“ABŞ Putini əvəzləmək üçün kimə dəstək verə bilər?..”-Tofiq Zülfüqarov cavablandırır

“Hələ Rusiyada Yelstinin liderliyi dövründə Putinin haradan peyda olması da qapalı mövzu idi və Qərbdə sual edilirdi: “who is mister Putin?”, yəni “Putin kimdir?”…”
Ukraynaya təcavüzün artıq 100-cü günə qədəm qoyduğu bir şəraitdə bir sıra siyasi şərhçilər yaxın vaxtlarda Rusiya lideri V.Putinin “ya zəlzələdən, ya vəlvələdən” hakimiyyət sükanını buraxmağa məcbur olacağını bildirirlər. Bu mənada ABŞ prezidenti Co Baydenin “Nyu-York-Tayms” qəzetindəki son məqaləsində “Cənab Putinlə mən razı deyiləm və onun hərəkətlərini biabırçı hesab etməyimə rəğmən Birləşmiş Ştatlar və müttəfiqlərimiz onun Moskvada devrilməsinə cəhdlər göstərməyəcəyik” fikrinin, sadəcə, siyasi-diplomatik bir jest olduğunu və əslində Ağ Evin hazırkı Rusiya prezidentinin yerinə başqa bir siyasi fiquru görmək istədiyini bildirənlər də var.
Bəs görəsən, Ağ Ev hazırkı şəraitdə Rusiya elitasında, Kremldə konkret kimə “stavka” edə bilər?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bəhs edilən sualı konkret və qısa cavablandırıb.
“ABŞ-ın, Qərbin Putini əvəzləmək üçün kimə, Rusiya siyasi elitasındakı hansı fiqura dəstək verəcəyi hələ xeyli müddət görsənməyəcək, bilinməyəcək. Bu məsələdə açıqlığı gözləmək düzgün olmazdı. Məsələn, hələ Rusiyada Yeltsinin liderliyi dövründə Putinin haradan peyda olması da qapalı mövzu idi. Hətta onun hakimiyyətə gəlişindən sonra da Qərbdə sual edilirdi: “who is mister Putin?”, yəni “Putin kimdir?”. Hesab edirəm ki, bu gün də belə məsələlər ictimaiyyətdən uzaq, qapalı bir şəkildə həllini tapacaq”- deyə sabiq baş diplomat bildirib.
Sultan Laçın