“Qızım üçün çox darıxıram, şəkillərinə baxıb kövrəlirəm, depressiyadayam…”

“Qızım üçün çox darıxıram. Neçə gündür ki, özümü birtəhər hiss edirəm. Elə bilirəm ki, həyatımda nəsə çatışmır. Evə gəlirəm, evdə boşluqdur, sakitçilikdir. Qız övladı ata üçün bir başqadır. Ataya qalan qız olur. Zəng edir, danışıram, rayonda idilər, dünən gəliblər artıq öz evlərinə. Çox kövrək olmuşam, şəkillərinə baxıram, elə bil ki, depressiyadayam. Allah bütün qız atalarına övlad toyu nəsib etsin, qız atası olmaq məsuliyyətdir”.

Bunu Moderator.az-a açıqlamasında qızını yeni gəlin köçürən tanınmış aktyor Natiq Fərzəliyev deyib. O, daha sonra rejissorların ondan yetərincə istifadə etmədiyini bildirib.

“Rejissorlar məndən yetərincə istifadə etməyib. Mənim yaradıcılığımın ən məhsuldar dövrü elə Hüseynağa Atakişiyevin Gənclər Teatrında çalışanda olub. Sonradan verilən rolları iş xatirinə oynamışam. O rolların bir çoxu heç ürəyimcə deyil. Ümumi işimdən mən narazıyam, istedadımdan tam istifadə olunmayıb. Bu gün tamam başqa bir dövrdür. Sənət haqqında danışmaq yersizdir. Çünki serial çəkənlər, orda oynayanlar, efirdə məşhur olanlar sənətdən uzaq olan adamlardır. Onlar bu gün bütün kanalları zəbt ediblər, peşəkar aktyorların hamısı qalıb kənarda. İnsanların zövqləri tamamilə korlanıb. Şit, bayağı söz oyunlarına baxırlar, içində hadisə, vəziyyət yox. Amma hər gün efirdə görünür, insanlar da onlara baxır. Təbii ki, onlara baxmayanlar, baxıb söyənlər də var. Bu günki reallıq budur. Sənət qalıb bir kənarda, efir məkanı bərbad vəziyyətdədir. Teatrımızda 1 ildən çoxdur ki, təmir gedir. Repertuarda olan böyük tamaşaların bir qismini başqa yerlərdə oynamaq olmur. Bəzi tamaşalar var ki, artıq istismata gedib. Hazırda bir neçə tamaşada varam, o tamaşalar təyin olunanda gedib oynayıb gəlirəm” deyə aktyor bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button