“Rasim bu tarixi şansdan istifadə edib ittifaqımızı bir araya gətirə bilərdi, amma…”

“Əslində aktyorların böyük mənada kinoya aidiyyatları yoxdur. Kinonun sahibi aktyorlar deyil, onlar dəvətlə çəkilib gedirlər. Dünyanın hər yerində kinonun sahibi rejissorlardır, kino xadimləridir. Artistlər kino xadimi sayılmırlar”

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsinə öz münasibətini bildirib:

 

 “Bu Rüstəm İbrahimbəyovun yaratdığı “levı” ittifaqdır. Rasim Balayevlə əlli ildir dostuq, qardaşıq, ailəvi yaxın olmuşuq. Rasim üçün bu yaşda tarixi bir şans yaranmışdı ki, Rüstəm İbrahimbəyovun xəyanəti nəticəsində dağılan ittifaqımızı bu yaşında bir araya gətirə bilərdi. Bununla həm böyük hörmət sahibi olardı və özünə də yaxşı bir ad qazanardı. Təəssüf edirəm ki, Rasimi başdan çıxardılar o buna getmədi və parçalanmaya da rəsmi rəvac verdi. Biz düşünürdük ki, Rüstəm İbrahimbəyovdan sonra ora başlı-başına buraxılıb çıxıb gedəcək və istəyənlər də dövlətin rəsmi ittifaqına gəlib orda fəaliyyətlərini davam etdirəcəklər. 

 

Azərbaycanda nə boyda kino var ki, iki ittifaq olsun. Ən böyük faciə odur ki, bu ictimai təşkilatdır. Amma kino birdir, Rüstəmin xəyanəti nəticəsində parçalanan kinonu və bu parçalanmanın bilavasitə üzvlərindən biri olan Rasim qardaşım tarixi bir gediş edib birləşdirə bilərdi. Bununla da özünə çox böyük hörmət və ad qazana bilərdi. Bundan ötrü qurultay çağırıb bəyan edərdi ki, biz birləşib özümüzə sədr seçəcəyik. Bununla söz-söhbət də, qarşıdurma da qurtarardı. Onsuz da bu qarşıdurmadan, olmayan kinonun içində oyun oynayan adamlar var. Bunların da işinə bir son qoyulardı. 

 

Niyə Rasim buna getmədi, hansı maraqlar oldu, kimlər onu başdan çıxardı, aldatdı, başım çıxmır. Tarixi Kinomatoqrafçılar İttifaqı Rüstəm İbrahimbəyov başda olmaqla, onların günahı ucbatından bağlandı. Hökumət evində otaqlarımız əlimizdən çıxdı. 

 

Rüstəm müxalifətə qoşulub prezident olmaq istədi, alınmadı. Sonra gedib Moskvada bir xəyanət kino çəkdi və ordan da qovdular. Qayıdıb Bakıya gəldi və bəlli olan adamların əliylə Rüstəm kinomuza növbəti bir xəyanət toxumu səpdi. Çox təəssüf ki, buna da şərait yaratdılar.   Kino parçalamaq, dağıtmaq olmaz, o əbədi və əzəli millətin simasıdır, tarixidir, ölməyən, yaşayan mədəniyyətidir. Kinoya bu dərəcədə xəyanət etmək olmaz. Biz kinonu bərpa etmək haqqında düşünməliyik. Yoxsa hansısa bicdən əmələ gəlmə ittifaqlar düzəldirik, üç nəfər ora, beş nəfər bura gedir. Onsuz da 10, 15 nəfər düşmən olurlar ki, nə var ki, kimsə orda sədr olacaq. 

 

Azərbaycan Kinematoqrafçılar İttifaqına Rüstəm İbrahimbəyov başda olmaqla, Rasim müəllim də birinci müavin olmaqla və digərlərinin əliylə xəyanət oldu, ittifaq dövlət səviyyəsində buraxıldı, otaqlar əllərindən alındı, törətdikləri çoxlu sayda qeyri-qanuni şeylər haqda cinayət işi qaldırıldı. Cinayətkarların da adları bəllidir. Amma sonra bəlli olan cinayət işləri də donduruldu, istintaq getmədi və bütün bunların nəticəsində bunlar cəzalanmaq əvəzinə, bir ittifaq yaratdılar, kinoçuları üzbəüz qoyub, bir-birinə düşmən etdilər. Çox təəssüflər olsun ki, bu birbaşa dostum, qardaşım, canım, ciyərim Rasim Balayevin iştirakıyla oldu. 

 

Əsl ittifaqda Şəfiqə xanım sədrdir, rəsmi dövlət səviyyəsindədir. Dövlətin yüksək səviyyəli məmurları Kino Evində iştirak etdilər, qurultay keçirdilər və ora rəsmi seçimlər oldu. Bu gün də Azərbaycan dövlətinin büdcəsindən maliyyələşən ittifaqdır. 

 

Ay Rasim, sənə bu yaşda nə oldu? Niyə bu tarixi günahlarınızı yumadınız? Niyə bu ittifaqı bir araya gətirib özünə böyük bir tarixi ad qazanmadın? Əksinə, bir dəfə iştirak elədiyin dağıntıda yenidən növbəti dəfə iştirak etdin. Özü də ki, niyə söz deyəndə kefinizə dəyir? Axı sizin əlinizə tarixi şans düşmüşdü, tarixi haqsızlığı bərpa edə bilərdiniz. Yenə şəxsi münasibətlərdən sui-istifadə elədiniz. Axı siz kinoçu deyilsiniz. Siz kinoya dəvətlə gəlib çəkilib çıxıb gedirsiniz. Çox təəssüf edirəm ki, burda Rasim Balayevin adı hallanır. Acı təəssüratdan başqa heç bir təbrikdən, xeyr-duadan söhbət gedə bilməz. O təxribat məqsədli bir şeydir, Azərbaycan kinosunu parçalamaq, məhv etmək üçün, düşmənçiliyi, qarşıdurmanı artırmaq üçün kimlərinsə şəxsi maraqları üçün təşkil olunan böyük bir cinayətdir. 

 

Xahiş edirəm Rüstəm İbrahimbəyovun dövründə baş verən oğurluqlara görə açılan cinayət işi təzədən bərpa olunsun, o adamlar ifşa olunsun və dünya da bilsin ki, bu ittifaq niyə dağıldı”.

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button