“Arzusu doğma vətəni Cəbrayılda məscid tikdirmək və hərbi hissə komandiri olmaq idi…”

“Ramid hər zaman ailəsinə, xüsusilə də övladlarına qarşı çox mehriban, qayğıkeş olub. Təbii ki, hərbçi olduğu üçün övladları ilə çox vaxt keçirə bilmirdi, onları məzuniyyətdən-məzuniyyətə gəzməyə aparırdı. Hər dəfə özü gələ bilməsə də məni yollayırdı ki, sən uşaqlarla get dincəl, onlar gəzdir. Hər kəsə qarşı mehriban, ürəyi açıq insan olub. Övladları əlbəttə ki, atasızlığın nə olduğunu hiss edirlər. Gəzməyə gedirik, metroya minirik, ata ilə uşağı əl-ələ tutan görəndə mən onların baxışlarını görürəm ki, necə baxırlar onlara, pis olurlar. Hər mövzunun sonunda “ata” kəlməsi işlənir. Hər gün eyni söhbətdir. Qızlarım şəhidliyin nə olduğunu çox da dərindən başa düşmürlər, amma oğlum yaxşı başa düşür. Çalışıram ki, onlara kədərimi, ağrı-acılarımı hiss etdirməyim. Uşaqlara təskinlik verməyə çalışıram, deyirəm ki, inşallah biz cənnətdə ata ilə görüşəcəyik. Qızlarım deyir ki, atamız mələk olub, göylərdədir, hər zaman da bizim yanımızdadır”.

Bunu Moderator.az-a açıqlamasında şəhid mayor Ramid Hacıyevin xanımı Sevinc Hacıyeva deyib. O daha sonra əlavə edib.

“Ramid hərbçi olduğu üçün biz də onunla birlikdə Tərtərdə yaşayırdıq. Sentyabr ayının 26-da bizi Bakıya göndərdi, dedi ki, ola bilsin müharibə başlasın. Həmin vaxt Bakıya yol gələndə öz şəkillərindən hazırlanmış bir videonu mənə yolladı. Amma mən bilmədim ki, bu videonu qəfildən mənə niyə yollayıb? Sonradan dayısı oğlu dedi ki, ona deyib ki, şəhid olsam bu videonu paylaşarsınız. Mənə deyirdi ki, başıma bir iş gəlsə bilirəm ki, övladlarımı necə lazımdırsa böyüdəcəksən, sənə arxayınam. Hərbçi olduğu üçün evdə olan bütün problemləri mən həll edirdim, evdən xəbəri olmurdu. Həftədə bir dəfə evə gəlirdi, gələndə də gecə saatlarında gəldiyinə görə heç bir işə çata bilmirdi. Ona görə də hər şeyi mənə əmanət edib, getdi. Arzusu doğma vətəni Cəbrayılda məscid tikdirmək və hərbi hissə komandiri olmaq idi” deyə şəhidin xanımı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button