“Körpə balalarımızın çəkdiyi əziyyətlərin səbəbkarı  dünyanın böyük dövlət başçılarıdır…”

“Yer üzündə istəməli, sevməli varlıqlar çoxdur. Onların hamısının başında uşaqlar durur. Mən uzun müddət fikirləşmişəm və hardasa 5-10 il qabaq ağlıma gəldi ki, hamı uşaqları niyə çox istəyir. Məsələn, bir yaxşı uşaq yanından gedəndə ən azından yanağına toxunursan, öpürsən, adını soruşursan. Uşaq ona görə ilahi varlıqdır ki, o hələ dünyanın təzə qonağıdır. Hələ çirklənməyib, pislikləri bilmir, safdı, ağ kağız kimidir. Ona görə də uşaqlar bütün bəşəriyyətin sevimlisidir”

 

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı əslində uşaqların hüquqlarını qoruya bilmədiyimizi deyib:

 

“Bu gün də Uşaqların Beynəlxalq Müdafisəi Günüdür. Uşaqlar köməksizdirlər, böyüklər kimi deyillər. Bəs görək biz bu uşaqlarımızı müdafiə edə və onlara layiq olduqları şəraiti yarada bilirikmi? Xeyr, edə bilmirik və bəşəriyyətin Allah qarşısında ən böyük günahı da elə budur. Bu saat Rusiya-Ukrayna müharibəsində nə qədər uşaqlar qətlə yetirildi.  Yaxud da bizim Vətən müharibəsində erməni alçaqlarının Gəncəyə, Bərdəyə, Tərtərə atdığı raket zərbəsi zamanı uşaqlar da qətlə yetirildi. Elə Xocalı faciəsində də uşaqlarımz qətlə yetirildi. İkinci Dünya Müharibəsində Belarusiyanın ərazisində Xatın deyilən şəhəri yer üzündən sildilər. Yəni uşaqları gülməyən məmləkətin sabahı bədbəxtdir, fəlakətdir, qaranlıqdır. Uşaqları sevmək, qorumaq lazımdır. Onlar pak, təmizdir. 

 

Məsələn, mənim aləmimdə Allahın sözü varsa, bu ancaq uşaqlar ola bilər. Allah cümlə qurmaq istəyərsə, bu ancaq uşaqlardan ibarət olar. Mən yaşda adamlardan cümlə, söz qurmaq çətin məsələdir. Bu mənada uşaqların Beynəlxalq Müdafiə Gününü təsis ediblər. Amma mən bilən bu günlə olmalı deyil. Elə hər gün, hər saat uşaqların Beynəlxalq Müdafiəsi Günü olmalıdır. Bu Allaha da xoş gedər, onun köməksiz bəndələrini incitmək olmaz. 

 

Həm də uşaqların dünyaya gəlməyi ilə Allah yaşlı adamlara şans verir ki, onun sevimli bəndəsinə çevrilmək üçün. Əgər o uşaqları sevindirə bilirsinizsə, xoşbəxt edə bilirsinizsə, sən artıq Allahın sevimli bəndəsinə çevrilmiş olursan. Uşaqları yuxarıda Allah böyüdürsə, yerdə də insanlar böyüdür axı. Ona görə də bu ən böyük gündür. Bütün günlərin başında uşaqlar günü dayanır.  

 

“Yəhudi əlifbası” romanımda belə bir yer var. Dünya orda o qədər xarab tərəfdən yazılıb ki, axırda yeganə xilas yolu budur ki, dünyanı idarə etmək uşaqların ixtiyarına verilsin. Yəni bütün dövlətləri uşaqlar idarə eləsin. Düzdü, bu qeyri-ciddi görünə bilər, amma başqa çıxış yolu yoxdur. Bu saat bəşəriyyətin içində körpə balalarımızın çəkdiyi əziyyətlərin səbəbkarı yüz faiz dünyanın böyük dövlətlərinin başçılarıdır. Ona görə də bu çox formaldır. İndi dövlətlər udulur, İraq kimi dövlət uduldu və orda uşaqlar da getdi axı. Dünyanın heç bir dövlət başçısına, xüsusilə böyük dövlət başçılarına uşaqları əmanət və etibar edə bilmərəm. Ancaq Allaha etibar edərəm, o uşaqları qorusun”.  

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button