonra Stalinlə birgə Moskvaya yola düşdü.

 

     Moskvada o, bir müddət RSFSR Millətlər Komissarlığında çalışdı, sonra oradan Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan Türkiyəyə getdi və mühacirətdə Azərbaycanın azadlığı uğrunda mübarizəsini davam etdirdi.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button