“Bütün şəhid anaları necə yaşayır, mən də elə, biz artıq o gözəl günləri unutmuşuq…”

“Bu gün 67 yaşım tamam olur. Amma inanın ki, heç ad günü yada düşmür. Seymur hər şeyi özüylə apardı. Altı ildir ki, Seymursuz yaşayırıq. Sonuncu dəfə 2016-cı il martın 27-də onunla görüşdük. Dedi ki, təlimə gedirəm, amma sən demə, döyüşə gedirmiş”

 

Bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan gizir Seymur Baxışovun anası Zenfira Baxışova. Şəhid anası Seymuru tez-tez yuxularında gördüyünü də bildirib:

“Bütün şəhid anaları necə yaşayır, mən də elə yaşayıram. Biz artıq o gözəl günləri unutmuşuq. Adam sadəcə yaşamağa məcburdur. Nəvələr var, uşaqlar var və buna görə yaşayırıq.  Oğlu Amilin də artıq 10 yaşı var. Seymur aprel döyüşlərinin sonuncu şəhidi sayılır. Çünki o aprelin 3-də şəhid olsa da nəşini aprelin 19-da tapdılar. Aprelin 20-də isə Sumqayıtda Şəhidlər Xiyabanında dəfn etdik.

 

Seymur nəinki mənim, bütün qohumların yuxularına girir. Deyir ki, özünüzdən muğayat olun. Elə olur ki, eyni yuxunu qızım da, Seymurun dostu, Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Ramiz Cəfərovun da qızı görür. İndi biz o ailəylə gedib-gəlirik. Hansı ki, Ramiz şəhid olmamışdan öncə yuxuda görmüşdü ki, Seymur ona deyib ki, “Ramiz, bura yaxşıdır, gələrsən…”. Belə qəribə hadisələr olur. Qismətdir, nədir, bilmirəm.  

 

İndi Ramizin qız nəvəsi olub, uşaq babasına oxşayır. Başımızı belə qatmağa çalışırıq. Seymurdan sonra ürəyimdə problem yaranıb. Çox ağır dərddir”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button