“O vaxt dəhlizdə Aydın Qaradağlını görəndə divara yapışırdıq, indikilər adamın üstünə gəlir”

“CBC kanalında dərs deyirəm, işləyirəm. Bu kanalda rusdilli uşaqları hazırlaşdırıram. Çox sevinirəm ki, dərs dediyim xəbərlərin aparıcıları artıq vurğuları düzgün və yerində vururlar, sözləri tələffüz edəndə çətinlik çəkmirlər. Şükür Allaha ki, elit danışıq tərzi eşidilir. Bəzən efirlərdə elə aparıcılar görürəm ki, nitqlərində qüsurlar var. Pisləməyə nə var ki? Bizdə bir verilişin üzərində balaca komanda çalışır, böyük ştat saxlamaq çətindir. Fikrimiz Rusiyaya getməsin, mən orada çox seminarlarda olmuşam. Orada bir verilişin üzərində böyük komanda işləyir. Bizim nəslin çalışdığı odur ki, efirdə təmiz, qəşəng bir ədəbi danışıq dili olsun. Eyni zamanda bizim elə savadlı aparıcılarımız var ki, dillərində bir balaca qüsuru onlara keçmək olar”.

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova deyib. O daha sonra əlavə edib.

“Mənim kurs rəhbərim Rza Təhmasib, nitq mədəniyyəti müəllimim isə Müxlis Cənizadə olub. Bizimkilərin hamısının məzarı Pirşağıdadır. Mən hər dəfə ora gedəndə mütləq Müxlis müəllimin məzarının üstünə gül qoyuram. Çünki Müxlis müəllim olmasaydı, mən bu sənətdə olmazdım. Bəlkə də başqa sənətin sahibi olardım. İncəsənət sahəsinə getməsəydim çox istərdim ki, həkim olum. Çox təəssüflər olsun ki, fizika və kimya fənlərindən axsıyırdım deyə mən ora daxil ola bilməzdim. Texniki fənləri sevmirdim. 2-ci kursdan həyatımı televiziyaya bağladım və oranı sevdim. Televiziyada uğur qazanmağımda, püxtələşməyimdə Aydın Qaradağlının böyük rolu olub. O vaxt dəhlizdə Aydın Qaradağlını görəndə çəkilib, divara yapışırdıq, indi bizim gənclərimizdə elə şeylər yoxdur, adamın üstünə gəlirlər. Eybi yoxdur, indi zəmanə bunu tələb edir” deyə xalq artisti bildirib.

 

Şərqiyyə Hüseynova sənət dostlarından da danışıb.

 

“Biz rəfiqələrim, Ofeliya Sənani, Solmaz Həmzəyeva, Roza Tağıyeva ilə ayda bir dəfə yığışıb, sonra çörək yeyib ayrılırıq. Bu artıq ən-ənə halını alıb. Hər gün də zəngləşirik. Hər zaman bizim aramızda belə münasibət olub. Bəzən düşünürük ki, biz yaddan çıxmışıq, çünki efirə çıxmırıq axı, necə yadda qala bilərik? Amma biz şəhərdə gəzəndə yaşlı nəsil bir yana, gənc nəsil bizi tanıyır, sevgilərini bildirirlər. Soruşurlar ki, siz niyə efirdə deyilsiniz? Demək ki, biz hələ də tamaşaçılara lazımıq” deyə tanınmış diktor bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button