“Əli Kərimliyə dedim ki, artıq gecdir, bu minvalla siz hakimiyyətdən getməli olacaqsınız…”

“Surət Hüseynovun çevriliş  niyyəti ilə  istifadə etdiyi qoşunların xeyli hissəsinə 1992-ci ilin payızında Qarabağda ermənilərlə genişmiqyaslı döyüşlər məqsədi ilə mən təlim keçmişdim. Ona görə də…”

 

“1993-cü ilin iyun hadisələri ərəfəsində Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə rəisinin müavini vəzifəsində çalışırdım. Artıq iyunun əvvəllərindən məlumat almağa başladıq ki,  Surət Hüseynovun adamları Gəncədən Bakı istiqamətindəki yol boyu rayonlarda hakimiyyətləri ələ keçirərək gəlirlər.  Amma əslində qiyamçıların o dərəcədə böyük gücü yox idi və vaxtında qəti qərar verilsə idi, hökumət qüvvələri onlara müqavimət göstərə bilərdi. Məsələ ondadır ki, hakimiyyətin içindəki bir sıra adamlar, o cümlədən bəzi icra başçıları öz maraqları xatirinə, yaxud sadəcə, canlarını təhlükədən qurtarmaq üçün o vaxtkı prezident Əbülfəz Elçibəyə yalan məlumat verir, Surət Hüseynovun gücünü şişirdirdilər”.

 

Bunu Moderator.az-a açıqlamasında müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov 29 il öncə- 4 iyun Gəncə hadisələri zamanı şahidi olduğu fakt və olaylardan bəhs edərkən söyləyib. 

 

“Təxminən 1993-cü il iyunun 6-da o zaman dövlət katibi olan Əli Kərimliyə müraciət etdim ki, icazə verin, mən Bakıda özümün təlim keçdiyim bir taborla qiyamçı qoşunlarının qarşısına gedim. Bilirsiz, Surət Hüseynovun çevriliş niyyəti ilə istifadə etdiyi qoşunların xeyli hissəsinə 1992-ci ilin payızında Qarabağda ermənilərlə genişmiqyaslı döyüşlər məqsədi ilə mən təlim keçmişdim. Ona görə də o hərbçilər məni yaxşı tanıyırdılar. Məqsədim öz nüfuzumdan istifadə edib qiyama qalxmış həmin hərbçiləri yola gətirmək və Azərbaycan dövlətçiliyinə qarşı çıxmaqdan çəkindirmək idi. Eyni zamanda dövlətçiliyin qorunması naminə Daxili Qoşunlara komandanlığının da mənə verilməsini və həmin qoşunlar vasitəsilə hərc-mərclik yaranmış rayonlarda hakimiyyətin bərpa edilməsini də təklif etdim.  Lakin təəssüf ki, AXC hakimiyyəti təklifimi qəbul etmədi və nəticədə dövlətçiliyimiz üçün təhlükə gerçəkdən böyüdü. Yalnız  iyunun 14-də hakimiyyət mənim nüfuz və  təcrübəmdən istifadə etmək məcburiyyətində qaldı. Məni bir qrup hərbçi ilə real durumu öyrənmək üçün rayonlara göndərdilər.  Əvvəlcə Hacıqabul-Ələt istiqamətində hərəkət etdik. Məlum oldu ki, artıq Gəncədən bəri  Hacıqabul, Əli-Bayramlı(indiki Şirvan-S.L.)və Salyanadək əksər rayonlar qiyamçıların nəzarətinə keçib. Şahidi olduq ki, cəmi 4 nəfər əsgər Salyan rayonunun girişində post qurub, amma rayonun icra hakimiyyəti, polisi, prokurorluğu və s. Surət Hüseynov tərəfdarlarının nəzarəti altında işləyir.  Salyan icra hakimiyyətindəki söhbətlərim və müşahidələrim  mənim üçün çox şeyi aydınlaşdırdı… O cümlədən Şamaxı istiqamətinə də yollanıb orada da oxşar vəziyyətin şahidi olduq. Sonda  Bakıya dönüb dövlət katibi Əli Kərimliyə  bildirdim ki, artıq gecdir, bu minvalla siz hakimiyyətdən getməli olacaqsınız.   Soruşdu ki, nəyə görə belə nəticəyə gəldiniz? Cavab verdim, ona görə ki, yerlərdə hakimiyyətə nəzarəti itirmisiz, heç kəs mərkəzə tabe olmur”- açıqlamasının davamında bunları bildirən polkovnik 4 yyun hadisələrini 4-5 oktyabr 1994-cü il olayları ilə müqayisə də edib.  

 

“4 iyun hadisələrini 4-5 oktyabr 1994-cü il olayları ilə müqayisə etsək, görərik ki, Surət Hüseynovun ikinci çevrilişə cəhdi zamanı o vaxtkı dövlət başçısı Heydər Əliyev məhz qısa müddətdə yerlərdə və mərkəzdə formalaşdırılmış güclü hakimiyyət strukturları və qəti tədbirlər hesabına təhlükəni sovuşdurdu. Onu da qeyd  etmək gərəkdir ki, bu gün də artıq müstəqil dövlətçiliyimizin 31-ci ilində Azərbaycan dövlətinə müxtəlif xarici düşmən güclər tərəfindən təhdidlər olsa da, dövlət və hökumət strukturlarımız yetərincə təcrübəli və bacarıqlı əllərdədir. Və  o illərdə olduğu kimi, hər hansı bir qruplaşma dövlətimizə qarşı təhlükə yaratmaq iqtidarında deyil”- deyə sabiq nazir müavini vurğulayıb.

 

Sultan Laçın

  

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button