“Kaş atam sağ olaydı, mənim nailiyyətlərimi, müvəffəqiyyətlərimi görəydi…”

“Onsuz çox darıxıram, gözüm hər yerdə atamı axtarır”

“Bu gün atamın doğum günüdür, yaşasaydı 95 yaşı tamam olurdu. Onun doğum günü müstəqillik günü ilə bir arada qeyd olunur. Sözsüz ki, bu bizim üçün böyük fəxrdir. Hər il olduğu kimi bu il də ailəmizlə hazırlaşıb, gül-çiçəklə Fəxri Xiyabana, onun məzarını ziyarət etməyə getdik. Doğum günlərini heç vaxt dəbdəbə ilə qeyd etməzdi. Biz, ailəsi toplanırdıq, onun üçün ad günü keçirirdik. Atam üçün ailəsi önəmli idi. Ailəsi ilə toplaşanda həqiqətən də çox sevinirdi”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, şöhrətli sənətkar, kaman ustası Habil Əliyevin qızı Vəfa Əliyeva deyib. O daha sonra əlavə edib.

“Sonuncu dəfə 2015-ci il, may ayının 28-də biz onun yanına toplaşdıq, 88 yaşını qeyd etdik. Sentyab ayının 8-də isə atam Allahın rəhmətinə qovuşdu. Hətta bilirdi ki, ona nəsə bir hədiyyə almağa imkanımız çatır, amma bizə heç vaxt qıymırdı. Amma yenə də ona hədiyyə təqdim edəndə hiss edirdik ki, xoşlayır. Böyük hədiyyələri sevməzdi, parfumu və bu qəbildən olan hədiyyələri çox sevirdi. Kiçik hədiyyə, təbrik onu sevindirirdi, xoşbəxt edirdi. Kaş yaşasaydı, kaş yanımızda olsaydı, müvəfəqiyyətlərimizi görsəydi. Siz bilirsiniz ki, biz 3 bacıyıq, üçümüz də həkimlik peşəsinə yiyələnmişik. Çünki atam həkimlik peşəsini çox sevirdi, övladlarının da həkim olmasını istəyirdi. Mən şəxsən özüm üçün düşünürəm ki, kaş atam sağ olaydı, bu gün mənim səhiyyə sahəsində əldə etdiyim nailiyyətlərimi, müvəffəqiyyətlərimi görəydi. Bu yaxınlarda bizim Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən baş həkim çalışdığım 22 saylı uşaq poliklinikası, şəxsən mən fəxri fərman aldım. Kaş ki, atam bunları görsəydi. Çox darıxırıq, yeri hər dəqiqə, hər an görünür. Sanki 7 il bundan öncə deyil, bu gün rəhmətə gedib. Bizim üçün bu itki yenidir, köhnə deyil. Bu insan, atamı bir an, bir dəqiqə gözümün önündən getmir, getməyəcək də. Atam buna layiqli bir atadır. O həm dövlətini, vətənini sevirdi, həm də ailəsini. Ona görə də yaddaşlarda dövlətinə, prezidentinə olan sədaqəti ilə qalıb. Allah ona rəhmət etsin, məkanı cənnət olsun, ruhu şad olsun. İnanıram ki, onun bu gün ruhu şaddır, çünki həm dövləti, həm insanlar, həm də ailəsi tərəfindən o yada salınır. Onsuz çox darıxıram, gözüm hər yerdə atamı axtarır”, – deyə xalq artistinin qızı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button