“Ata-anamı, cavan qardaşımı itirdim, Zəngilanı görmədilər…”

“Bu günümü də ötən günlər kimi keçirirəm. Doğum günüm olsa da çəkiliş olmadı. Verilişə dəvətlər oldu, amma özüm istəmədim. Biz hər zaman böyüklərdən nümunə götürmüşük ki, insan özünü necə aparmalıdır. Amma mənim üçün yaş anlayışı yoxdur, ürəyim o qədər gəncdir, cavandır ona görə də illər üstünə gəldikcə, yaşımı hiss etmirəm”

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Almaz Orucova deyib. Xanəndə öz xoş təəssüratlarını bizimlə bölüşüb:

 

“Arzum odur ki, ətrafımdakı insanlar, dünyamız sağlam olsun. İstədiyim ancaq sağlıqdır. Çünki elə sınaqlardan keçdik ki, bu gün kimdən soruşsan, ancaq sağlıq arzu edəcək. Bir övladım var, nişanlıdır, ən böyük arzum elə onun toyunu görməkdir, xoşbəxt olmağıdır”.

 

Xanəndə Muğam Müsabiqəsindən də danışıb:

 

“Mən Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistiyəm. Tələbə hazırlamıram. Amma Muğam Müsabiqəmizə vaxtım olanda baxıram. Bütün iştirakçılara uğurlar arzulayıram. İndi Muğam Müsabiqələri o qədər tez-tez keçirilir ki. Sənətkarın yetişməsi üçün illər lazımdır. Amma təbii ki, istadadlı uşaqlarımız var. Bu bütövləşən torpaqda ancaq belə olmalıdır”. 

 

Almaz Orucova doğulduğu Zəngilan rayonunda aparılan quruculuq işlərinə də münasibət bildirib və sevindiyini deyib:

 

 

“Ən böyük xoşbəxtliyimiz odur ki, “Ağıllı kənd” layihəsi ilk dəfə Zəngilandan başladı. O torpaqlarımızda çox sürətlə abadlıq-quruculuq işləri gedir. Artıq o yerlərimizi tanımaq olmur. Buna görə ölkə başçımıza təşəkkür edirəm, var olsun. Qoy torpaq həsrətiylə yaşayan insanlarımız öz yerlərinə qayıtsınlar, xoşbəxt yaşasınlar. Torpaq həsrəti bilirsiniz ki, nə qədər çətindir. Biz otuz il bu dərdi çəkdik. O yerlərdən didərgin düşənlər bunun əziyyətini bizdən çox çəkdilər. Çox təəssüf ki, ata-anamız o torpağın həsrətiylə dünyasını dəyişdi, Zəngilanın alınmasını görmədi. Cavan qardaşım da dünyasını dəyişdi”.  

 

Xanəndə yaradıcılıq işlərindən də söz açıb:

 

“Tez-tez konsertlərimiz olub. Mart ayında bir konsert verdik, qarşıda yenə bir konsertimiz olacaq. Elza İbrahimovanın yaradıclıq gecəsi keçiriləcək. Yeni mahnılar, konsertlər istəyirik. Allah səsimizə güc, qüvvət versin və biz də yaradaq”. 

 

Vasif Əlihüseyn

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button